24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

İmam Hüseyn Allah rizasını dini cameəyə qaytarmaq üçün qiyam etdi
06.12.2018

Əhli-beyt üçün müsibətləri yüngül edən amil Allah rizasının möhürünün orada olması idi. Necə ki, Əlinin qızı həzrət Zeynəb İmam Hüseynin mübarək cəsədinin yanına gəldi, ağanın çiynindən yapışaraq gücü çatan qədər yerdən qaldırdı və üzünü asimana tutub dedi: "İlahi, sənin eşqində, sənin məhəbbətinə xatir verdiyimiz bu balaca qurbanlığı bizdən qəbul et".

Çünki bu ailə Allahın rizasını əldə etmək üçün, hətta Hüseyn ibn Əlinin - Sultani-Kərbəlanın cəsədini belə Allaha kiçik bir qurban kimi qəbul edirdilər.

İmam Hüseynin baxışı fərqli idi. İmam Hüseynin mehvəri, meyarı fərqli idi. Ona görə də Onun qiyamının nəticəsinə təkcə əqlin və elmin gözü ilə deyil, hikmət nöqteyi nəzərindən baxmaq lazımdır.

Kərbəlanın hikmətləri var. Kərbəla insanlara şücaət, vəfa, qeyrət, dinin öndərliyini, Allahın öndərliyini, Peyğəmbərə beyətdə sadiq qalmağı, pak yaşayıb, pak ölməyi və haqqın yanından olmağı öyrətdi.

Bəni-Üməyyə Peyğəmbərdən sonra bunları aradan aparmışdılar. Elə bir yol tutmuşdular ki, bu dəyərlərin hamısı aradan getmişdi. Müsəlmanın müsəlman simasını ləkələmişdilər. Əyyaş bir cameə yaratmışdılar. Hüseyn ibn Əli o cameədə Allah rizasını görmədi və bunu təmin etmək üçün qiyam etdi.

Şair bunu gözəl bir cümlə ilə bəyan edir: “O büsatı ki, o təşkilatı ki, o quruluşu ki, şamlılar onu bir ömür boyunca yaratmışdılar, Hüseyn ibn Əli onun yarım günün içində yığışdırıb, silib, süpürüb atdı”.

Şamlılar istəyirdilər dini, “la ilahə iləllah”ı, azanı, hicabı, Quranı və müsəlmançılığı bitirələr. İstəyirdilər həmin cəmiyyətə Allah tanımayan sima gətirsinlər. Amma İmam Hüseyn Allah rizası ilə bunun əleyhinə qiyam etdi və şəhidləri təqdim etdi.

Sərdar Hacıhəsənli