21 Noyabr 2024 - 21
Sual: Aşura qiyamının nəticəsi nə oldu?
Cavab: İmam Hüseyn (ə) zalım hökumətə qarşı məlum səbəblər üzündən qiyam edərək öz ailə və əshabı ilə birlikdə şəhadət məqamına nail oldu. Lakin bu məğlubiyyət demək deyildi: Çünki İmam Hüseynin qiyamı müsəlmanların ayılması, İslamın yenidən dirçəlməsi və bu kimi böyük səmərələrlə nəticələndi. Və biz o səmərələrin bir neçəsini nəzərinizə çatdırırıq:
1) Bəni-Üməyyə dövlətinin rüsvay olması
Bəni- Üməyyə hakimləri müxtəlif metodlarla öz hökumətlərini dini göstərməyə çalışıb və bu hədəf yolunda öz şənlərinə hədislər qondarıb, şerlər yazdırsalar da, Aşura faciəsi onların iç üzünü açıb xalqın arasında rüsvay etdi.
Yezidin qoşununun Aşura günü suyun qabağını bağlaması, uşaqları öldürüb qadınları əsir götürməsi, İmamın (ə) başını kəsib mübarək cəsədinin üstündə at çapması və bu kimi namərd hərəkətləri mövcud hakimiyyətin dinsiz- imansız olduğunu sübut etdi. Mücahid, o günləri görən bir şəxs kimi deyir: "Allaha and olsun ki, bütün camaat Yezidə nifrət hissi ilə lənət göndərirdilər".
Yezidin Aşura hadisəsindən sonra olan qüruru və sevinci çox çəkmədi. O, xalqın İmam Hüseyni (ə) öldürdüyü üçün ona qarşı olan nifrət və qəzəbini yaxından hiss etməyə başladı. Xalqın ona qarşı olan ikrahına dözə bilməyən Yezid, İmamın (ə) ölümünü Kufənin hakimi Ubeydullah ibn Ziyadın boynuna atdı.
Tarixçilər bu barədə yazır:
Yezid Aşura hadisəsindən sonra sevinclə Ubeydullahı Dəməşqə dəvət edib ona çoxlu ənamlar bəxş etdi. Onu öz yanında əyləşdirib dərəcəsini yuxarı qaldırdı. Sonra onu öz hərəmsərasına aparıb birlikdə qadınlarla əyyaşlığa məşğul oldular...
Amma xalqın kütləvi şəkildə ona qarşı çıxmasını gördükdə dözə bilməyib İmam Hüseynin (ə) qətlini Ubeydullahın üstünə atdı. Və bu məğlubiyyəti öz üzərindən götürmək üçün əlindən gələni etdi.
İbni Əsir yazır:
"İmam Hüseynin (ə) kəsilmiş başını Yezidin yanına gətirdilər. Yezid bu vəziyyəti gördükdə şad oldu. Və Ubeydullahı tərifləyərək onu mükafatlandırdı. Lakin çox keçmədi ki, Yezidə camaatın qəzəblənməsini, söyüş və lənət göndərməsini xəbər verdilər. Bu üzdən Yezid İmam Hüseyni (ə) öldürməkdən peşman olub deyirdi: "Allah Mərcanənin oğluna (Ubeydullaha) lənət etsin!... O Hüseyni (ə) qətlə yetirməklə camaatın mənə qarşı çıxmasına səbəb oldu. İndi xalq məni lənətləyir və məni özlərinə düşmən bilirlər. Mərcanənin oğlu mənim başımı bəlaya saldı. Əgər bilsəydim Hüseyni (ə) öldürtdürdüyümə görə lənətlənəcəyəm heç vaxt onu öldürtdürməzdim". Həmçinin Yezid əvvəllər Aşurada əsir düşmüş uşaq və qadınlara qarşı təkəbbürlə rəftar etdi. Onların xarabalıqda məskunlaşdırılmasına əmr etdi. Lakin az bir müddətdə xalqın etiraz səsi qalxdı. Yezid məcbur qalıb əsirlərə qarşı öz rəftarını dəyişdi. Və onların istədikləri vaxt Mədinəyə qayıtmalarına icazə verdi.
İmadəddin Təbəri yazır: "Həzrət Zeynəb Yezidin yanına bir nəfər göndərdi ki, onların əzadarlıq keçirmələrinə icazə verilsin. Yezid göstəriş verdi ki, əsirlər "Darul-hicarə"yə aparılsın və orada istədikləri qədər ağlasınlar. Əsirlər yeddi gün əza məclisi təşkil etdilər. Əza məclisinin təsiri altına düşən camaat hətta Yezidin sarayına girib onu öldürmək fikrinə düşdülər".
Yezid Aşura faciəsindən sonra dörd ildən çox yaşamadı, lakin insanların nifrət və lənətini həmişəlik Bəni-Üməyyə üçün miras qoydu.
2) Şəhadət ruhiyəsinin dirçəlməsi
Şəhadət hər bir xalqın ən üstün mənəvi dəyərlərindən biri sayılır. Hər bir millətin qüruru o millətin cavanlarının ölümdən qorxmaması və həmişə din, namus və ölkəsi uğrunda şəhadətə hazır olmasıdır. Lakin İslam dinində şəhadət, bütün məsləklərdən fərqli olaraq özünə məxsus bir məfhuma malikdir. İslamın şəhidə bəslədiyi xüsusi rəğbəti Quran ayələri və hədislərdən daha yaxşı başa düşmək olur. Qurani- kərim şəhidlər haqqında buyurur: "Allah yolunda şəhid olanlara ölü deməyin. Onlar diridirlər, lakin siz bunu dərk edə bilmirsiniz".
Başqa bir ayədə buyurur: "Allah yolunda şəhid olanlara ölü deməyin! Çünki onlar diri və Tanrı yanında ruzidən bəhrələnirlər. Siz isə bunu dərk edə bilmirsiniz"
Gördüyünüz kimi Qurani- kərim şəhidlərin diri olmasına israr edib və bu həqiqətin gərçəkliyini onların İlahi ruzisindən bəhrələnmələri ilə izah edir. Necə ki, şəhidin savabı haqqında da, belə buyurur: "Hər kim Allah yolunda cihad edib qalib gələ və ya şəhid ola biz ona çox böyük mükafat əta edərik".
Məhəmməd Peyğəmbər (s) Quranın şəhidlər barəsində olan ayələrini belə şərh edir: "Hər bir yaxşı əməldən, başqa bir üstün əməl vardır. Lakin şəhidlik məqamından daha üstün yaxşı bir əməl yoxdur".
Başqa bir rəvayətdə buyurur: "Heç bir qətrə Tanrı yanında şəhidin qanından düşən qətrə qədər sevimli deyil".
İslamın ilk yaranma tarixinə də baxdıqda yeni İslama iman gətirmiş müsəlmanların Allah yolunda cihad etməyə və şəhid olmağa nə qədər həvəsli olmaqlarının şahidi oluruq. Həzrət Əli (ə) İslam uğrunda şəhid olmaq barəsində belə buyurur: "Allaha and olsun ki, mənim şəhadətə olan sevgim, körpə uşağın anasının südünə olan sevgisindən daha güclüdür".
Həzrət Əli (ə) həmişə şəhadət arzusu ilə yaşayıb və bu məqsədə yetişmək üçün bütün cihadlarda ön cəbhədə qərar tuturdu. Hətta bir gün Ühüd döyüşündə çox qəhrəmancasına döyüşdükdən sonra Həzrət Həmzənin və bir neçə səhabənin qana bulaşmış cəsədlərini görüb qəm-qüssəyə batdı və Peyğəmbərin (s) yanına gəlib narahat halda "mən nə vaxt şəhadət məqamına yetişəcəyəm?"- deyə söylədi. Peyğəmbər (s) onun cavabında buyurdu: "Sənə müjdə verirəm ki, şəhid olacaqsan". Həzrət bu sözləri eşidib sakitləşdi.
Həmçinin, Xeysəmə və Səd ata-oğul idilər. Onlar Allah yolunda şəhadətə yetişmək üçün səy edirdilər. Elə bunun üçün də cihada getmək söhbəti ortaya gələndə onların hər biri özünün cəbhəyə getməsini, digərlərinin isə evdə ailənin başı üstə qalmasını lazım bilirdi.
Səd atasına deyir: "Atacan! Əgər bilsəydim ki, behişt və əbədiyyət qarşıda yoxdur, o zaman sənin döyüşə getməyini və özümün evdə qalmağımı tərcih verərdim. Lakin neyləyim ki, Tanrı yolunda şəhid olub behiştə daxil olmaq istəyirəm".
Xeysəmə oğlunun cavabında deyir: "Oğlum! İcazə ver qoy mən cəbhəyə gedim, sən isə evdə ailəyə başçılıq et".
Səd atasının təklifini qəbul etmək istəmir. Ata deyir: "Oğlum! Başqa çarə yoxdur. Gərək ikimizdən biri cihada gedib, o birisi evdə qalıb şəhadət məqamına yetişməkdən məhrum qalsın".
Bu zaman Səd atasına püşk atmağı təklif edir. Atası bu təkliflə razılaşır. Püşk, Sədin cəbhəyə getməsi ilə nəticələnir.
Nəhayət Səd Peyğəmbərin (s) kənarında İlahi düşmənlərinə qarşı döyüşdə şəhadətə yetişməklə öz arzusuna çatır.
Şəhadət eşqi ilə alışıb yanan ata, Məhəmməd Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: "Ey Rəsulullah! Mən "Bədr" döyüşündə iştirak edib şəhid olmaq arzusunda idim. Amma nə edim ki, püşk oğlumun adına çıxdı. Tanrı onu bu məqama layiq gördü. Buna baxmayaraq mən də şəhadətə yetişmək arzusundaydım. Mən də bu ülvi məqama yetişmək istəyirəm. Dünən gecə oğlumu yuxuda behişt bağlarının arasında gördüm. O mənə deyirdi: "Ata! Bizim yanımıza gəl, behiştdə bizimlə ol. Tanrının cənnətə aid verdiyi bütün vədələri haqdır". Allaha and olsun ki, cənnətə oğlumun yanına getmək istəyirəm...
Ey Allahın Rəsulu (s)! Tanrıdan istə ki, mənə tezliklə şəhadət, behişt və Sədin kənarında olmağı nəsib etsin".
Peyğəmbər (s) onun arzusunu Tanrıdan istəyir. Və Xəysəmə Ühüd döyüşündə al- qana bulanıb şəhadət məqamına çatır.
Şəhadət hissi ilə yaşayan müsəlmanlar Bəni- Üməyyə tayfasının hakimiyyətə gəlməsilə bu müqəddəs hisslərini günbəgün əldən verməyə başladılar. Hətta iş o yerə çatdı ki, camaat sakit və aram yaşayışlarını itirməmək üçün hər bir zülmün və zalımın qarşısında sükut etməyə razı oldular. Bu vəziyyət Müaviyənin ömrünün axırlarında öz son həddinə yetişmişdi. Həmişə dindar kimi tanınan kişilər və habelə qəbilə şeyxləri dünyapərəst olmuş və öz vicdanlarını mal və sərvətə görə satırdılar.
İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsi bu acınacaqlı vəziyyətin dəyişməsinə səbəb oldu. İmam öz qiyamı ilə müsəlmanlara xatırlatdı ki, İslamda dünyanı qazanmaq müqabilində vicdanın satılmasına icazə verilmir. İlahi dinində zülmə qarşı döyüşüb ölmək şəhadət və mənəvi zirvəyə yetişmək, zülmü qəbul edib yaşamaq isə alçalmaq və zəlillikdir.
İmam Hüseynin (ə) şəhadəti, şəhadət ruhiyyəsini müsəlmanların arasında yenidən dirçəltdi. Aşura hadisəsi bütün azadlıq sevərlərə örnək dərsi oldu. Aşuradan qabaq iyirmi il istibdadın qarşısında sakit qalmaq, Aşuradan sonra isə ardıcıl qiyamların başlanması söylədiklərimizə bir daha aydınlıq gətirir.
Doğrudan da Kərbəla faciəsindən sonra müsəlmanların vicdanlarının oyanması, Məhəmməd Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın və şəhadət kimi mənəvi dəyərlərin yenidən dirçəlməsi bu qiyamın zəruri olmasına ən böyük dəlil sayılır.
3) Bən-Üməyyənin əleyhinə qiyamlar
Aşura vaqiəsindən sonra Bəni- Üməyyənin əleyhinə ardıcıl şəkildə qiyamlar, bu vaqiənin əsas nəticələrindən biri kimi sayılır. Ona görə ki, bu qiyamların rəhbərləri Aşura hadisəsindən ilham alır və özlərini imamın ardıcılları və fədailəri kimi tanıtdırırlar. Biz bu qiyamların bir neçəsini çox ixtisarla bəyan etmək istəyirik:
1- Abdullah ibn Əfifin qiyamı
Abdulah mömin və mücahid bir şəxs idi. O Əhli-beytə olan zülm və sitəmlərə dözə bilməyib Ubeydullah ibn Ziyada qarşı qiyama qalxdı. Abdullah qorxmaz və cəsur olduğu üçün Ubeydullahla sərt danışır və bu işi camaatın gözü qabağında edirdi. Abdullahın şücaəti böyük bir qrupun ürəyindən qorxunu götürüb Ubeydulaha qarşı üsyan etməyə həvəsləndirirdi. Və nəhayət bu qəhrəman şəxsin rəhbərliyi altında xalqın bir qismi Yezid və Ubeydullahın hakimiyyətinə qarşı ayağa qalxdılar.
2- Mədinəlilərin qiyamı
Kərbəla qəhrəmanı sayılan Həzrət Zeynəb (ə) qardaşı oğlu İmam Zeynülabidinlə (ə) birgə bu hadisənin təbliğatçısı sayıldılar. Bütün müsəlmanların qeyrətini cuşa gətirən bu iki İlahi şəxsiyyət Mədinə camaatının da ayağa qalxmalarına səbəb oldular. Hətta iş o yerə yetişdi ki, Mədinənin hakimi Ömər ibn Səid, Mədinə camaatının hakimiyyətə qarşı çıxmasını xəlifə Yezidə yazdı və Yezid Həzrət Zeynəbi xalqdan uzaq saxlamağı əmr etdi.
3- Təvvabin (tövbə edənlər) qiyamı
Təvvabin İmam Hüseynin (ə) qiyamı zamanı ona kömək etməyən və sonradan peşman olaraq bir yerə cəmləşib Yezidin əleyhinə qiyam etmək istəyən tövbə edənlər idi. Peşmançılıq hissi və vicdan əzabına dözə bilməyən bu kütlə, günahlarının bağışlanmasını imamın qatillərini öldürməkdə və bu yolda cihad etməkdə gördülər. Bu kütləyə rəhbərlik edən Süleyman ibn Surəd Xəzai Aşura hadisəsindən sonra xalqı Bəni-Üməyyə əleyhinə təhrik etməyə başladı. Bu iş Yezidin ölümünə qədər davam etdi.
İnqilabçılar hicrətin 65-ci ili Yezidin ölümündən sonra İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün yola düşdülər. İmamın mübarək mərqədinə çatdıqdan sonra fəryad çəkərək zar-zar ağlamağa başladılar. Ah-nalə içində qərq olmuş Təvvabin hönkür-hönkür ağlayaraq deyirdilər: "İlahi! İmam Hüseyn şəhid və şəhidin oğlu, haqqa yönəlmiş, haqq sahibinin oğlu, doğru danışan və vicdanlı kişinin oğlu idi. Ey Rəbbimiz, özün onu rəhmətinə qərq et! İlahi! Biz imamımızın dinində və onun yolunda olmağımıza şəhadət veririk. Biz imamın dostları ilə dost, düşmənləri ilə düşmənik. İlahi! Biz peyğəmbər balasını tək qoyduğumuz üçün tövbə edirik və sən özün bizi bağışla..."
Dualarını oxuduqdan sonra Şam şəhərinə tərəf hərəkət etdilər. Çünki, Təvvabin İmam Hüseynin (ə) qətlini yalnız Şamda yerləşən hökumət idarəçiliyində görürdü. Yolun yarısında Üməvilərin qoşunu ilə üzbəüz gələn Təvvabin çox gərgin vuruşmalardan sonra şəhadətə yetişsələr də onların bu qiyamının Üməvilərin hakimiyyət sütunlarının titrəməsində çox böyük rolu oldu.
4- Muxtarın qiyamı
Təvvabin İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə yetişdiklərindən sonra, bu ağır vəzifənin davamını Muxtar Səqəfi öz öhdəsinə götürdü. Muxtar İmam Hüseynin (ə) qanının intiqamını almaq üçün başına 24 mindən çox qoşun toplaya bildi. O, Həzrət Əlinin övladlarından biri olan "Məhəmməd ibn Hənəfiyyə"dən öz qiyamı üçün göstəriş almağını deməklə xalqın bu qiyama olan etimadını bir az da çoxaldırdı.
Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala bildi. O, hətta bir gündə Kərbəla qatillərindən 280 nəfəri həlak etdi. Və cinayət başçılarından bir çoxunun evlərini viran etdi. Xarab olmuş evlərin arasında Kərbəlada baş vermiş cinayətlərdə böyük rolu olan "Məhəmməd ibn Əşəs"in də evi var idi. Muxtar göstəriş verdi ki, o evin ləvazimatı ilə Ziyad ibn Əbihin əmrinə əsasən sökülmüş Həzrət Əlinin (ə) yavərlərindən olan "Hicr ibn Ədi"nin evini bərpa etsinlər.
5- Abbasilərin qiyamı
Aşura hadisəsindən sonra Əməvi hakimiyyətinin süqutuna səbəb olan ən böyük qiyam, Abbasilərin qiyamı idi. Abbasilər hicrətin 132-ci ilində dövlət çevrilişi etməklə hakimiyyətə gəldilər. Abbasilərin qələbəsində rol oynayan ən böyük amil, Bəni-Üməyyə hakimiyyətinin Bəni-Haşimə və xüsusi ilə də İmam Hüseyn (ə) və onun ailəsinə olan zülmləri xalqa xatırlatmaq oldu.
Tarixçilər yazırlar:
"Əməvilərin axırıncı hakimi Mərvanın kəsilmiş başını Abbasilərin ilk xəlifəsi Əbul-Abbasın yanına gətirdilər. O, şükür səcdəsi etdi. Sonra səcdədən qalxıb Mərvanın kəsilmiş başına baxaraq dedi: "Allaha şükürlər olsun ki, mənim intiqamımı səndən və sənin qəbiləndən aldı... Artıq mənim üçün nə vaxt öləcəyim mühüm deyil. Çünki, Bəni-Üməyyədən iki min nəfər öldürməklə İmam Hüseynin (ə) intiqamını aldım".
Ələddin Məlikov