21 Noyabr 2024 - 21
Ərbəin.... Aşiqin məşuquna olan eşqinin isbatı...
Ərbəin.... Öz həyatını, övladını, malını, bütün öncəliklərini siyahıdan silib, ən üst sətirə “Hüseyn (ə)” yazmaq...
Ərbəin... On iki ayın həsrətini üç günlük yolda dindirmək...
Ərbəin... Ayaqlarındakı yaralara, bədənindəki ağrılara rəğmən yolun bitməsinə təəssüflənmək...
Ərbəin... Xatırlandıqca gözlərdən süzülən yaşlar...
Ərbəin bizim üçün sadəcə ziyarət deyil, həm də şiənin qüdrətini və vəhdətinin nişanəsidir. Bir-birini tanımayan insanların, fərqli millətlərin bir yerdə mehribanlıq içində və qarşılıqlı yardımlaşaraq bir məqsəd üçün addımlamasıdır. Ərbəin ziyarəti elə bir kitabdır ki, gərək ondan dərs alaq. Sanki İmam Hüseyn (ə) eşqi vəsiləsilə Allah bizə hərdən qafil olduğumuz çox şeyləri xatırladır.
Bizlər dünyaya gələndən ölənədək sanki uzun bir yoldayıq, yol gedirik, Ərbəin səfərində olduğu kimi. Nəcəfdən Kərbəlaya doğru yolda hərəkət edərkən həyat yolumuzla bu yolun əslində nə qədər oxşar olduğunu görürsən.
Ərbəin mənə çox şey öyrədib. Bir qismi bunlar oldu ki, əgər insan vaxtında Kərbəlaya çatmaq istəyirsə, gərək yolun sağ-soluna çox baxmasın. Çünki bu ləngiməsinə səbəb olacaq. Arxaya heç baxmasın. Belə olsa, həm özü yoldan qalacaq, həm də başqalarının hərəkətinə mane olacaq. Bizlər həyat yolumuzda da belə olmalıyıq. Fikrimizi məşğul edib, bizi Allahdan uzaqlaşdıracaq şeylərə tərəf baxmamalı, fikrimizi, diqqətimizi sadəcə öz yolumuz və hədəfimiz üzərində cəm etməliyik. Arxada qalan keçmişə ilişib qalmamalı, qəlbimizi kinlərdən, düşmənçiliklərdən, keçmişə dair üzüntü və sıxıntılardan azad etməliyik.
Ərbəin səfərində yol çantası yüngül olmalıdır, gərək özünlə çox əşya götürməyəsən. Dünyada da müsafirik, hədəfimiz çox mal toplamaq, çox yemək, lüks həyat qurmaq və s. olmamalıdır. Çünki çox malın hesabı da böyük olacaq. Necə ki, Ərbəində çanta nə qədər ağır olsa, bel və boyun ağrısı o qədər çox olur, yolda o qədər çox dincəlmək üçün dayanıb başqalarından geri qalırsan.
Ərbəin başdan-ayağa dərsdir... Əvvəldən sona qədər ilahi xatırlatmadır, nişanədir Ərbəin!
Bizə paylaşmağı, yardımlaşmağı, başqalarının qüsurlarına göz yummağı, bağışlamağı, öz eyblərimizi düzəltməyə çalışmağı, daim dilimizi və qəlbimizi zikrlə məşğul etməyi öyrədən əzəmətli bir məktəbdir Ərbəin.
Allah hər il İmam Hüseynə (ə) zəvvar olmağı nəsib etsin.
Lalə Allahverdiyeva