21 Noyabr 2024 - 21
Sual: Nə üçün İmam Hüseyn (ə) öz hərəkatının başlanğıcında Mədinədən Məkkəyə getdi?
Cavab: İmam Hüseynin Mədinədən çıxmasının əsas səbəblərindən biri də, Yezidin Mədinənin hakimi, Vəlid ibni Ütbəyə yazdığı məktub olmuşdur. Yezid məktubunda Vəliddən ona beyət etməyən şəxslərdən məcburi surətdə beyət almasını tələb etmişdi. Təbii ki, beyət etməyənlərdən biri də İmam Hüseyn idi. İmam da öz növbəsində yaxşı bilirdi ki, Vəlid beyət almazsa, onu rahat buraxmayacaq.
Düzdür ki, Vəlid imamın qanını tökməkdən qorxurdu və bu işin nəticəsini bilirdi. Amma Bəni-Üməyyə və xüsusən də Mərvan Vəlidi bu işə məcbur edirdi. Yezid Vəlidə "müxalif şəxslərdən beyət al" əmrini verdikdə Mərvan belə deyir: "Mənim nəzərim budur ki, bu saat onların beyət etməsi üçün adam göndər. Əgər beyət etməsələr, başlarını kəs. Çünki onlar Müaviyənin ölümündən xəbərdar olsalar, bizim işimiz olduqca çətin olacaq. Onların hərəsi bir tərəfə gedərək müsəlmanları öz ətraflarına toplayaraq qiyama qalxacaqlar".
Bu səbəbdən imam Mədinəni tərk etmək qərarına gəlir. İmam yaxşı bilirdi ki, bir müddət sonra Mədinə şəhəri ona və Peyğəmbər (s) ailəsi üçün olduqca xətərli olacaq. Odur ki, bütün ailəsi və səhabələri ilə birlikdə Mədinə şəhərini tərk edir. İmam Hüseyn Mədinəni tərk edərkən Musanın Misiri tərk edərkən oxuduğu ayəni oxuyur.
Çünki imam özünü Mədinədə asudə hiss etmirdi.
«فَخَرَجَ مِنْهَا خَائِفاً يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِى مِنَ الْقَوْمِ الظَّالِمِينَ»
(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: "Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver!"
Musa düşməndən qorxu və intizar içində Misirdən Mədyənə tərəf çıxıb: "Pərvərdigara, mənə bu zalım tayfanın əlindən nicat ver!", dedi.
İmam Hüseyn Məkkəyə getmək qərarına gələn zaman heç bir tayfanın və şəhərlərin Müaviyənin ölümündən xəbəri yox idi. Hətta imama beyət və dəvət məktubları da gəlməmişdi. Bu səbəbdən də heç bir şəhərdə hakimiyyətə qarşı etiraz səsləri baş qaldırmamışdı.
İmam eelə bir şəhər seçməli idi ki, orada tam asudə surətdə öz layihələrini həyata keçirməli və öz fikirlərindən müsəlmanları agah etməli idi.
İmam Hüseynin Məkkə şəhərini seçməkdə əsas hədəfi Məkkənin iki cəhətdən onun üçün əlverişli olması idi. Birinci Məkkənin əmin bir yer olması idi. Necə ki, Quranda buyurulur: "وَمَن دَخَلَهُ كَانَ آمِناً" - "Kim ora daxil olsa, amandadır (amanda olmalıdır)". ("Ali-İmran", 97)
Digər səbəb isə bütün müsəlmanların orada cəmləşməsi idi. Çünki bütün müsəlman şəhərlərindən Məkkəyə həcc və ümrə ziyarətinə gələnlər olurdu. İmam bu vasitə ilə həm müsəlmanların hazırkı vəziyyətindən xəbər tutur və həm də onlara Yezidlə müxalif olduğunu çatdırırdı. İmam bu yolla demək olar ki, yaxın şəhərlərdən xəbərdar olurdu. (Bəsrə və Kufə kimi).
Bu minvalla İmam Hüseyn hicrətin 60-cı ili, cümə axşamı, şaban ayının üçü Məkkə şəhərinə daxil olur və həmin ilin axırı, yəni zilhəccə ayının səkkizi oranı tərk edir.
İmam Hüseynin əvvəlki cavablarından belə məlum olur ki, o, Məkkədə qan tökülməsinin və Kəbə evinin ehtiramının qorunması üçün Məkkə şəhərini tərk edir. İmam Bəni-Üməyyənin bu çirkin əməli törədəcəyini ehtimal etsə də, Məkkədə qan tökülməsinə heç vaxt razı olmur. Bundan, hətta Abdullah ibni Zübeyri də xəbərdar edir. Çünki bu hadisədən sonra Abdullah ibn Zübeyr Məkkənin hörmətini ayaqlar altına ataraq orada qan tökür. İmam onunla söhbətlərində buyurur: "Atam Əli mənə xəbər verib ki, Məkkədə bir nəfər qurbanlıq qoç kimi öldürüləcək. Mən o qurbanlıq qoç olmaq istəmirəm".
Ələddin Məlikov