21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Nə üçün İmam Hüseyn (ə) ailəsini özü ilə qiyama apardı?
23.11.2018

Sual: Nə üçün İmam Hüseyn (ə) ailəsini özü ilə qiyama apardı?

Cavab: Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?

Bu sualın cavabını belə bəyan edirik:

1. İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu bildiyi üçün öz ailəsini Mədinədə başsız qoymaq istəmədi. Ona görə ki, bu despot hökumət qadın və uşaqları girov götürüb imamı öz hədəfindən saxlaya bilərdi. Yezidin isə qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla olursa-olsun beyət almaq idi. Hətta əgər bu iş imamın arvad-uşağını girov götürüb zindana salmaqla belə mümkün olsaydı.

O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə imamın qiyamı ərəfələrində Əhli-beytə düşmənçiliklə məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin olundu. O İmam Hüseynin (ə) şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa İmam Hüseynə əzadarlıq saxladıqlarına görə belə müraciət etdi: "Siz gərək yalnız Osman üçün ağlayıb ona əza saxlayasınız. Hüseyn ibni Əliyə yas tutmaq əbəs bir işdir". Hətta o, imamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni Haşimə aid olan evləri xarabalığa çevirsinlər.

Təbiidir ki, İmam Hüseyn (ə) belə bir şəxsin hakim olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də imam məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları özü ilə apardı.

2. İmam Hüseynin ailəsini özü ilə aparmasının və onları peyğəmbər şəhəri sayılan Mədinədə qoymamasının mənası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin namuslu olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın hakimiyyət etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir.

İmamın bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki, imamın bu işi ilə hamının zehninə belə bir sual gələcəkdi ki, nəyə görə İmam Hüseyn (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da özü ilə apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və uşaqlarını belə etibar edə bilmir?

3. Bəzi rəvayətlərə görə imamın ailəsini özü ilə aparması Tanrı istəyi ilə həyata keçdi. Uca Allah, o Həzrətin zalım hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda şəhid olmasını və bu yolda əzizlərinin, bacısının, həyat yoldaşının oğul- qızlarının və başqa sevdiklərinin onun kənarında bütün müsibətlərə qatlanmalarını istəmişdir. İmam Hüseyn (ə) Tanrının hər bir istəyinə əməl etdiyi kimi, bu istəyinə də yüksək səviyyədə əməl edib bütün Əhli-beytini, hətta yeni dünyaya gəlmiş körpəsini də özü ilə mübarizə yoluna apardı.

4. Hər bir qiyamın iki əsas ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük rol oynayır. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər əhəmiyyət daşıyırsa, digər ünsür də bu qədər əhəmiyyət daşıyır.

Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmam Hüseyni (ə) tək qoymaqlarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.

Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərdən biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur.

Xatırladırıq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın düzgün cavabı sayılır. Yəni, İmam Hüseynin (ə) ailəsini özü ilə aparmaqdan məqsədi onların hökumət tərəfindən girov götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut etmək, Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra onun fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin etmək olmuşdur

Ələddin Məlikov