21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin səfərindən qayıdıb İslamı qəbul edən Ziya Balıyevin ziyarət təəssüratları
15.09.2018

Bildiyimiz kimi, siz İraq sərhədindən bir neçə kilometr məsafədə yerləşən Səmava şəhərindən Kərbəlaya qədər piyada getmisiniz. Səfər barədə ümumi təəssüratlarınızı öyrənmək istərdik.


Samava şəhərindən Kərbəlaya qədər getdik. Təxminən 270-280 kilometr yol. Səfər barəsində ümumi təəssüratlarım barədə deyə bilərəm ki, çox maraqlı bir səyahətdir, həqiqətən bunu görmək lazımdır. Sözlərlə ifadə olunan bir şey deyil, bunu yalnız canlı görmək gərəkdir. Təəssüratlar çox yaxşıdır. İranlıların, iraqlıların münasibəti, yəni qonaqpərvərlikləri, hər şey öz qaydasında idi, hər şey öz yerində idi, çox əla qiymətləndirirəm. Ehsanlar, gecələmək baxımından heç bir problem yaşamadıq. Səfərdə olduğumuz 20 gün ərzində heç bir problem baş vermədi. Təəssüratlar da çox əla idi, hər şey çox yaxşı idi.

Bəziləri iddia edir ki, o xidmətlərin qarşılığında yerli əhali yaxşı pul qazanır, xeyirləri var...


Belə iddialar var idi, doğrusu. Məsələn mən şəkil paylaşmışdım, orada başına padnosda xurma qoyub zəvvarlara xidmət edən uşaq şəkili paylaşmışdım. Biri yazmışdı ki, bunu ona görə edirlər ki zəvvarlar ac qalmasınlar, gələn il yenidən getsinlər ziyarətə. Amma, əslində, heç kimə lazım deyil bu. Belə ki, bu, İraq dövlətinin iqtisadiyyatına ziyandır, çünki hər şey pulsuzdur ölkədə. Biz ölkəmizdə adicə bir pulsuz Olimpiya oyunları keçirdik, ölkəmizin iqtisadiyyatı az qala çökmüşdü. Hərçənd ki, Olimpiya oyunlarına gələn əcnəbilərin sayı minlərlə ölçülürdü, yəni milyona çatan bir say deyildi. Amma burada hər il 30 milyon, 20 milyon, 25 milyon adam qarşılanır və hamısı da pulsuz. Bu səfərin ümumiyyətlə İraq iqtisadiyyatına heç bir faydası yoxdur, yəni faydasından çox zərəri var. Həmçinin yerli əhaliyə də heç bir faydası yoxdur. Çünki adamlar il ərzində yığdıqları bütün vəsaiti Ərbəində zəvvarlara paylayırlar. Burada heç bir gəlirləri, mənfəətləri yoxdur. Yəni hər şey təmənnasız edilir və buna görə də, yerlilər maddi ziyana məruz qalırlar. Qısaca, Ərbəin ziyarəti İraq dövlətinə də, əhalisinə də maddi ziyan hesabına başa gəlir.


Səfər zamanı və ziyarətlərdə sizi ən çox özünə cəlb edən nə oldu?


Ən çox cəlb edən mənfəətsiz xidmət idi, yəni heç bir mənfəət güdmədən, heç bir qarşılıq istəmədən insanlara xidmət göstərirdilər. Bu çox özəl bir şeydir, çünki belə ənənələri dünyanın heç bir yerində görmək mümkün deyil. Biz həmişə görmüşük ki, xidmət olunması üçün kiməsə yalvarırsan, amma burada insanlar sənə xidmət etmək üçün sənə yalvarırlar. Yəni sənə məhz xidmət etmək istəyirlər. Qarşılıqsız bir xidmət var idi, eşq var idi. Həqiqətən çox cəlbedici bir şeydir. İraqın özünün də görməli yerləri var. Məsələn Kazimeyn çox gözəl və cəlbedici şəhərdir, çox xoşuma gəldi. Yenə getmək istəyərəm, Nəcəf şəhərinə də getmək istəyərəm.


Olduğun qrupda və yolda insanlar ateist olduğunu bildikdən sonra sənə qarşı münasibətləri necə idi? Sənin Kərbəla səfərini necə qarşıladılar?


Düzü, münasibətlərində bir dəyişiklik olmurdu, yəni yenə də bir İmam Hüseyn zəvvarı kimi münasibət göstərirdilər. Amma qrupda bir-iki nəfər var idi ki, şiə deyiləm deyə mənə qarşı münasibətləri başqa idi, fərqli münasibət göstərirdilər. Görürdüm ki, bir antipatiya var, danışanda istər-istəməz aqressiyaya yol verirdilər, yəni sevgi hiss olunmurdu onların münasibətlərində. Hətta üzümə deyən də oldu ki, məndən uzaq gəz, səndən xoşum gəlmir, sən atteistsən, bunların sənə münasibətini bilmirəm, amma mənim xoşum gəlmir, aralı dur və sair. Amma ümumilikdə bu, çox az faiz idi. 40 nəfərin içində bu münasibəti yalnız 2-3 nəfərdən gördüm. Qalan hamı isə çox gözəl münasibət bəslədilər, həqiqətən də məni digərlərindən ayırmadılar.


Müxtəlif dinlərdə ritualları araşdıran biri kimi Kərbəla səfəri zamanı gördüyün, mərsiyə, yolboyu ehsan, izdiham və xidmətlər barədə nə deyə bilərsən?


Düzdür, sırf Ərbəin ritualları başqa rituallardan fərqlənir. Bu bir az fərqlidir, burada birlik var, eşq var. Digər rituallar bir az süni olurlar, içdən olan rituallar deyil. Həqiqətən, ritual xətrinə ritualdır. Amma Ərbəin ritualları fərqlidir, yəni içdən gələn rituallardır. Baxırsan ki, insanlar həqiqətən ağlayırlar, həqiqətən ürəkdən sinə vururlar.

Bir ateist ümumiyyətlə hər hansı bir dini ziyarətə gedə bilərmi? Ateizmin mahiyyəti nədən ibarətdir?


Təbii ki, gedə bilər. Ateizm ümimiyyətlə bir qaydalar toplusu deyil, yəni hər hansı qaydası yoxdur, bir sərhəd var, bu sərhəddən çıxa bilməzsən deyə bir şey yoxdur. Bir ateist dinə qarşı çıxır ki, din qaydalar toplusudur insanın sərhədidir. Amma bəziləri özləri ateizmi bir qəlib halına salıblar, iddia edirlər ki, bu sərhədlərdən kənara aşmaq olmaz. Bu, artıq ateizm deyil. Ateizm sadəcə yaradıcı ali bir varlığı qəbul etməməkdir, yəni tanrısızlıqdır. Yəni ateizmin mövqeyi budur ki, kainatı, varlığı var edən ali bir yaradan yoxdur. Ateizm budur və burada heç bir dinin ritualını həyata keçirtmə, getmə deyə bir şey yoxdur. Dini rituallara getmək də olar, görmək də olar, burada problem yoxdur. Bunu ən çox irad tutan ateistlər militant ateistləridir, yəni mühafizəkar ateistlər. Onlar dinlərə qarşı mübarizə aparırlar, onların nəzərində din insanı və bəşəriyyəti məhvə aparan məfhum olduğuna görə dinlərlə mübarizə aparırlar. Bu baxımdan deyirlər ki, ateist gedib dinu rituallara qatılırsa, bu problemdir, qətiyyən olmaz, dinləri durmadan tənqid etməliyik, dinlərin heç bir yönünü tərifləmək olmaz, yəni dinlər tamamilə tənqid olunmalıdır, aradan çıxmalıdır.

Amma tolerant ateistlər də var ki, bunlar dinin var olmasının tərəfdarıdırlar. Onlar düşünür ki, əxlaqi cəhətdən, motivasiya cəhətdən, ümumi baxımdan din gözəldir və varlığında problem yoxdur, dinlərin mövcud olması daha yaxşıdır. Ona görə də bir ateistin Kərbəlaya səfər etməsində heç bir problem yoxdur. Bizim cəmiyyətimizdəki ateistlərdə bir problem var ki, bir insan Tibetə gedirsə, buddist məbədlərini ziyarət edirsə, buna qarşı heç bir şey demirlər, çox gözəl və əla qarşılayırlar. Özləri kilsələrə gedirlər, boğazlarına xaç asırlar, amma məsələ İslama gələndə münasibət dəyişir. Tibetə olar, Qüdsə olar, amma Kərbəlaya olmaz. Çay adını xatırlamıram, onun sahilinə getmək olar, amma Kərbəlaya olmaz. Niyə olmaz, özləri də bilmirlər. Çünki bu artıq ateism deyil, islamofobiyadır. İslamofobiya daxilində özləri üçün sərhədlər formalaşdırıblar ki, İslam olan hər şeyə nifrət etmək lazımdır və İslam olan hər şeyi tənqid etmək lazımdır. Nəyə görə bu qədər tənqid buddizmə, induizmə, xristianlığa qarşı yönəlmir, sırf İslama yönəlir. Təbii ki, başa düşürəm, Azərbaycanda olan ən güclü din İslamdır, buna görə də ilk tənqid İslama yönəlməlidir. Amma əgər bir insan İslamı tənqid edirsə və "Kərbəlaya getmək olmaz" deyirsə, bunun yanında Tibetə də getməməlidir, Qüdsə də getməməlidir. Sırf bu rituallara görə getməməlidir. Amma onlar bunların hamısını edirlər, boğazlarından xaç asırlar, hətta yoqa ilə də məşğul olurlar, amma məsələ İslama gələndə iş dəyişir.