21 Noyabr 2024 - 21
Sual: Nə üçün İmam Hüseyn (ə) qiyam etmək üçün Kufəni seçdi?
Cavab: Bu sual bütün İslam tarixi boyunca sünni, həmdə şiə mühəqqiq və tarixçilərinin ən çox düşündükləri məsələlərindən biri olmuşdur. Hər bir din alimi bu məsələyə öz düşündüyü kimi cavab vermiş və onu sübuta yetirmişdir. O cavablardan bir neçəsini burada qeyd edirik:
1. İmam Hüseyn öz siyasi hərəkətində məğlubiyyətə uğradı. Onun bu məğlubiyyətinə səbəb qiyam üçün Kufəni seçməsi oldu.
2. İslamın böyük şəxsiyyətlərindən olan Abdullah ibni Cəfər (xanım Zeynəbin həyat yoldaşı), Abdullah ibni Abbas, Abdullah ibni Muti, Musəvvər ibni Məxrəmə və Məhəmməd Hənəfiyyə İmam Hüseynə çox təkid etdilər ki, qiyam üçün Kufəyə getməsin. Çünki onların Kufədən heç bir xoş təəssüratları yox idi. İmam Əliyə və İmam Həsənə etdikləri xəyanət hələ də insanların yadında idi.
Amma imam onların dediklərini eşitməyib Kufəyə yollanır. Bu yerdədir ki, bəzi tarixçilər o cümlədən ibni Xaldun, imamın siyasi səhvə yol verdiyini iddia ediblər.
İbni Abbas və zəmanəsinin bir çox böyükləri imamın Kufəyə deyil, Yəmən və başqa şəhərlərə getməsini məsləhət bilirlər. İbni Abbas İmam Hüseynin getməkdə israrlı olduğunu görüb ona deyir: "Görürəm getməkdə çox israrlısan. Amma Kufəyə deyil, Yəmənə getsən, daha yaxşı olar. Ora sənin hədəfin üçün daha əlverişli olar. Çünki Yəmən torpaqları çox genişdir. Orada insanları daha tez ətrafında cəm edib, öz hədəfin üçün, başqa şəhərlərə göndərə bilərsən".
Nə üçün İmam Hüseyn (ə) bu nəzəri qəbul etmədi?
Şiə tarixçilərindən savayı, bir çox sünni tarixçiləri və hətta şərqşünaslar bu sualın cavabını şiə kəlamının mənbələrinə əsasən təhlil etdikdə belə qərara gəlirlər ki, imam bu işdə səhvə yol verib. Amma şiə tarixçiləri bu sualın cavabında iki nəzəriyyə bəyan edirlər.
Şəhadət nəzəriyyəsi
Bu nəzəriyyə aşağıdakı dəlillər əsasındadır:
1) Bütün imamlar imamət məqamına çatanda onlar üçün ömürlərindən bir səhifə açılır. Bunun nəticəsində imamlar öz həyat tərzlərini şəhid olana kimi müşahidə edirlər.
Bu səbəbdən də onlar ömürlərini necə müşahidə edirlərsə, onun əsasında da yaşayırlar.
2) İmam Hüseyn öz ömür səhifəsini belə görmüşdür: "Döyüş, öldür və şəhid ol. Bu yolda özünlə köməkçilər götür. Bil ki, onlar yalnız səninlə şəhid olacaqlar".
«قاتل فاقتل و تقتل واخرج باقوام للشهادة لا شهادة لهم الا معک»
İmam Hüseyn (ə) Allahın bu istəyi əsasında hərəkət edir. Yəni öz şəhadəti ilə barışmaqdan qeyri çarəsi qalmır. O, öz həyat tərzini və başına gələnləri Məkkədən Kufəyə gedərkən ikinci dəfə yuxuda görür. Yuxuda Peyğəmbər (s) onu başına gələcəklərdən xəbərdar edir, İmam Hüseyn qardaşı Məhəmməd Hənəfiyyə niyə getdiyini soruşduqda ona belə deyir: "Peyğəmbər (s) yuxuda mənim yanıma gəlib dedi: "Ey Hüseyn! Şəhadətə tərəf hərəkət et".
«یا حسین اخرج فان الله قد شاء ان یراک قتیلا»
Deməli, İmam Hüseyn başına gələnlərdən xəbərdar olaraq hərəkət edib, o həzrət çox böyük müvəffəqiyyətlə bu işi yerinə yetirdi. Bir halda ki, ondan sonra heç bir İmam üçün belə vəzifə təyin olunmamışdır.
Deməli, İmam Hüseyn Kufəyə getməkdə Allahın istəyin yerinə yetirir. Yəni Allah-Taalanın razılığı onun Kufəyə yola düşməsində idi. Bundan əlavə İmam Hüseyn (ə) zəmanəsinin ən elmli, siyasətçi, aqil insanı idi. Öz zəmanəsində kamillikdə ondan üstün kimsə yox idi. Bu səbəbdən də imam kufəliləri ibni Abbas və başqalarından yaxşı tanıyırdı. İmam yaxşı bilirdi ki, kufəlilər əhdə vəfa etməyəcəklər və nəinki ondan üz döndərəcəklər, hətta ona qarşı əllərinə qılınc da götürəcəklər, nəhayət o öz dəvətçilərinin xəyanəti ilə şəhadətə yetişəcək.
Bir çox nəzər sahibləri və tarixçilər imamın bu "şəhadət"ini müxtəlif bəyanlarla təfsir etmişlər. Bir çoxları bu şəhadətin insanlar üçün əmr-be-məruf və nəhy-əz-münkər (yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək - red.) kimi təfsir edirlər. Bəziləri isə İmam Hüseynin qanını "İslam ağacının suyu" kimi təfsir edirlər. Yəni imam öz qanı ilə qurumaqda olan İslamı suvardı və onu yenidən yaşıllaşmağa və çiçəklənməyə doğru sövq etdi.
Bu qan İslamın möhkəmlənməsinə və Bəni-Üməyyənin rüsvay olub puç olmasına səbəb oldu. Bundan əlavə, Bəni-Üməyyə bu cinayətdən sonra İslam tarixində bir daha başını uca tuta bilmədi.
Amma bəzi şiə olmayan tarixçilər və mühəqqiqlər heç bir əsaslı möhkəm dəlilə söykənməyən nəzərlər bəyan etmişlər. Həmin nəzərlərdən biri də budur: "İmam Hüseyn öz şəhadəti ilə öz ardıcılarının günahlarına kəffarə oldu və şiələrə nicat verdi".
Bu inanc eynilə xristian əqidəsinin əsas stünlarından olan "fidyə" mövzusunun bənzəridir.
Xristianların inancına əsasən həzrət İsa (ə) çarmıxa çəkilməklə bütün xristian aləminə Adəmin günahlarından nicat verdi".
Şəhadət nəzəriyyəsinə edilən iradlar:
1) İmam Hüseynin şəhadət mövzusunda xüsusi missiyasının olması, yəni bu şəhadətin onun üçün "alın yazısı", "tale" olması imamın insanlar üçün nümunə və nicat mənbəyi olması fikrinə ziddir. Bu fikir, həmçinin özündən sonra gələn imamların da fəzilətinə xələl gətirir. Halbuki bütün insanlara imama itaət etmək və onun əmrlərini yerinə yetirmək vacibdir.
2) İmam Hüseynin bəzi açıqlamaları bu nəzəriyyə ilə əks mənaları daşıyır. İmam öz səhabələrinə buyurur:
«لکم فیّ اسوة»
"Mən sizin üçün nümunəyəm," amma bir imam ki, yalnız yazılmış proqramlar əsasında davranır və öz iradəsi ilə heç bir addım atmır, necə başqalarına nümunə ola bilər?!
3) Düzdür ki, imamın Kərbəlada şəhid olacağına Peyğəmbər (s) və həzrət Əli bir sıra işarələr etmişdilər.
Həmçinin imamın bəzi kəlamlarında da bunu müşahidə etmək olar. Amma bu o demək deyil ki, imam Kərbəlaya və ya Kufəyə məhz şəhid olmaq üçün getmişdir. Yəni İmam Hüseynin qiyamının əsas səbəbi onun şəhid olması deyildi.
Əksinə imamın qiyam etməkdə və Kufəyə getməkdə ümdə hədəflərini onun öz kəlamlarında müşahidə etmək olar. Misal üçün, imam Məkkədən Kufəyə gedərkən qardaşı Məhəmməd Hənəfiyyəyə buyurur:
«... و انما خرجت لطلب الاصلاح فی امة جدی، ارید أن آمر بالمعروف وانهی عن المنکر و اسیر بسیرة جدی و أبی علی ابن ابیطالب»
"Mənim Məkədən getməyimə əsas səbəb cəddim Rəsulullahın (s) ümmətini islah etmək, onları doğru yola yönəltmək, pis işlərdən çəkindirmək və Rəsulullahın (s) və atam Əlinin (ə) əsas üslublarını diriltməkdir".
İmamın bu cümlələrindən "ümmətin islahı, hidayəti və zalımlara qarşı üsyün" başa düşülür. İmam heç vaxt öz hərəkatında şəhid olmağı əsas hədəf təyin etməmişdir.
2) İslam hakimiyyətinin qurulması
"İmam Hüseyn (ə) Kufəyə İslam hakimiyyəti qurmağa getmirdi. Amma verilən vədlərdən və yazılan məktublardan sonra qələbəyə nail olacağına inanaraq yola düşmüşdü".
Bəzi yazıçıların nəzərinə əsasən bunu Seyid Mürtəza (ləqəbi: Ələmülhuda (355-436 h.q.)) İmam Hüseynin (ə) qiyamı haqqında verilən sualın cavabında demişdir.
Yuxarıda qeyd etdiyimiz (Seyid Murtəzanın nəzəri) nəzər, demək olar ki, heç bir şiə tarixçisi və alimi tərəfindən qəbul olunmamışdır. Əksinə, Şeyx Tusi, Seyid ibni Tavus, Əllamə Məclisi və bir çox digər alimlər bu nəzəri birbaşa rədd etmişdilər. Həmçinin müasir tarixçilər də bunu qəbul etməyiblər. Yəni təhlillərlə, sünni alimlərinin və şərqşünasların bu mövzuda olan şübhələrinə yetərincə cavab vermişdilər. O cümlədən şəhid Mütəhhəri və doktor Əli Şəriəti bu məsələdə bəzi şərqşünas və sünni alimlərlə həmfikir olan müasir alimlərlə də müxalif olmuşlar. Çünki bu nəzəri təsdiq edən tarixçilər İmam Hüseynin qeyb aləmindən xəbərsiz olduğunu demək istəyiblər. Yəni bu cavabın nəticəsi belə olur.
Amma İmam Hüseynin qiyam və Kufədə hakimiyyət qurması üçün Məkkədən Kufəyə getməsini, demək olar ki, bütün şiə tarixçiləri qəbul edir. O cümlədən Ayətullah Xomeyni İmam Hüseynin müqəddəs qiyamının əsas səbəbini "Yezid hakimiyyətini rüsvay etmək və əsil İslam hakimiyyəti qurmaq" olduğunu müxtəlif bəyanlarla təsdiq etmişdir. O, İmam Hüseynin inqilabını böyük islah və İslam hakimiyyəti uğrunda olduğunu bəyan edərək deyir:
1) "İmam Hüseyn (ə) Müslim ibni Əqli Kufəyə göndərdi ki, o, insanları haqq yola dəvət etsin və onlardan beyət almaqla İslam inqilabının təməlini qoysun. Həmçinin bununla fasiq Yezid hakimiyyətinə son qoysun". (6, 3, 1350. Nəcəf şəhəri)
2) "İmam Hüseynin (ə) Məkkəyə gəlişi və oradan tələsik çıxması böyük bir siyasi hərəkat idi. Bu siyasi hərəkatın əsas hədəfi Bəni-Üməyyə hakimiyyətini aradan aparmaq idi. Əgər bu siyasi hərəkat olmasaydı, İslam dini aradan getmiş olardı". (6, 3, 1350, Nəcəf şəhəri)
3) "İmam Hüseynin gəlişi İslam inqilabı üçün idi. Kim desə "imam inqilab üçün gəlməmişdi" səhv edir. Hakimiyyət onların haqqıdır".
İmamın İslam inqilabı üçün qiyam etməsinə dəlillərimiz:
1) İmam Hüseynin (ə) qiyamı və hakimiyyət üçün Kufəyə getməsinə ən əsas dəlilimiz imamın öz kəlamlarında açıq-aşkar müşahidə olunur. İmam Mədinədən Məkkəyə tərəf hərəkət edən zaman üç əsas hədəf üçün getdiyini bəyan edir. İmam ictimaiyyətin ümumi islahını insanları yaxşı işə dəvət edib, pis işdən çəkindirməkdə, eləcə də Peyğəmbərin (s) və İmam Əlinin tarixini və sünnəsini bərpa edib ona əməl etməkdə gördüyünü deyir. Məlum məsələdir ki, hər hansı bir ictimai islah üçün ən gözəl əlverişli üsul İslam qanunlarının hakimiyyət tərəfindən tətbiq edilməsidir.
İnsanları yaxşı işlərə sövq etmək və pis işlərdən çəkindirmək üçün fasiq və fasid strukturların məhv olması lazımdır. Əgər onlar məhv olmasa, ictimai sağlamlığın bərpası mümkün deyildir. Həmçinin İmam Hüseynin "Peyğəmbər və Əlinin sünnəsini "bərpa etməkdə əsas hədəfi İslam hakimiyyətinin qurulması idi.
2) Kufəlilərin (imam onların arasında olmadan) imama məktub yazıb, o həzrətin Kufəyə gələrək onlara hakim olmasını istəmələri, imamın da eyni zamanda onlara naib (Müslüm ibni Əqil) göndərməsi və sonra özü də Kufəyə tərəf yollanması imamın hakimiyyət üçün Kufəyə getməsinə bir dəlildir. Kufəlilərin məktub yazmaqda da əsas hədəfi bu idi ki, onlar Yezidin hakimiyyətini "İlahi xilafət" kimi qəbul etməmişdilər. Lakin imamın gəlişi və Kufədə hakim olmasını "İlahi xilafət" kimi qəbul edirdilər. O cümlədən Kufənin böyükləri, Süleyman ibni Surəd Xuzai, Museyb ibni Nəcbərə, Həbib ibni Məzahirin yazdıqları məktubda belə oxuyuruq:
«إنه لیس علینا امام، فاقبل لعل الله ان یجمعنا بک علی الحق...»
"Bizim Allah tərəfindən seçilmiş rəhbərimiz yoxdur. Bizə tərəf gəl ki, bəlkə Allahın razılığını qazanaraq haqq olan cəmiyyətlər sırasına qoşula bildik".
3) İmam Hüseynin kufəlilərə yazdığı məktubdan və Müslim ibni Əqili göndərməyindən belə nəticə alırıq ki, imam qiyam etməklə Kufədə hakimiyyət qurmaq istəyib. İmam kufəlilərə yazdığı məktubda belə deyir:
«وقد فهمت کلّ الذی اقتصصتم و ذکرتم و مقالة جلکم إنه لیس علینا امام فاقبل لعل الله أن یجمعنا بک علی الهدی و الحق»
"Mən sizin məktublarınızdan belə başa düşdüm ki, sizin imamınız yoxdur və sizə adil hakim lazımdır".
4) İmamın yazdığı digər məktublardan və onun məzmunundan Onun Kufədə hakimiyyət qurmaq istəməsindən xəbər verir. Çünki imam hakimiyyətin əsas şərtlərini İslam qanunlarının əsasında olduğunu bəyan edir. Məktubların birində belə yazır:
«فلعمری ما الامام الا العامل بالکتاب و الآخذ بالقسط والدائن بالحق و الحابس نفسه علی ذاتالله»
"And olsun canıma! O şəxslər imam ola bilər ki, Allahın kitabının dərinliyini bilsin, haqq- ədalət tərəfdarı olsun və haqqı icra etmək üçün Allaha xatir əlindən gələni əsirgəməsin".
5) Müslim ibni Əqilin Kufədəki fəaliyyətləri, həmçinin onun beyət alması, beyət edənlərin adlarının yazılması və sayılması (18 min nəfər) imamın İslam hakimiyyəti qurmasından xəbər verir.
6) Bəni-Üməyyə tərəfdarlarının Kufədə təşvişə düşmələri və Kufə hakimiyyətinin xətərdə olduğunu hiss etmələri, Müslimin gəlişindən qorxmaları və Yezidə məktub yazmaları imamın Kufə hakimiyyətini ələ almaq istəməsindən xəbər verir. Məktubda deyilirdi:
«فإن کان لک بالکوفة حاجة فابعث إلیها رجلاً قویاً ینفذ امرک و یعمل مثل عملک فی عدوّک»
"Əgər Kufəyə ehtiyacın varsa, bura siyasətdə güclü və düşmənlə amansız olan bir nəfəri bura göndər. O şəxs sənin dediklərinə əməl etməlidir".
7) Müslim ibni Əqilin imama dəvət məktubu yazaraq kufəlilərin onun yolunu səbirsizliklə gözləmələrini deyib, eyni zamanda imam onun sözünü təyid edib. Qeys ibni Müshirdən cavab məktubu göndərməsi imam üçün Kufədə qiyam şəraitinin yaranmasından xəbər verir. İmam məktubda onlara belə deyir:
«... فإن کتاب مسلم بن عقیل جاءنی یخبرنی فیه بحسن رأیکم و اجتماع ملأکم علی نصرنا والطلب بحقنا فسألت الله أن یحسن لنا الصنع و أن یثیبکم علی ذالک اعظم الاجر و قد شخصت الیکم من مکة یوم الثلثا لثمان مضین من ذیالحجة یوم الترویه فإذا اقدم علیکم رسولی فانکمشوا أمرکم و جدوا فانی قادم علیکم فی أیامی هذه»
"Müslümün məktubunu aldım. Bizə öz haqqımızı almaqda köməkçi olduğunuz üçün Allah- Taala sizə gözəl əcir versin. Mən sizin məktubunuzdan sonra Məkədə həcc əməllərini yerinə yetirməmiş sizə tərəf gəlirəm. Mənim qasidim sizə çatan kimi öz işlərinizə daha da ciddi yanaşın. Bütün işlərinizi ciddiyyətlə yerinə yetirin. Mən də tezliklə gəlib sizə yetişəcəyəm".
Bu nəzəriyyənin əsas iradları:
Bu nəzəriyyənin iki əsas iradı vardır ki, onları aşağıda qeyd edirik:
1) Bu nəzəriyyə şiənin əqidəvi məsələləri (imamın qeyb aləmindən xəbərdar olması) ilə eyni istiqamətdədir.
2) Bu nəzəriyyənin nəticəsi imamın öz siyasi hərəkatında xətaya yol verməsidir.
Mövzumuz tarixi təhlil olduğu üçün kəlam elminə aid olan mövzulara (ismət, elmi qeyb və sair) toxunmuruq. O cümlədən burada olan iradları və sübutları tarixi-elmi təhlillər çərçivəsində cavablandıracağıq. Amma bunu da qeyd edək ki, bu mövzunu kəlam elmi çərçivəsində də həll etmək olar. İslam hökumətinin qurulması üçün bütün təhlillər və tədbirlər olduqca dəqiq olmalı və bu işdə hər kəs öz vəzifəsinə dəqiq əməl etməlidir. Bu işi görmək istəyən şəxslər gərək bütün ictimai vəziyyəti nəzərə almalı və inqilabın baş tutmasının hansı vəziyyətdə baş verməsini dəqiq ölçüb- biçməlidirlər. Amma təbii ki, nəticə Allahın ixtiyarındadır. Yəni hər kəs İslam dini üçün öz vəzifəsini tamamlayaraq yerinə yetirsə, onun qalib gəlməməyi onun özü üçün mühüm olmamalıdır.
Həmçinin İmam Hüseyn bütün ictimai səhnələri yoxlayandan və qasidin (Müslimin) ona hər şeyin hazır olduğunu deyəndən sonra bu addımı atmışdır. Baxmayaraq ki, kufəlilər ibn Abbasın dediklərini feili surətdə doğrultdular, amma burada heç bir xətaya yol verməmişdir.
İmamın qiyam etməsi ağıl və zəka əsasında idi
Əgər hər hansı bir siyasi şəxsiyyət öz qiyamı üçün müxtəlif təhqiqatlar aparmaqla ortaq məxrəcə gəlib addım atarsa və gözlənilmədən hər hansı bir hadisə qələbəni tamamilə aradan apararsa, bu yerdə kimsə onu ittiham edə bilməz.
Bizim tarixi təhlillərimizə əsasən İmam Hüseyn Kufənin bütün ictimai və siyasi vəziyyətini dəqiq araşdırmış və qiyam üçün münasib vaxt olduğunu bildirmişdir. Çünki kufəlilər ilk dəfə Müaviyənin xilafəti dövründə imamı qiyam üçün Kufəyə dəvət etmişdilər. Amma imam vəziyyəti dəqiq araşdırdıqdan sonra onlara rədd cavabı vermişdi. Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə belə bu məsələyə müsbət rəy verməyə icazə verməmişdir. Heç bu dəfə də qətiyyən kufəlilərin sözünə etibar etməmiş ən yaxın adamını Müslim ibni Əqili vəziyyətlə yaxından tanış olmaq üçün Kufəyə göndərmişdir.
Müslim bir ay Kufədə qalıb vəziyyətlə yaxından tanış olduqdan sonra imama şəxsən dəvət məktubu yazmışdır. İmam da hər şeyin tam məsləhətli olduğunu bilərək sürətlə Məkkədən hərəkət etdi. Əlbəttə, Məkkədən çıxmağının bir səbəbi də canının xətərdə olması idi.
Amma gözlənilməyən amillər səbəb oldu ki, Kufəyə gedib çıxa bilmədi. Məsələn, Kufənin hakiminin dəyişməsi, yəni Numan ibni Bəşirin yerinə Abdullah ibni Ziyadın rəhbərliyə gətirilməsi, kufəlilərin öz beyətlərini sındırmaları və sair bu kimi gözlənilməz səbəblər imamın qiyamının baş tutmamasına səbəb oldu.
«کان یزید ابغض الناس فی عبیدالله بن زیاد»
Belə demək olmaz ki, Yezidin adamları, o cümlədən ibni Ziyad yaxşı siyasətçidirlər. İbn Ziyadın Kufəyə gəlməsinə əsas səbəb Yezidin onunla olan düşmənçiliyi idi. Çünki Yezid xeyli vaxt idi ki, ibn Ziyadı Bəsrə hakimliyindən çıxarmaq üçün bəhanələr axtarırdı. Kufədə baş verən hadisələr buna bir bəhanə idi. Amma ibn Ziyad Kufənin hazırkı vəziyyətindən istifadə etməyi yaxşı bacardı. Əgər Müslim ibni Əqilin də elə geniş imkanı olsaydı, o da vəziyyətdən ibn Ziyad kimi istifadə edə bilərdi. Yəni, hətta Müslim Kufədə qiyam edib hakimiyyəti ələ keçirə bilərdi. Məsələn, əgər şəriki Hani ibn Urvə və İmarət ibn Əbdusselulun məsləhətini qəbul edib, Haninin evində ibn Ziyadı öldürsəydi, imam gəlməzdən öncə hakimiyyəti ələ ala bilərdi.
Deməli deyə bilərik ki, İmam Hüseynin məsələyə baxışı ilə ibn Abbasın iyirmi il bundan öncə olan baxışında geniş fərq vardır. Çünki ibn Abbas həzrət Əlinin dövründə olan insanların dəyanətinə istinad edərək rəy verirdi.
Amma imam işlərdən agah olub getmək qərarına gəlmişdi. Bundan əlavə imam Süleyman ibn Surəd, Həbib ibn Məzahir və Müslim ibn Əqil kimi şəxsiyyətlərin dəvətindən sonra getmək qərarına gəlmişdi. Bir halda ki, ibn Abbas və digərlərinin imamın getməməsini əsaslandırmaq üçün heç bir dəlilləri yox idi. Həmçinin kufəlilərin imama qoşulub qiyam etməkdə fikirləri müxtəlif idi:
Birincisi, çoxları Kufənin keçmiş şərafətini özünə qaytarmaq istəyirdi. Çünki Müaviyənin hakimiyyətindən öncə Kufə İslam dünyasının paytaxtı sayılırdı. Amma Bəni-Üməyyə ailəsi paytaxtı Şama köçürərək kufəliləri qapalı şəraitdə saxlamaq niyyətində idi. Kufəlilərin bəziləri bu tilsimi qırmaq üçün imama qoşulub qiyam etmək istəyirdilər.
İkinci dəlil budur ki, Bəni-Üməyyə hüquq baxımından özləri ilə kufəlilərin arasında xeyli fərq qoyurdular. Xüsusən Peyğəmbər (s) ailəsi ilə dostluq edən qəbilələri və adi insanları incidir və onlara zülm edirdilər.
Üçüncü dəlil isə insanların öz zəkaları idi. Onlar Yezidin hakimiyyəti ilə Peyğəmbər (s) ailəsinin hakimiyyətini yaxşı müqayisə edib, nəticə ala bilirdilər. İmam Hüseynin ictimai ədaləti layiqincə yerinə yetirəcəyində heç bir kufəlinin şəkki yox idi. Bu məsələyə də diqqət etmək lazımdır ki, heç kəs Yezidi siyasətçi, öz işlərində ağıllı və savadlı hakim kimi tanımırdı. Əksinə, onu əqidəsində süst, meymunbaz və heç bir ictimai fəaliyyəti olmayan şəxs kimi tanıyırdılar. Bu səbəbdən də imamın qələbə ehtimalı olduqca çox idi. Yezidin əsl xilafət kürsüsündə zəifliyi və Kufədə də Bəşir ibni Numanın zəifliyi imamın qalib gəlməsi və bütün İslam dünyasına nəzarəti ələ alması qaçılmaz idi.
Deməli, bütün bu saydıqlarımızdan və təhlillərimizdən belə nəticə alırıq ki, imamın Kufədə qiyam etməsi, qiyam üçün Kufəni seçməsi realist yanaşmaya əsasən, olduqca düz və yerində olan bir oyanış idi. Amma gözlənilmədən baş verən hadisələr gözlənilən nəticənin tam əksini ortaya çıxartdı. Yəni heç kəsin gözləmədiyi halda bütün işlər tam əksinə nəticələndi. Əlbəttə bu hadisələrin heç biri imamın siyasətinə irad və xələl gətirə bilməz.
Ələddin Məlikov