22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İlqar İbrahimoğlu: Daxilimizdə də bir Kərbəla var!
09.12.2017

Gedək Kərbəla səhnəsinə... Kərbəla səhnəsinin tərəfləri bəllidir. Bir tərəfdən Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn - Əba Əbdillah (ə), digər tərəfdə isə Yezid (lən). Amma bu səhnə həm də bizim içərimizdə mövcuddur. Müsbət daxili tutumumuz, ağlımız, mənəvi halətimiz bir şeyi deyir, nəfsani istəklər isə insanı başqa istiqamətə aparır. Bunlar hər gün içərimizdə toqquşur, hər gün içərimizdə savaş gedir. Bizim daxilimdə də bir Kərbəla var. Hər zaman ki, nəfsani istəklər qalib gəlir, o zaman içərimizdəki Yezid (lən) qalib gəlir. O zaman insanın öz müsibəti başlayır. Biz hər gün bu müsibəti yaşayırıq. Bir tərəfdən daxilimizdəki mənəvi hal bizi müsbətliklərə doğru aparır, digər tərəfdən isə nəfsani istəklər bizi uçuruma doğru aparır. Bunlar hər gün içərimizdə toqquşur. Bəzən vəziyyət o qədər pisləşir ki, içərimizdəki yezid (lən) daha çox hallarda qalib gəlir. İnsan hər şeyə vaxt çatdırır, bircə özündən başqa. İnsan özü ilə məşğul olmur. Zaman baxımından Ərəbistan coğrafiyasında da vəziyyət o cür idi, indi də bu cürdür. Texnoloji inkişaf vəziyyəti bir qədər də qəlizləşdirib. Nəfsani istəklər bir qədər də rəngarəngləşib. Hər şey daha əlçatan olub. İmam Hüseyn (ə) özü də bu hərəkatın hədəfini belə açıqlayır ki, "Mən əmr-be-məruf və nəhy-əz-munkər üçün, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçün ayağa qalxdım". Qiyamətə qədər bu məktəb, bu təlim həmin missiyanı həyata keçirdir. Hər zaman müsəlman toplumlarının yoldan sapmış haldan düz yola qayıtması üçün Kərbəla məktəbi canlı bir məktəbdir. Bu, təkcə o dövrdəki insanlar üçün ibrət götürülməli məsələ deyil. Biz günümüzdə də hər birimiz hər an, hər dəqiqə hər məkanda haqla batil arasında seçimdəyik. Nəfsani istəklərmizin ardınca getməyin və bunun əksi olan - Allaha doğru yönəlişlər arasında seçimdəyik. Hərəmizin içində bir Hüseyn (ə) var. Hərəmizin içində yezidlər (lən) də var.

Biz bunların arasında seçimdəyik. Allaha bağlantıya tərəf yönələ bilərik, nəfsimizin istəklərinə tərəf də yönələ bilərik. Şəhvətin, qəzəbin, bütün mənfiliklərin cəzzabiyyəti ilə həyat bataqlığında Allahı unudaraq, məhv ola bilərik və yaxud da Allahın dərgahında olmağımızın fərqinə varıb, Allaha tərəf yönələ bilərik. İçimizdə bir Kərbəla meydanı var. Həmin iştirakçılarla birlikdə içimizdə davamlı, daimi bir Kərbəla meydanı var. Bu meydanda, bu döyüşdə Allaha tərəf sövq edən tərəfi qalib gətirə biləriksə, içimizdəki Hüseynlərin yanında ola biləcəyiksə, varlığımızdakı aliliklərin, gözəlliklərin yanında ola biləriksə, həmd olsun Allaha. Bu, çox diqqət olunmalıməsələdir. Eyni zamanda təkcə içimizdə deyil, ictimai həyatımızda da, həyatımızın bütün səhnələrində də belə seçim qarşısındayıq. Ona görə də əslində, Kərbəladan götürüləcək ən böyük dərslər bu hədəfə - islaha yüklənməlidir. Fərdin islahı, toplumun islahı, içimizdəki dəyişikliklər, toplumdakı dəyişiliklər, insanların dəyişməsi, Allahla öz rabitələrini bərpa etmələri – budur İmam Hüseynin (ə) hədəfi. Allahdan bu istiqamətdə hər birimizə öz lütfünü əsirgəməməyini istəyirik. Əba Əbdillah (ə) və Əhli-beytin (ə) böyüklüyü bundadır ki, savaşlarında əql və mənəvi tutumları həmişə, hər zaman qalib gəlib. Onlar nəfsani istəklərini nəzarətə ala biliblər, daima cilovlaya biliblər. Bu nəfsani istəkləri nəzarətə aldıqdan sonra mənəvi tutum üstün gəlir. Əgər nəfsani istəklərin dəyəri olsaydı, onların həyatımızda üstünlük təşkil etməsinin həyatımıza müsbət təsiri olsaydı, Əba Əbdillah (ə) onları seçərdi. Əgər Əhli-beyt (ə) nəfsani istəklərin üstünlüyünü, onların prioritetliyini seçməyiblərsə, deməli onların heç bir dəyəri yoxdur. Tarixin sözün ən müsbət mənasında ən zirək insanı Həzrət Əmirəlmöminindir (ə), İmam Əlidir (ə). Amma, Əmirəlmöminin (ə) bunları seçməyib. Dünya özünü təqdim edəndə də Həzrət Əli (ə) bunu seçmir.

Hacı İlqar İbrahimoğlu