22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Üç imamla düşmənçilik etmiş məlun kimdir?
15.11.2018

Məlun Şimr ibn Zilcövşən o insanlardan idi ki, İmam Hüseynin (ə) şəhadətinə şərait yaratmışdı. Künyəsi Əbu Sabiğədir. O, Həvazin qəbiləsinin başçılarından olmuş və Zibab ibn Kəlabın nəslindən idi. Ona görə də onu Kəlabi adlandırırdılar.

Atası Zilcöşən həzrət Peyğəmbərin (s) dəvətinə çox da əhəmiyyət verməmişdi. Ancaq Məkkənin fəthindən sonra müsəlmanlar qalib gələndən sonra İslamı qəbul etmişdi.

İmam Əlinin (ə) zamanında

Məlun Şimr İmam Əlinin (ə) zamanında bir müddət zahirdə onun tərəfdarlarından olmuşdur. O, Siffeyn döyüşündə həzrətin qoşununda iştirak etmiş və hətta üzündən yaralanmışdı. Ancaq sonralar İmam Əlidən üz çevirmiş və xəvariclərdən olmuşdu.

İmam Həsənin (ə) zamanında

Şimr İmam Həsənin kəskin müxaliflərindən idi. O, Kufədə fitnə yaradır və insanları imama qarşı ayağa qaldırırdı. O kəslərdən olur ki, imamın naəlac qalıb sülhü qəbul etməsinə şərait yaradır və sonra da Müaviyyəyə qoşulur.

İmam Hüseynin (ə) zamanında

Müslim ibn Əqil Kufəyə gedəndə Şimr insanları onun ətrafından dağıdan əsas şəxslərdən olur. O, Müslimin sözlərini fitnə adlandırır və Kufə camaatını Şam ordusu ilə qorxudurdu.

İmam Hüseyn Kərbəlaya gələndə Ömər ibn Səd Kufə ordusunun başçısı kimi qan tökməyin qarşısını almaq istəyir. Ancaq Şimr Übeydullah ibn Ziyadı qətliam üçün təhrik edir.

Şimr Məhərrəm ayının 9-da dörd min nəfərlik ordu ilə Kərbəlaya gəlir və İbn Ziyaddan qətl əmrini gətirir. Ömər ibn Səd bu məktubu görəndə Şimrə deyir: “O işi ki, islah etmək olardı, məhv etdin”.

Aşura günü Şimr ordunun sol cinahına rəhbərlik edirdi. O, əsgərlərinə əmr edir ki, imamı hədəfə alsınlar və sonra ordu onun əmri ilə birləşib imama hücum etdi.

Tarixçilər imamın mübarək başını bədənindən ayıran şəxsin də Şimr olduğunu bəyan edirlər.

Məhz məlun Şimr ilk şəxs olur ki, Aşura günü imamın mübarək bədəni üzərində at çapır. Sonra da çadırlara od vurulmasını əmr edir.

Şimrin cəhənnəmə vasil olması Muxtar tərəfindən olur və o, Şimrin başını kəsərək Məhəmməd ibn Hənəfiyyəyə göndərir. O, isə bu məlunun başını İmam Səccada (ə) göndərir.

/Deyerler.org/