21 Noyabr 2024 - 21
Mənfəətin, şəhvətin, nəfsani istəklərin insana hakim olduğu dünyada ilin müəyyən günləri milyonlarla zəvvarın İmam Hüseynin mübarək qəbrinə tərəf piyada yollanması, yol boyu Hüseynsevərlərin bir-birinə təmənnasız xidmət göstərməsi, yemək içmək verməsi bəşər tarixində misli görünməmiş təkrarsız hadisədir.
İmam Həsən Əskəridən (ə) hədis var ki, Ərbəin ziyarəti möminin 5 əlamətindən biridir. Necə ki, namaz insanı pis işlərdən çəkindirir, oruc insanın mənəvi halını nəzarətə alır, zəkat və xums maddi gəlirlərini paklayır, Ərbəinin də bu cür özünəməxsus islahedici xüsusiyyəti var.
Belə bir məşhur deyim var. Həzrəti Peyğəmbər bu dinin təməlini qoydusa İmam Hüseyn də öz qiyamı ilə ona ruh verdi. İmam Hüseynin bu ruhani addımını diri saxlayan isə Aşura və Ərbəindir. Aşura məktəbi və Ərbəini fövqəlbəşər edən isə nəzəriyyə və praktikasında yer alan İmam Hüseyn amilidir.
Peyğəmbərin hədisində deyildiyi kimi “İmam Hüseyn hidayyət çırağıdır”. Yəni cəmiyyətlərə yol göstərən işıq. O işıq ki, zülmə boyun əyməməyi cəmiyyətlərə irs qoyub. O işıq ki, azlıqda olsa belə dini Yezid kimilərdən müdafiə etməyi miras qoyub. O işıq ki, hər il müxtəlif millətlər və müxtəlif dinlərdən olan milyonlarla insanı öz nuruna cəm edir. Bu gün cəmiyyətlərdə İmam Hüseynin amalları düzgün çatdırılsa və buna şərait yaradılsa inanıram ki, bir dənə də olsun işğal altında müsəlman torpağı qalmaz.
Qərb mediası bu gün Ərbəinin təşkilatlanma olduğunu dünyaya çatdırmaq istəyir. Bununla da İmam Hüseynin nurunu və Ərbəindəki İlahi qüvvəni arxa planda gizlətmək istəyir. Orada Xanım Zeynəbin göz yaşları var, orada İmam Səccadın duaları var, orada əsirlərin nalələri var. Kərbəlanı bunlar eşq diyarına çevirib. Odur ki, hər il aşiqlər eşq diyarına, Ərbəin zamanı izdihamlı şəkildə yürüş edirlər və İmam Hüseynin Ərbəini hər il yenilənir. Burada həm əqli bir təhlil var, həm də eşq təhlili var. Eşq və əql təhlili ikisi bir-birinə qarışıb Ərbəini təşkil edib. İmam Hüseyni sevib və ona itaət etmək ağıl gösdəricisidir. Onu ziyarət etmək isə eşqin gösdəricisidir.
Hər il öz evinin divan-kreslosunu, stol-stulunu, xalçasını yolun kənarına çıxarıb, evini və yeməyini zəvvarlarla bölüşmək, il boyu topladığı gəlirini bu yolda xərcləmək Hüseyn eşqinin gösdəricisidir. Məhz bu nüanslardır ki, hər il bu Ərbəin dünyasına daxil olan kəslər “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim” şüarını bir daha təsdiq edir.
Ərbəin Həbib ibn Məzahir kimi dünya bazarından özünü qoparıb axirət müştərisi olanların simvoludur. Bu simvol haqqsevər və azadlıq aşiqlərinin daim qəlbində yuva salıb yaşayacaqdır.
Sarvan Mübarizoğlu (2-ci yerə layiq görülüb)
Kerbela.info