21 Noyabr 2024 - 21
Oldu mahi‐mühərrəm, Əbbas əzası gəldi,
Olsun fədayi‐ümmət əldə livası gəldi.
İbni‐Ziyadun ol vəqt büğzi edübdi tüğyan,
Eylübdi İbni‐Sədi sərdari‐ceyşi‐üdvan,
Verdi dübarə Şimrə qətli‐Hüseynə fərman,
Şimrün əlində xəncər, yoxdur həyası gəldi.
Şimri‐dəni Ömər Sədi eylüb məzəmmət,
Eylüb cidalı təsdiq, ol mayeyi‐şərarət,
Söylərdi Şahi‐Yəsrib, başlandı tazə möhnət,
Ali‐Əlinin üstə, dəhrün bəlası gəldi.
Zeynəb deyərdi, ya Rəbb, başlandı tazə yasim,
Ətrafı aldı düşmən, oldı əyan hərasim,
Tarac olar cəlalım, talan olar libasim,
Əlan evim yıxıldı, Şimrün sədası gəldi.
Gəldi nidayə Külsum eylərdi şurü şivən,
Söylərdi, ya İlahi, yox çarə, neyləyim mən,
Əbbasımı bu çöldə qolsuz salalla düşmən,
Çün Növfəl ibni Mürrə, əldə cidası gəldi.
Söylərdi Leyla, yaxşı düşdüm kənar elimdən,
Nakam Əli balamı düşmən alar əlimdən,
"Va möhnəta" sədası düşməz, Xuda, dilimdən,
Xəncər əlində Münqiz, zülmün binası gəldi.
Qasim anası tökdi əşki‐bəsər üzarə,
Bikəs iki yetimüm eyləllə parə‐parə,
Vəqt oldu növərusi geysün libasi‐qarə,
Qanə dönən hənası, ruzi‐bükası gəldi.
Gözyaşlı çün Rübabə söylərdi, Əsğərim, yat,
Gəl ki, solan susuzdan ziba güli‐tərim, yat,
Gəlməz suya gümanım, səbr eylə, yavərim, yat,
Çün Hərmələ əlində, tiği‐cəfası gəldi.
Hərgah Hüseynisən, gəl hər gün fəğanə, Nadim
Sal “va Hüseyn” sədasın ruyi‐cəhanə, Nadim,
Hər gün köçər müsafir, bax karivanə, Nadim,
Əzrailin görərsən bir gün sədası gəldi.
Hüseyn Nadim Naxçıvani-Nehrəmi