21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Gəlüb Zəhra bu gün Kərbübəlayə
09.11.2018

Gəlüb Zəhra bu gün Kərbübəlayə,
Batub ərzü səma yeksər qərayə.

Bu şəb Ali‐Əba eylər çü əfğan,
Olublar qüssədən zarü hərasan,
Anası Fatimə olmuş nəvaxan,
Gözü yaşlı gəlibdür Neynəvayə.

Batubdur qanına şəhzadə Əkbər,
Nişan oldı dəmi‐peykanə Əsğər,
Batublar qarəyə yeksər hərəmlər,
Verüblər cümləsi səda‐sədayə.

Olub ətşan bu gün şəhzadə Qasim,
Olan dərdü qəmə amadə Qasim,
Susuz nakam ölüb dünyadə Qasim,
Batubdur əlləri qandan hənayə.

Tökər göz yaşını Külsumi‐naçar,
Olubdur möhnətü dərdə giriftar,
Su yanında olub ətşan Ələmdar,
Sitəm tə`sir edüb Ali‐Əbayə.

Batublar qanına Övn ilə Cə`fər,
Zəbih oldı susuz şibhi‐Peyəmbər,
Olublar qarəpuş yeksər mələklər,
Dutublar tə`ziyə növkədxudayə.

Olub qandan xizab şahi‐Mədinə,
Tökər göz yaşı rüxsarə Səkinə,
Gərək biz ağlayaq ol Şahi‐dinə,
Gərəkdür şiələr batsun qərayə.

Açub başun bu gün Peyğəmbər ağlar,
Hüseynün başı üstə sinə dağlar,
Düşübdür topraq üstə Şahi‐əbrar,
Fələk eylər nəva bu macərayə.

Hüseynün hülqünə xəncər qoyublar,
Libasın cismdən yeksər soyublar,
Bacısı Zeynəbi ağlar qoyublar,
Vırublar başını növki‐cidayə.

Vəfası yoxdı bu əhli‐Əraqun,
Hüseynün pozdular yeksər tifaqun,
Edibdür xeyzəran parə dodağun,
Yetüşdi Şamdə zülm intəhayə.

Təsəvvür et bunı qəlbində, Nadim,
Bu caizdürmi hansı dində, Nadim?
Tapulmaz busəgah cismində, Nadim,
Yəralər sövkəşüb yeksər yərayə.

Hüseyn Nadim Naxçıvani-Nehrəmi