22 Noyabr 2024 - 22
Kərbəlada bəzilərinin bir an içrə dəyişib batildən üz döndərməsi və haqq cəbhəsinə qoşulması Aşura vaqiəsinin qəribəliklərindəndir. Hürr ibn Yəzid Riyahi daxilən və nagəhan dəyişilən həmin kəslərdən biridir. Elə bir kəs ki, işin başlanğıcında öz İmamının yolunu kəsdi və Aşura karvanının yolunu Kərbəlaya doğru yönəltdi. Buna rəğmən, o, bir anın içində özünə gəldi və nəhayət, axır-aqibəti xeyirlə bitdi. Hətta şəhadətə yetdiyi zaman imam Hüseyn (ə) onu qucağına alıb buyurdu:
أَنتَ الحُرُّ كَمَا سمَّتكَ اُمُّكَ وَ أَنتَ الحُرُّ فِي الدُنيا وَ الآخِرَة؛
“Sən hürr və azadsan, necə ki, anan bu adı sənə verib. Sən həm dünyada, həm də axirətdə hürr və azadsan!”
BU HƏQİQƏTİN SİRRİ
Həm Qurani-Kərimdə, həm də məsum rəhbərlərin rəvayətlərində təfəkkür və düşüncəyə xüsusi yer ayrılmışdır. İmam Sadiq (ə) buyurmuşdur:
فِکرَةُ ساعَةٍ خَیرٌ مِن عِبادَةِ اَلفِ سَنَةٍ؛
“Bir saat təfəkkür etmək min ilin ibadətindən üstün və faydalıdır.” (“Misbahuş-şəriə”, səh.114.)
Məxsusən, insan əsas və mühüm seçkilərdə, haqq ilə batildən birini seçmək məcburiyyəti ilə üzləşdikdə, ona ilk sözü deyən təfəkkürdür. Kərbəlada qılınclar çalındıqda, Hürr bir guşəyə çəkildi, daşınıb-düşündükdən sonra imam Hüseyni (ə)seçdi və başını aşağı dikib xəcalətli halda İmamın (ə) xeymələrinə doğru addımladı.
İnsanın axır-aqibətinin necəliyi Qurani-Kərimin önəm verdiyi ən mühüm məsələlərdən biridir və ayələrdə keçmiş qövmlərin aqibəti ilə bağlı “keyfə kanə aqibətul...” (...axır-aqibəti necə oldu!) ibarəsi, düz 21 dəfə işlənmişdir. Buna misal olaraq “Əraf” surəsinin 103-cü ayəsini göstərə bilərik:
ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُواْ بِهَا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
“Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axır-qibəti necə oldu!”
Keçmişlərin axır-aqibəti haqda düşünmək və təfəkkür etmək bir çox dərslər aşılayır ki, pis aqibətdən qurtuluş həmin dərslərdən biridir; başqa sözlə, tarixin çirkin və qəddar insanlarının pis qibəti haqda düşünmək xeyirli aqibətə səbəb olur.
Azadlığın özəyi həqiqi tövhid və Allaha bəndəçilikdir. İmam Əli (ə) buyurur:
لا تَكُن عَبدَ غَيرِكَ و َقَد جَعَلَكَ اللّهُ حُرّاً؛
“Başqasına qul olma ki, Allah səni azad yaratmışdır.” (“Tuhəful-uqul”, səh.77.)
Başıucalıq və azadlıq pak olan insanlıq fitrəti və həqiqətindən qaynaqlanır. Qurani-Kərimin “Rum”surəsinin 30-cu ayəsində buyurulur:
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنيفاً فِطْرَتَ اللَّهِ الَّتي فَطَرَ النَّاسَ عَلَيْها؛
“Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut...”
Aşura vaqiəsində çoxlarının zülm ordusunda yerləşməsi və nəticədə, axır-aqibətlərinin pis olmasına əsas səbəb onların azad olmaması və madiyyata möhkəm bağlı olmaları idi. Elə buna görə də, imam Hüseyn (ə) düşmənlərə xitabən belə bir cümlə işlədir:
إن لَم يَكُن لَكُم دينٌ وَ كُنتُم لا تَخافونَ المَعادَ فَكونوا أَحراراً فى دُنياكُم؛
“Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyanızda azad olun.”(“Biharul-ənvar”, 45-ci cild, səh.51.)
Bu dərinmənalı ibarədən anlaşılır ki, hürriyyət və azadlıq həqiqi mənada dindar insanın dönməz etiqadının tərkib hissəsidir. Azadlıq və comərdlik qoxusu duymayan insanın nəinki dini olmaz, hətta insaniyyətini belə itirmiş olur. Demək, azadlığın ilkin pilləsi insaniyyətdir, ondan sonra isə dini həyaya sahib insan dini dəyərləri qorumağı qarşısına məqsəd qoyacaq və Hürr yolunun davamçısı şərəfinə nail olacaq!
Rza Şükürlü (Maide.az)