22 Noyabr 2024 - 22
Bismilləhir-Rahmənir-Rahim!
Yaşadığımız Rəcəb ayında digər əlamətdar tarix həzrət Əli (ə) və Xanım Fatimənin (ə) qızı, İmam Həsənin (ə) və İmam Hüseynin (ə) bacısı həzrət Zeynəbin (ə) mübarək adı ilə bağlıdır. Onun mübarək həyatı – ümmətin həyatının bir güzgüsüdür. İslamın ilk yüzilliyində baş verən hadisələrin mahiyyətini anlamaq baxımından da, həzrət Zeynəbin həyatına bir nəzər salmaq mühümdür.
Həzrət Əli və Fatimeyi-Zəhranın Həsən, Hüseyn, Zeynəb, Ümmi-Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. Bu nəcib ailənin üçüncü övladı Zeynəb hicrətin 6-cı ilində cəmadiul-əvvəl ayının 5-də Mədinə şəhərində dünyaya göz açmışdır. Xanımın vəfatı hicri 62-cü ildə, Kərbəla vaqiəsindən 1 il sonra baş vermişdir.
Bir insan nə qədər sınaqlardan çıxa bilmərmi?!
Həzrət Zeynəb (ə)… Hər bir iman əhlinin qəlbini titrədən isimdir bu. Kərbəla şahidi. Kərbəla müsibətlərini dünyaya çatdıran Əli qızı. Həzrət Fatimənin timsalında təcəssüm tapan kamil qadın obrazını yaşadan Xanım…
Həyatının hər bir epizodu İslamın yaşadığı bir çox müsibətlərin canlı təzahürü olan insandır həzrət Zeynəb. Peyğəmbərin vəfatı. Həzrət Əliyə qarşı xəyanət. Həzrət Fatimə itkisi. Cəməl, Siffeyn, Nəhrivan müharibələri. Xəvaric fitnəsi. Müaviyə lənətliyin ümməti parçalamağa yönəlik hoqqaları. Həzrət Əlinin Kufə məscidində şəhadəti. İmam Həsən (ə) müsibəti - tənha qalmış sərkərdənin timsalında ümmətin faciəsi. İmam Həsənin şəhadəti. Yezid lənətliyin beyət hoqqası. Mədinədən İmam Hüseynlə birgə mühacirət. Kəbə evinin ehtiramını ləkələmək istəyən Yezid lənətliyin planlarını pozmaq üçün Məkkədən çıxmaq zərurəti. Kufəyə gedən azədəlik karvanı. Müslüm ibn Əqilin şəhadəti. Kərbəla vaqeəsi. Ac-suzuz körpələrin naləsi içində mühasirə. Aşura müsibəti. İmam Hüseynin və məsləkdaşlarının şəhid edilməsi. Əsir karvanı. İbn Ziyad sarayında azadəlik eposu. Yezid lənətliyin müşrik və münafiq əcdadlarının qisasını Peyğəmbər xanədanından almasını bayram etdiyi şeytani məclis. Yezid lənətliyin alçaldılması və ifşa olunması. Kərbəla həqiqətlərinin ümmətə çatdırılması…
Bir insanın taleyinə nə qədər sınaq düşərmiş! Bu insanın həyatı sanki ümmətin tarixinin böyük bir hissəsinin canlı güzgüsüdür…
Dilində "Hüseyn!" nidası ilə gedən Zeynəb (ə)
Həzrət Zeynəbin vəfatı sadəcə bir dünyadan getmə deyil. Bir insanın bu dünya ilə vidalaşması deyil. Və inanc əhlinin daim bu vəfata önəm verməsi, dönə-dönə Kərbəla səhnəsinə qayıtmağı simvolizə edir. Aşura gününə dönüb dərs almaq deməkdir həzrətin Zeynəb vəfatını anmaq.
Artıq Kərbəla müsibəti sona çatmışdı. Əsir karvanına başçılıq edən Zeynəb Peyğəmbər (s) şəhərinə - öz Mədinəsinə qayıdır. Əhli-beyti sevənlər şəhəri olub həmişə Mədinə. Kərbəla müsibətini unutmur Mədinə…
Tarixin axını baxımdan Kərbəla bitsə də, Xanımın qəmləri, Xanımın hüznü bitən deyil… Xanımın hər ləhzəsi Kərbəladır, hər anı - Aşuradır…
Həzrət Zeynəbin həyat yoldaşı Abdullah ibn Cəfər çox mömin bir insan idi və hər mənada sədaqət və səxavət daşıyıcısı idi. Dəyərli insan olan Abdullah insanlara əl tutmaqla tanınmışdı. Lakin Mədinədə iqtisadi durum ildən-ilə pisləşirdi. Abdullah ibn Cəfər görür ki, bir çox xeyriyyəçilik işləri ki, yükünü üzərinə götürmüşdür, artıq yerinə yetirilməmək təhlükəsi ilə üzləşmişdir. Bunları nəzərə alan Abdullah Şama köçür və burada kənd təsərrüfatı ilə məşğul olmağa başlayır. Həzrət Zeynəb də həyat yoldaşı ilə Şama köçür və ömrünün qalan hissəsini burada yaşayır.
Günlər keçir və hüznlü məqam yetişir. Həzrət Zeynəbin dünya ilə vidalaşmaq zamanı yetişir. Abdullah ibn Cəfər deyir ki, həyat yoldaşı bu məqamda ona müraciət edir və yatağını həyətdə, günəşin altında yerləşdirməyi xahiş edir. Abdullah eləcə də edir və həzrət Zeynəbin yatağını həyətə keçirir. Abdullah deyir: onu həyətdə yerləşdirdim və diqqət etdim ki, bir şeyi bağrına basıb və davamlı olaraq dodağının altında nə isə deyir. Yaxınlaşdım Xanıma və gördüm ki, bağrına basdığı şey Kərbəladan yadigar qalan bir köynəkdir. Gördüm İmam Hüseynin qanlı və parə-parə olmuş köynəyini Xanım öz mübarək əllərilə bağrına basır və davamlı olaraq deyir: Hüseyn!... Hüseyn!… Hüseyn!…
Həzrət Zeynəbin dünyadan köçməsinin astanasında da o həzrətin dilindən İmam Hüseynin adı düşmürdü… Son nəfəsədək Həzrət Zeynəbin xatirəsindən Kərbəla müsibətinin şəkli itmirdi, qəlbindən Kərbəla yarası silinmirdi. Və qızmar günəşin altında, Hüseynin qanlı köynəyi əlində Xanım Kərbəlanı xatırlayır…
Kufədə Xanım Zeynəbin nitqi
Çox dəyərli İslam alimlərindən biri röya aləmində zəmanə sahibi həzrət Mehdini (ə) görür. Görür həzrət çox qəmlidir. Görür həzrət çox hüznlüdür. Deyir getdim Ağanın hüzuruna və salam verdim. Sonra soruşdum: "Ağacan, niyə bu qədər narahat və gözü yaşlısınız?". Buyurdu: "Bu gün bibim həzrət Zeynəbin vəfatı günüdür. O gündən ki, bibim Zeynəb vəfat edib, indiyə qədər hər il onun vəfat günü mələklər asimanda əza məclisi qurarlar, o qədər ağlayarlar ki, gərək mən gedim onları sakit edim. Onlar həzrət Zeynəbin Kufə bazarında söylədiyi xütbəni oxuyarlar və ağlayarlar. Oxuyarlar və ağlayarlar. Mən də indi mələklərin həmin məclisindən qayıtmışam…".
Bəli, həmin gündür. Mələklərin bu gün Xanım Zeynəb üçün ağladığı gündür. İmam Zaman Ağanın mələkləri sakitləşdirdiyi gündür bu gün…
Kufədə Xanım Zeynəbin camaata xitab etdiyindən bir neçəsini yada salaq:
- … Agah olun! Nə pisdir o günah yükü ki, üstünüzə çəkmisiniz!!!…
- … Təəccüb edərsinizmi, göydən qan yağsa?!…
- … Bilirsinizmi, hansı ciyəri paralamısınız?!…
- … Hansı qanı tökmüsünüz?!…
- … Hansı pərdə arxasında oturanları pərdədən kənara çıxartmısınız?!…
Müqəddəs Ərdəbilinin hekayəti
Zamanın böyük ariflərindən olmuş Müqəddəs Ərdəbili haqda bir hadisə nəql edirlər. Qeyd edək ki, Müqəddəs Ərdəbili came adam olub, hərtərəfli bir şəxsiyyət olub, kamala çatmış bir insan olub. Bu böyük alimdən çoxlu ibratəmiz mövzular nəql edilib. Cənab Müqəddəs Ərdəbili nəql edir: "Tələbələrlə piyada Kərbəlaya gedirdik. Yol boyu bir tələbə var idi ki, bəzən bizim üçün rövzə oxuyurdu. Sanki İmam Hüseyn onun səsinə bir duzluluq qoymuşdu, bərəkət vermişdi.
Yetişdik Kərbəlaya. Ərbəin günü idi - İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü. Gördük ki, ziyarətçi çoxdur və bu baxımdan dedim ki, hərəmin içinə getməyim və ziyarətçilərə mane olmayım. Tələbələri ətrafıma yığıb, hərəmin səhninin bir guşəsində ziyarət oxumağa hazır olduq. Birdən yol boyu bizə rövzə oxuyan tələbəni xəbər aldım. Dedilər ki, bilmirik. Camaat arasında idi, harasa gedib.
Elə o tələbəni soruşmuşdum ki, birdən gördüm camaatın içindən bir nəfər nurani insan mənə tərəf yaxınlaşdı və məni səslədi: "Ey Müqəddəs Ərdəbili, nə etmək istəyirsən?". Dedim: "İstəyirəm "Ərbəin ziyarəti"ni oxuyum". Dedi: "Ucadan oxu, mən də eşidim". Ziyarəti ucadan oxudum. Bir neçə yerdə də ziyarətnamənin ədəbi nöqtələrinə diqqət yetirdim. O vaxt ki, ziyarət tamam oldu, tələbələrdəm soruşdum ki, o tələbə tapılmadımı? Tapın, görün haradadır. Dedilər, tapa bilmirik, bilmirik hara gedib.
Nurani kişi soruşdu: "Müqəddəs Ərdəbili, nə istəyirsən?". Dedim ki, tələbələrdən biri bizə yolda bəzən rövzə oxuyardı, indi bilmirik hara gedib. İstəyirdim ki, gəlsin və bizim üçün rövzə oxusun. O nurani kişi buyurdu: "Müqəddəs Ərdəbili, istəyirsən mən sənin üçün rövzə oxuyum?". Dedim: "Bəli, Rövzə oxuya bilirsiniz?". Buyurdu: "Bəli". Birdən o nurani şəxs mübarək üzünü İmam Hüseynin müqəddəs zərihinə tutdu və onun baxışı o qədər təsirli idi ki, elə o baxışın tərzindən bizim halımız dəyişdi. Birdən o nurani insan səsləndi: "Ya Əba Əbdillah, nə mən, nə bu Müqəddəs Ərdəbili, nə bu tələbələr heç unuda bilmirik o vaxtı ki, sən istədin öz bacın Zeynəbdən ayrılasan!". İmam Hüseynə xitabən bir elə bu cümlələri demişdi ki, birdən baxıb gördük ki, həmin o nurani şəxs yoxdur. Anladıq ki, o, Zəhranın Mehdisi idi".
Allahım! Bizləri Xanım Zeynəb həyatını yaşayanlardan qərar ver! Bütün iman əhlini həqiqi mənada həzrət Zeynəbi tanıyanlardan və o Xanımın yolunu anlayaraq, həqiqi yaşayışlarını buna uyğunlaşdıranlardan qərar ver! Amin!
İlqar İbrahimoğlu