22 Noyabr 2024 - 22
“Mən Əli (ə) ailəsini yoxlamışam, onların ardınca gedənlər var-dövlətə, mənsəbə, qələbəyə çata bilməz...”
Bir şəxs səninlə məsləhətləşirsə, bu o demək deyil ki, sən ona məsləhət vermək haqqına maliksən...
Tarixi cərəyanşünaslıq nəzərindən İmam Hüseyn (ə) dövründəki cəmiyyəti ümumi 3 cərəyana təsnif etmək olar.
Birinci cərəyan Seyyidüş-Şühəda özü və onun köməkçiləridir. Bu insanlar Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə şəhadətə çatdılar. Bu insanlar yüksək mərifət sahibi idilər, öz dövrlərindəki dini məsələləri yaxşı dərk edirdilər. Onlar dəlillər əsasında imamət üsuluna inandıqlarından ayrı-ayrı mövzularda İmam Hüseynlə (ə) mübahisə etmir, onun baxışını kamil baxış sayırdılar. Onların nəzərincə, İmam bütün xəta və səhvlərdən məsum, nəfs istəklərinə tabe olmayan həqiqi mömin idi. İmamın sözünü Allahın sözü kimi qəbul edirdilər. İmamın sözləri düşməni tanımaqda, günün məsələlərini dəyərləndirməkdə möhkəm dəlil sayılırdı.
Digər tərəfdən, bu insanların baxışı sağlam idi. Onlar saleh əməl sahibləri idilər. Təkcə sağlam baxış insanı səhvdən qoruya bilmir. Çoxları İmam Hüseynin (ə) Aşura günü haqlı olmasını bilsə də, qarınları haramla dolduğundan ona qarşı dayanmışdılar. Hansı ki həm sağlam baxışları vardı, həm də saleh əməlləri.
İkinci cərəyana Yezidin rəhbərlik etdiyi əməvilər daxil idi. Onların baxışı zülm və fəsad üzərində qurulmuşdu. Bu gün biz Yezidin azğın olduğunu tam aydın dərk edirik. Amma həmin dövrdə bunu təyin etmək o qədər də asan deyildi. Bəni-Üməyyənin məntiqi müstəbid məntiqi, təkəbbür məntiqi, alçaltmaq məntiqi idi. Şübhəsiz ki, belə bir məntiq məqbul deyil. Amerika, İsrail, İngiltərə hazırda Bəni-Üməyyənin məntiqinə malikdir və özlərini üstün sayırlar. Modern Qərb düşüncəsi elə Bəni-Üməyyə düşüncəsidir. Sadəcə nəzəriyyələri daha cazibədar və güclüdür. İmam Hüseyn (ə) cərəyanı bu cərəyana qarşı idi. Hüseyn (ə) cərəyanı əməvi cərəyanına tam zidd bir cərəyan sayıla bilər.
Üçüncü cərəyan iki cərəyan arasında yerləşir. Bu cərəyanı taımağın xüsusi əhəmiyyəti var. Daha çox əhatəli olan bu cərəyana bu günə qədər bir o qədər də diqqət yetirilməyib. Amma bu barədə danışmaq çox zəruridir. Bu cərəyan özü kiçik qruplara bölünür. Bu cərəyandan olanlar bəzən zahirdə, bəzən isə batində İmam Hüseyni (ə) sevənlər idilər. Amma onların sevgisi Kərbəlada olanların sevgisi kimi deyildi. Bu sevgi onların Aşuraya üz tutması üçün bəs etmədi. Bu cərəyana daxil olan qruplar müxtəlif bəhanələrlə İmam Hüseyn (ə) qiyamına qoşulmadılar.
Üçüncü cərəyanda bir qrup insan Əhli-Beytlə (ə) birlikdə hərəkət etsə də onların dünya maraqları güclü idi. Hər halda Əhli-Beytin hakimiyyət qurmaq məqsədi də vardı. Bəziləri belə bir hakimiyyət qurulacağı zaman öz arzularına çata biləcəyini planlaşdırırdı. Kufə və Bəsrə əhalisinin bir hissəsi bu qrupa aid edilə bilər. Bəsrə qəbilələrindən birinin başçısı olan Əhnəf bin Qeys Siffeyn döyüşündə Həzrət Əlinin (ə) qoşununda idi. İmam Hüseyn (ə) Kərbəlaya üz tutanda ona məktub yazıb kömək istədi. O cavab verdi ki, biz Əbəl-həsən (ə) övladlarını sınaqdan keçirmişik. Onların hakimiyyət, var-dövlət toplamaq, müharibədə hiylə gücü yoxdur.” O öz cavabı ilə Əhli-Beytlə (ə) keçmişdəki dostluğunun sirrini açmış oldu. Özü deyir ki, mən Əli (ə) ailəsini yoxlamışam, onların ardınca gedənlər var-dövlətə, mənsəbə, qələbəyə çata bilməz. Demək, bir qrupun Əhli-Beytə ardıcıllıqdan məqsədi dünya mənafelərinə çatmaq olub. Onlar nə zaman mənafeləri təmin olunubsa Əhli-Beyt (ə) ardınca gediblər.
İkinci bir qrup insan İmamdan aralı dayanırdı, zahirdə özünü Əhli-Beyti sevənlər kimi tanıtdırırdı. Qəlblərində isə məhəbbət yox idi. Bu qrupdan olanlara nümunə olaraq Abdullah ibn Ömərin adını çəkə bilərik. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə üz tutanda o İmamın yanına gedib ağladı, İmamı Yezidlə sülhə, ona beyətə dəvət etdi. Bəziləri deyə bilər ki, Abdullah ibn Ömər fəqih, abid, zahid və müqəddəs bir adam olub. Sadəcə saldəlövhlüyü səbəbindən İmam Hüseynə (ə) kömək etməyib. Amma tarixi dəlillər başqa söz deyir. Həmin Abdullah ibn Ömər Seyyidüş-Şühədadan qabaq Həzrət Əliyə (ə) beyət etməmişdi. Demişdi ki, sizə beyət etməməyimin səbəbi qiblə əhli ilə vuruşmağınızdır. Amma bu şəxs Həccac ibn Yusif kimi qaniçən bir insana beyət etdi. Maraqlıdır ki, Abdullah ibn Ömər Həccac ibn Yusifə beyət etmək üçün onun görüşünə gedəndə Həccac deyir ki, mənim əlim məşğuldur, ayağıma beyət et. Abdullah onun ayağına beyət edir. Qaniçənliyi ilə tanınan Həccac ibn Yusif 20 illik hakimiyyəti dövründə minlərlə insan qanını axıtmışdı, 12 min nəfəri həbsə aldıqdan sonra işkəncə altında qətlə yetirmişdi. O öləndə həbsxanasında 50 min kişi 30 min qadın həbsdə olub. Bu insanlardan 16 min nəfərini həbsdə lüt-üryan vəziyyətdə saxlayırlar. Qadınları və kişiləri bir yerdə, dam örtüyü olmayan zindanlarda saxlayırdılar. Bu insanlar yayın istisi, qışın söyuğunda əzab çəkirdi. Abdullah ibn Ömər belə bir adama beyət edir.
Ona beyət edəndə deyir: “Peyğəmbər (s) buyurub ki, kim ölsə və imamını tanımasa cahil kimi ölüb.” Beləcə Həccacı özünə imam sayır. Həccac isə onu saymadan uzanmış vəziyyətdə ayağını uzadır, ayağıma beyət et deyir.
Üçüncü bir qrup insan İmam Hüseynin (ə) qiyamı zamanı cəmiyyətdən təcrid olub tənhalığa çəkilmişdi. Onların nə dünya malında gözü var idi, nə də qəlbləri xəstə idi. Sadəcə şübhə içində idilər. Onlar o qədər də pis insan deyildi. Həssas məqamlarda yaranmış şəraitdən baş açmırdılar. Süleyman ibn Surəd Xüzai bu qrupdandır. O yaxşı insan idi. Amma İmam Hüseyni (ə) yetərincə tanıya bilməmişdi, dövrünün hadisələrini, Aşura öncəsi vəziyyəti dəyərləndirməkdə aciz idi. O hətta imama məktub yazdı, onu qiyam üçün Kufəyə dəvət etdi. Onun yazdığı məktubda deyilir ki, bizim rəhbərimiz yoxdur, Kufəyə gəl, bəlkə Allah sənin vasitənlə bizi haqqa gətirdi;
Neman ibn Bəşir qəsrdə yuva salıb, amma biz cümə günü ona iqtida etmirik, bayram namazında onunla birlikdə şəhərdən çıxmırıq. Əgər bilsək ki, buraya gəlirsiniz, onu Kufədən qovarıq, Şama göndərərik!..
Amma o İmam Hüseynin (ə) haqq olduğunu, Yezidin azğın bir sülaləyə bağlılığını bildiyi halda İmamın köməyinə gəlmədi, şəkkə düşdü. Süleyman ibn Surəd Xüzai Aşuradan sonra peşiman oldu, dedi ki, biz İmam Hüseyni (ə) çağırdıq, amma ona kömək etmədik. İmamın şəhadətə çatmasında özünü müqəssir sayırdı. Dedi ki, şəhid olmayınca paklanmarıq. Buna görə də Təvvabin qiyamına başçılıq etdi. Söhbətlərindən birində deyir: “Biz Peyğəmbər (s) övladının gəlişini gözləyirdik, amma o gələndən sonra sustlük göstərdik, seyirçi mövqe tutduq. Gözlədik ki, peyğəmbər övladı, onun yadigarı gözümüzün qarşısında qətlə yetirilsin. Qalxın ayağa, Allah qəzəblənib. Ailə-övladlarınızın yanına qayıtmayın. İnanmıram ki, İmamın qatillərini öldürənə qədər Allah bizdən razı qalsın. Ölümdən qorxmayın, ölümdən qorxsanız zəlil olacaqsınız.”
Süleyman ibn Surədin həyatına Əmirəlmöminin dövründə nəzər salsaq görərik ki, həzrət Cəməl savaşında Kufədən kömək istəmişdi, amma Süleyman gəlməmişdi. Cəməl savaşından sonra Həzrət Əli (ə) Kufəyə daxil olanda Süleyman onun görüşünə getdi. O, Kufənin başçılarından sayılırdı. Həzrətin görüşünə çatanda həzrət onu döyüşə gəlmədiyi üçün məzəmmət etdi. Süleyman bəhanə gətirdi.
Həzrət Əli (ə) buyurdu: “Sən şübhəyə düşdün, gözləmə mövqeyi tutdun, hiyləyə əl atdın. Hansı ki mənim nəzərimdə etibarlı adamlardan idin. Peyğəmbər Əhli-Beytinə kömək etməməyinin səbəbi nə oldu?” Süleyman işlərində sabitqədəm deyildi, tez şəkkə düşürdü. İbn Səd “Əl-Təbəqatul-Kubra” kitabında Süleyman haqqında yazır: “O çox tərəddüd edən və sadəlöhv bir adam idi.”
Üçüncü cərəyandakı qruplardan biri də çox ibrətamiz bir qrupdur. Günümüz üçün bu qrupun öyrənilməsinin dəyəri böyükdür. Bu insanlar həqiqətən İmam Hüseynin (ə) tərəfdarı idilər. Nə qəlbləri xəstə idi, nə günah əhli idilər, nə də münafiq idilər. Cihaddan da qorxmurdular.
Amma İmamət məsələsinə kərbəladakılar kimi baxmırdılar. Baxışları dərin deyildi. Onlar düşünürdülər ki, İmam bəzi məsələlərdə onlarla məsləhətləşirsə onlar da imama məsləhət verə bilərlər. Bu çox maraqlı nöqtədir. Bir şəxs səninlə məsləhətləşirsə, bu o demək deyil ki, sən ona məsləhət vermək haqqına maliksən. Bu insanlara elə gəlirdi ki, onlar İmam haqqında qərar çıxara bilərlər. İmamın tutduğu yolu səhv saya bilərlər.
Onlar düşünürdülər ki, Aşura hadisəsində Yezidlə savaş meydanına çıxmaq səmərəsizdir, kufəlilər vəfasızdır, İmam mütləq məğlub olacaq... Bu təhlilləri əsasında nəticə çıxardırdılar ki, qiyam faydasızdır. Buna görə də İmama yoldaşlıq etmədilər. Bu baxış hətta Bəni-Haşimə, İmam Hüseynin (ə) qohumlarına da sirayət etmişdi. Düşünürdülər ki, İmam canını boş yerə fəda edir. İmam onlara məktubunda yazırdı ki, kim mənə qoşulsa şəhid olacaq, kim mənə qoşulmasa qələbəyə çatmayacaq.
İbn Cəfər Bəni-Haşim tayfasının, İmam Hüseynin (ə) qohumlarının böyüklərindən sayılırdı. Hətta Kərbəla hadisəsində öz oğlunu İmam Hüseynə (ə) köməyə göndərdi. Kərbəlada oğlu şəhid oldu. Amma özü getmədi. İmama deyirdi ki, bu savaşın sonu zərərədir. Yezidlə yumşaq dillə danışmağı təklif edirdi. İmam Hüseynə (ə) deyir: “Məkkədən çıxma. Sənin tutduğun yola görə nigaranam. Qorxuram ki, özünü və ailəni məhvə verəsən.”
Onun sözlərindən aydın görünürdü ki, özünü söz sahibi bilir. İmamın sözü qarşısında söz deyir.
Burada qarşıya çıxan mühüm suallardan biri budur ki, , Cəfər Təyyarın oğlu, böyük peyğəmbər səhabəsinin ovladı, Seyyidüş-Şühədanın əmisi oğlu olan İbn Cəfər kimi bir şəxs necə yanılır? Araşdıranda görürük ki, bu şəxs səxavət əhlidir, mərhəmətlidir, amma qənaətçil deyil, dolanışığa çox pul xərcləyir. Müaviyə onun bu xüsusiyyətindən istifadə etdi. İbn Cəfər üzərində işlədi, ona pul verdi. Müaviyə ona 1 milyon dirhəm pul vermişdi, Yezid gələndən sonra bu 1 milyonu 2 milyona qədər artırdı. Müaviyə iddia edirdi ki, Cəfəri Təyyarın oğluna onlar qədər kömək edən olmayıb. Doğrudur ki, Cəfər bu pulları infaq edir, yoxsullara paylayırdı. Bununla belə həmin pulları qəbul etməsi Bəni-Üməyyəyə münasibətdə yumşaq mövqe tutmasına səbəb oldu. Müaviyə onun qızını Yezidə almaq istəyir. O da bu izdivaca razı olur. Amma İmam Hüseyn (ə) bu işə mane olub buyurur: “İş bir yerə çatıb ki, bunlara qız vermək istəyirsən?! Məgər onların qılıncından Bəni-Haşimin qanı dammır?!” İmamın cavabında İbn Cəfər deyir ki, çarəm yoxdur, borcum var. O bu izdivac sayəsində borcunu ödəməyə ümid edir.
Müaviyənin planı bu idi ki, Cəfəri-Təyyarın yüksək məqamından sui-istifadə edib özünü Əli (ə) ailəsinə qarşı qoysun. Məqsədi İbn Cəfərə pul verməklə Əli (ə) ailəsini kiçiltmək idi. Bir dəfə ona deyir: “Həsən və Hüseyni (ə) nə qədər böyük hesab edirsən? Onlar səndən üstün deyil, ataları da atandan üstün olmayıb. Əgər Fatimə (ə) peyğəmbərin qızı olmasaydı, deyərdim ki, sənin anan Əsma da analarından əskik deyil.”
Müaviyənin sözü qarşısında İbn Cəfərin cavabı bu olur ki, and olsun Allaha, onların atası atamdan üstündür. O, Müaviyənin planlarını hiss edirdi. Bununla belə onlarla yumşaq davranırdı. Məhəmməd ibn Hənəfiyyə, İbn Cəfər, İbn Abbas İmam Hüseynə (ə) çox bağlı olduqları halda Kərbəlaya getmədilər. Hansı ki nə zaman lazım olmuşdusa imamın köməyinə tələsmişdilər. Kərbəla hadisəsində isə bu addımı düzgün saymırdılar. Bütün bunlar göstərir ki, bir qiyama bağlı olmaq bütün inqilaba bağlı olmaq demək deyil. Bunun da mərtəbələri var. İbn Cəfər öz zəif iradəsi ilə ən aşağı mərtəbədə qərar tuturdu.
Dördüncü qrupa daxil olanlardan biri də İbn Abbasdır. Onun da Bəni-Üməyyəyə münasibəti tədricən dəyişir.
Onlarla silahlı qarşıdurmanı münasib saymır. İbn Abbasın mövqeyi də Bəni-Üməyyəyə ümid verir. Onun vasitəsi ilə Əhli-Beyt çevrəsində liberallıq yaratmaq istəyirlər. Bu gün də dünya imperializminin nüfuz yollarından biri budur.
Cənab Rəhbər Ayətullah Xameneinin düşmən nüfuzu məsələsinə münasibəti Seyyidüş-Şühədanın baxışından götürülmüşdür. Əgər Seyyidüş-Şühədanın dövrünü araşdırsaq görərik ki, o zaman İmam Hüseyn (ə) zalım rejimə qarşı hansı münasibətdə idisə bu gün Vilayəti-Fəqih Amerika və İslam Respublikasının düşmənlərinə münasibətdə eyni mövqeyi tutur.
Bəni-Üməyyənin Amerika və İsrailə müxtəlif cəhətlərdən oxşarlığı var. Onların müştərək mahiyyəti var. Hər ikisi həddi aşır, azğındır, inhisarçıdırlar. Bütün aləmi öz hakimiyyətləri altına almaq istəyirlər. Təkcə şiələri yox, bütün İslamı məhv etmək istəyirlər. Hər ikisi üçün xalq əhəmiyyətsizdir. İnsanların haqqını rahatlıqla tapdayırlar. Qətl-qarətdən çəkinmirlər. Proqramlı hərəkət edir, hiyləyə əl atırlar. Belə bir dövrdə və şəraitdə yalnız dövrün rəhbərinə qeyd-şərtsiz, sorğu-sualsız tabe olanlar doğru yolda qalır. Onların bütün rəftar və əməlləri ilahi rəhbərin söz və rəftarlarına uyğundur.
Doktor Süleymani Əmiri
Vilayet