22 Noyabr 2024 - 22
Tarix boyu bu dörd dəstə mənfi xüsusiyyətləri ilə imama yardım etməkdə tərəddüd və büdrəyişlərə düçar olmuşlar.
Kərbəla macərası və onun bəla səhrası çirkinliklər və gözəlliklər meydanıdır. Bir çoxları bu ilahi sınaq imtahanından kəsilmiş, bəziləri isə eşq karvanına qoşularaq qəbul olunmuşlar.
“Dindar o kəsdir ki, bəla keşməkeşində dindar qalsın, yoxsa rahatlıq və xoş gündə nə çoxdur dindarların sayı!” Bu qiymətli söz Şəhid Aviniyə məxsusdur. (“Məqaleye səyyarere rənc”, Şəhid Mürtəza Avini.)
Bəzi “Nə olursa olsun, özümü eşq karvanına yetirəcəyəm!” – deyə düşünənlər bilməlidirlər ki, həmin karvana qoşulmaq elə də asan deyil, bu yolun üzərində qurulmuş bəla və imtahan dolamalarını aşmaq lazımdır. Təəssüf ki, insanın zəif nöqtələri o dolamaları aşmağa imkan vermir.
Allah-Taala dörd zümrəni İmam Hüseynin (ə) eşq karvanına qatılması üçün sınaqdan keçirdi ki, dünya xalqları bilsinlər. Bu dörd zümrə zəmanənin imamının dərdinə dəymir və onun hüzurunda şəhadət məqamına yetə bilməz. Tarix boyu bu dörd dəstə mənfi xüsusiyyətləri ilə imama yardım etməkdə tərəddüd və büdrəyişlərə düçar olmuşlar. Bir sözlə, dörd zümrə eşq karvanına qatılmağa müvəffəq olmadı:
1. Dünyapərəstlər: Kərbəla vaqiəsində bu zümrənin bariz nümunəsi Yezid ordusunun sərkərdəsi Ömər ibn Səddir. İmam Hüseyn ömrünün son günlərində bir neçə dəfə onunla görüşdü və onu məmur olunduğu ağır cinayətdən çəkindirməyə çalışdı. Amma Rey mülkü onun ağlını əlindən almışdı. İmam Hüseyn (ə) Ömər Sədlə görüşündə ona buyurdu: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?” Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.” İmam Hüseyn buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.” Ömər Səd dedi: “Qorxuram xurma bağımı müsadirə etsinlər.” İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm”. Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr”.
İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan”.
Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirtdi, dünya səltənətinə – Rey mülkünə də sahib ola bilmədi. Nəhayət Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirdi. (“Əl-fütuh”, İbn Əsəm, 5-ci cild, səh.164-166.)
Ömər ibn Səd və onun kimilər dünya tamahında nəinki öz imamına köməkdən qaldılar, həm də Rey mülkünün tamahına görə öz zəmanəsinin imamının önündə dayandılar.
2. Məşrut dindarlar: Bu zümrə öz imamına və Allahın dininə yardım etmək üçün şərt qoydu, “əgər belə olarsa, sizə qoşular və yardımçı olaram!” deyərək şərt irəli sürdülər. Təbəri yazır: “Zəhhakla Malik ibn Nəzr Ərhəbi İmam Hüseynin (ə) karvanı Kufəyə doğru hərəkət etdiyi zaman yol əsnasında o həzrətlə görüşdü. Hər ikisi dindar idi. İmam Hüseyn onların hər ikisindən yardım istədi. Onlar imama yardım edə bilməyəcəkləri üçün üzrxahlıq etdilər. İmam bunun səbəbini soruşduqda Malik ibn Nəzr dedi: “Mənim borcum var, həm də ailə başçısıyam”. Zəhhak isə imamın dəvətini şərtlə qəbul edib dedi: “Mənim də əhli-əyalım var, həm də camaata borcluyam. Amma icazənizlə, o vaxta qədər sizə yardımçı ola bilərəm ki, ətrafınızda döyüşçü olsun!” O, İmam Hüseynin karvanına qoşulub Kərbəlaya gəldi və hətta Aşura günü döyüşdü. Amma imamın səhabələrinin şəhadətə yetdiyini və bir neçə nəfərin qaldığını gördükdə imamın hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Aramızdakı şərti xatırlayırsınızmı?” İmam buyurdu: “Bəli, beyətimi sizin üzərinizdən götürdüm, siz azadsınız! Amma de görüm, düşmən qoşununun arasından necə çıxıb canınızı qurtaracaqsınız?” Zəhhak dedi: “Atımı çadırda gizlətmişəm, elə buna görə də piyada döyüşürəm”. (“Ənsabul-əşraf”, Bilazəri, 4-cü cild, səh.73.)
3. Bəsirətsizlər: Tarix bizi məcbur edir ki, böyük şəxsiyyətlərin bəsirətsizliyini unutmayaq və onların bəsirətsizliyi və uyğunsuz rəftarlarından ibrət alaq. Çünki nə çox şəxsiyyətlər imama yardımçı olmağı düzgün dərk etmədiklərindən karvandan geri qaldılar və sonradan da peşman oldular, amma sonrakı peşmançılığın nə faydası?! Süleyman ibn Surəd Xüzai bu xislətin ən bariz nümunəsidir. Tarixçilərə görə, o, Kufə şiələrinin nüfuzlu şəxslərindən idi. Siffeyn döyüşündə İmam Əlinin (ə) sərkərdələrindən və həmin dövrün İslam alimlərindən biri idi. Amma imam Həsənin dönəmində o həzrətlə Müaviyə arasında bağlanılan sülh müqaviləsinə qarşı etiraz etdi və hətta İmam Hüseynin hüzurunda da İmam Həsənin bu hərəkətinə öz etirazını bildirmişdi. O, məktub yazıb İmam Hüseyni Kufə şəhərinə dəvət edənlərin ilk təşəbbüskarlarından oldu. Amma o həzrətin səfiri həzrət Müslimi Kufəyə daxil olduqdan sonra himayə etmədi və sonra da İmam Hüseyni Kərbəla vaqiəsində yalqız qoydu.
4. Əhli-əyala bağlı olanlar: Ailəyə, övladlara, qohum-əqrəbaya və dostlara sevgi gərəkli bir məsələ olsa da, sözsüz, insan elə bu bağlılıqlar vasitəsilə sınanır. Allah-Taala “Ənfal” surəsinin 28-ci ayəsində buyurur: “
وَ اعْلَمُوا أَنَّما أَمْوالُكُمْ وَ أَوْلادُكُمْ فِتْنَةٌ
“Bilin ki, mallarınız və övladlarınız fitnədir – sınaq vasitəsidir”.
Demək, bu bəhanələrlə zəmanənin imamını yalqız qoymaq böyük günahdır. Tirimmah ibn Ədiyy Tai bu xislətin nümayəndəsidir. O, dörd süvari ilə birlikdə Kufədən çıxıb əl-Həcanat məntəqəsində İmam Hüseynə (ə) qoşuldu, Kufənin durumu haqda məlumat verdi və imamın karvanının sayının az olduğunu gördükdə dedi: “Sayınızı az görürəm, təkcə Hürrün qoşunu sizə qalib gəlmək üçün kifayətdir. Mən Kufədən çıxmamışdan bir gün qabaq çoxlu sayda insanın sizinlə döyüşə hazırlaşdığını gördüm. Mən indiyə qədər bu qədər qoşun görməmişəm. Səni and verirəm Allaha! Mümkündürsə, onlara yaxınlaşmayın, bizim qəbiləmizin sayı çoxdur. Birgə gedək bizim qəbiləmizin yanına. Bizim qəbiləmiz səni himayə edər”. İmam Hüseyn buyurdu: “Allah sənə və qəbilənə xeyir versin! Amma bu qoşunla (Hürrün qoşunu) peyman bağlamışıq ki, onu poza bilmərəm”.
Tirimmah imamdan icazə istədi ki, Kufədən alıb gətirdiyi ərzaq məhsullarını öz əhli-əyalına yetirsin, onlarla vidalaşıb geri dönsün və karvana qoşulsun. O karvandan ayrıldı, amma ailəsinə baş çəkib geri döndükdə yol əsnasında İmam Hüseynin şəhadət xəbərini aldı. Beləcə, Eşq karvanından geri qaldı! (“Əl-kamil”, İbn Əsir, 4-cü cild, səh.50.)
Rza Şükürlü (Maide.az)