22 Noyabr 2024 - 22
Bismilləhir-Rahmənir-Rahim!
Yaşadığımız məhərrəm-səfər əyyamı – azadələrin, vicdanlıların sevdiyi bir dönəmdir. İmam Hüseyn (ə) teşnəsi olanların dönəmidir. Bu dönəm - İmam Hüseyni (ə) tanımaq dönəmidir. Bugünkü bəhsimizdə biz İmam Hüseynin (ə) mübarək şəxsiyyətinin bir neçə cəhəti ilə tanış olacağıq. Kərbəla hərəkatının mahiyyətini dərk etmək üçün bu hərakatın müqəddəs sərvərinin xüsusiyyətlərinə bələd olmaq son dərəcə mühümdür.
YERLƏRİN və GÖYLƏRİN ZİNƏTİ
Toxunacağımız mübarək cəhətlər İmam Hüseynin (ə) hidayət çırağı və nicat gəmisi olmasıdır. Bəli, Əba Əbdullah yolgöstərən bir işıqdır. Bəli, İmam Hüseyn (ə) nicat verən bir gəmidir. Xilasolma vasitəsidir.
İmam Hüseyn (ə) buyurur: «Allahın Peyğəmbərinin (s) yanına getdim. Ubey ibn Kəb onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi: “Xoş gəlmisən, ey Əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi!”
Ubey Peyğəmbərə dedi: «Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!»
Peyğəmbər (ə) buyurdu: «Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah Təalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən İmam və (qiymətli) azuqədir».
Bəli, İmam Hüseyn (ə) mübarək vücudunun bərəkətlərindən ikisi də budur ki, o, “hidayət çırağıdır” və “nicat gəmisidir”.
Bütün peyğəmbərlər (ə) hidayət çırağı olublar. Nicat üçün vasitə olublar. İmam Hüseynin xüsusi məqamı var ki, onun hidayət çırağı olmağı xüsusi vurğulanır. Ümmətin qaranlıq zülmətə büründüyü bir zamanda Əba Əbdillahın (ə) vücudu “hidayət çırağı” kimi tam nuraniyyəti ilə təzahür tapır. Düz Qiyamət gününə qədər bütün bu qaranlıqları, zülmətləri yaran bir “hidayət çırağıdır” İmam Hüseyn (ə). Bir yolgöstərən işıqdır onun mübarək vücudu. Hədəfə çatdıran ən nurani vasitədir.
Ümmət lənətlik Əməvi fitnələrinin içində boğulan zaman Əba Əbdillahın (ə) mübarək vücudu “nicat gəmisi” kimi tam xilaskarlığı ilə meydana çıxır. Qiyamətə qədər fitnələr fırtınalarında “nicat gəmisidir”. Keçmişdə olan fitnələrdən xilas vasitəsi olub, günümüzün ağır fitnələrindən mübarək bir nicatdır və gələcəkdə də – Qiyamətədək olacaq fitnələrdən xilas vasitəsidir Əba Əbdillah (ə).
Desək ki, məhərrəm-səfər əyyamı hidayəti dərk etmək və hidayət olunmaq əyyamıdır – yanlış deməmişik. Məhərrəm-səfər əyyamı fitnələr fırtınası içində boğulan vücudların, məhv olan vücudların nicat tapması üçün bir gəmidir.
İKİ MÜBARƏK CƏHƏTİN TƏHLİLİ
İmam Hüseyn (ə) yolunun ən israrlı ardıcıllarından olan, zəmanəmizin vicdanlarından biri olan itkin düşmüş imam Musa Sədrin İmam Hüseynin mübarək vücudunun sözügedən 2 cəhəti barədə çox dəyərli bir açıqlaması var. O Musa Sədrin ki, azğın düşmən heç cür yolundan döndərə bilmədiyi üçün oğurladı. Bəli, dəyərli islam alimi və mütəfəkkiri imam Musa Sədr, İmam Hüseynin (ə) bu iki mübarək cəhəti haqqında təhlilindən öncə bəzi müqəddimələr buyurur:
- İnsanın təbiətindədir ki, bir işdə irəli getdikcə daha çox alışar və bu işi daha rahat edər (yaxşı işdə də, pis işdə də belədir).
Misal üçün insan ilk dəfə siqarət çəkir. Acıdır, narahat olur. Amma sonra öyrəşir, hətta bir müddətdən sonra onsuz qala bilmir. Və yaxud, müsbət bir işi götürək - misal üçün, İmam Hüseynin (ə) anım mərasimlərinə getmək kimi. Əvvəl vərdiş etmir, digər işlər buna mane olur. 1-2 dəfə gedir, sonra vərdiş edir. Yaxud, em ardınca getmək, dərs oxumaq - əvvəl insanın gözünə böyük görünür, vərdiş etdikcə, daha asan olur, sonra tamam rahat olur onunçün. Beləliklə, yaxşı işlərdə də, pis işlərdə də, insan müəyyən əməli yaşatdıqda, nəticədə bu əməl onun naturasının bir hissəsinə çevrilir.
- İkinci müqəddimə ondan ibarətdir ki, hədəfə nisbətdə insanın hərəkət istiqaməti həmin hədəfə yaxınlaşmağın və ya uzaqlaşmağın əsas şərtlərindəndir.
Hədəfə doğru hərəkətdə: əgər ondan kənaradırsa, addım-addım daha da hədəfdən uzaqlaşar, əgər ona tərəfdirsə - addım-addım ona yaxınlaşar. İnsan bir pis işi əvvəl başlayanda, yaxşı yoldan, hidayət yolundan bir qədər aralı düşür. Və bu trayektoriya sanki bir xətt üzrə gedir. Pis işi davam etdikcə, onun hidayət yolundan uzaqlaşması daha da artır.
Bu, o misaldandır ki, insan müəyyən hədəfə gedib çatmalıdır. Maşınla hədəfə getsə, hər dəqiqə yaxınlaşır. Amma hədəfdən sapanda, hər dəqiqə onunlə hədəf arasında fasilə də artır.
Buradan yol göstərənlərin yeri və əhəmiyyəti bilinir.
TƏDRİCİ TƏNƏZZÜL
Gedək Kərbəla səhnəsinə. Bir qədər də daha keçmişə gedək. Həzrət Peğəmbər (ə) İlahi missiyasına uyğun olaraq, bütün həqiqətləri insanlara çatdırır. Sonra yavaş-yavaş, addımbaaddım hədəfdən yayınma başlayır. Rəsuli-Əkrəmdən (s) sonra onun vəsiyyətinə tam əməl olunmur və Həzrət Əlinin (ə) yolgöstərən olmasına maneələr törədilir. Bunun nəticəsində yoldan sapma baş verir. Birinci il ümmət Peyğəmbər (s) yolundan bir qədər kənarlaşır. Sonra bir qədər də. Beşinci il daha çox. Beləcə, ildən-ilə ümmətin Peyğəmbər (s) yolundan sapması daha da çox olur, İlahi yolla yaranan fasilə daha da böyük olur. Nəticədə ümmət o qədər sapır düz yoldan ki, Kərbəla faciəsi kimi bir dəhşətli cinayətin baş verməsinə laqeyd olur. Peyğəmbərin (s) balasını öldürürlər
İnsan ilk əvvəl kiçik bir günah edir, sadə görünən bir günah. Sonra vərdiş edir. Sonra ondan ayrı düşə bilmir. Getdikcə də fasilə böyüyür.
Əvvəl ancaq qarnını doydurmaq üçün bir iş görür, sonra bir az da, bir az da, yavaş-yavaş günaha vərdiş edir. Birinci xətadan, ikici xətadan hələ qayıtmaq şansı yetərincədir. Amma getdikcə, əvvəl böyük görünən xətalar onun üçün çox kiçik görünür artıq. Əvvəl bir məzlumun haqqını pozanda, gecə yata bilmirdi, ürəyi ağrayırdı. Amma getdikcə haram iş görmək onun üçün adiləşir. Oraya qədər ki, artıq günah və haram onun həyatının tərkib hissəsi olur.
Kərbəlada da olanlar birdən-birə o duruma düşməmişdi ki! Birdən-birə gəlib ümmətin İmamını (ə) şəhid edib, balalarını əsir götürməmişdi ki! Əvvəl harama doğru bir addım atır, sonra yenə və yenə - nəticədə mənfur bir duruma düşür.
Oraya qədər ki, Allaha qarşı addım atır. Bu olur fəal tənəzzül. Bunlar olur fəal şeytan. Mərhələli surətdə gəlib çıxır insan fəal şeytan səviyyəsinə.
KƏRBƏLADA BİRLƏŞƏN İKİ QRUP
Amma imam Musa Sədrin təhlilində digər bir maraqlı nöqtə də var. Bunlar olmasa, fəal şeytanlar olmaz. Bunlar elə bir mühit yaradırlar ki, fəal şeytanlar öz eybəcərliklərini edə bilirlər. İmam Musa Sədr bunları “lal şeytan” adlandırırdı. Bunlar – sükut edənlərdir. Laqeyd çoxluqdur. Fəal şeytanlar sayca az olarlar. Onları qüvvətli və qüdətli edən – lal şeytanların çoxluğudur.
İnsan birdən-birə lal şeytan da olmur. Əvvəl kiçik bir məsələdə danışmalı olanda danışmır. Əvvəl kiçik bir zülmə sükut edir. Sonra bir az daha böyüyünə və sonda da lap böyük zülmlərə sükut edir. Bu da olur lal şeytan. Biri fəal şeytana çevrilir. O birisi lal şeytana çevrilir. Hər 2 qrup da mərhələli surətdə bu tənəzzülə yetişdilər.
Kərbəla müsibətinin də baş verməsində bu iki qrup birləşdilər: biri fəallıqla, biri sükutla. Bu 2 qrupun ittifaqı Kərbəla müsibətinə gətirib çıxartdı. Nəticə oldu Kərbəla. Nəticə oldu bəşəri cinayət.
İmam Səccad (ə) Kərbəla müsibəti ilə bağlı buyurub: “Mən bir kəsin övladıyam ki, (o,) “qutilə sabra”dır”.
Allah! Alah! Nədir “qutila sabra”? Bir adamı və ya ümumən canlını ki, diri ikən o qədər zərbə vuralar, yaralayalar ki, tədricən bunların təsiri altında dünyasını dəyişə - “qutilə sabra” deyilir.
İslam inancına görə bu, bir dəhşətli haram işdir. Amma gözləri qan tutmuş fəal şeytanlara nə haram...
Əba Əbdillahı (ə) bu cür qətlə yetirdilər. İmam Hüseyn (ə) 33 nizə yarası, 34 qılınc zərbəsi və daha hansı müsibətlər ilə tədricən şəhadətə yetişdi...
Amma öz şəhadətiylə İmam Hüseyn (ə) Kərbəlada əslində bu sapmanın, bu qaranlığın üzərinə bir işıq saldı. Düz yolu göstərdi. Çünki, hidayət çırağıdır. Çünki, nicat gəmisidir.
İmam Hüseyn (ə) Kərbəlada əslində kiçik fitnələrlə mərhələli surətdə yoğrulmuş bir böyük fitnənin qaranlıq zülmətində boğulan ümmətə xilas gəmisini təqdim etdi. Bu gəmiyə minənlər xilas oldular. Bəşərin məhvi vardı lal şeytanlarla fəal şeytanların o mənfur ittifaqında. O qədər əməli fitnələr bürümüşdü ümməti ki, artıq ümmətin heyi qalmamışdı fitnələrə sinə gərsin. Məhv olub gedirdi ümmət.
Öz mübarək vücuduyla nur saçdı İmam Hüseyn (ə), öz müqəddəs şəhadətiylə dağıtdı o ittifaqı. Batmağa, boğulmağa doğru gedən bir toplumu xilas etdi. Və Qiyamətədək insanları fəal şeytanlıqdan imtina edib, tövbəkarlara çevrilməsinə və lal şeytanlıqdan imtina edib, danışan insana, Allah bəndəsinə çevrilməsinə yardım edir bu nicat gəmisi...
QƏLBDƏ OLAN GİZLİ MƏHƏBBƏT
Bəli, əsrlər boyudur dünyanın hər bir yerində Hüseynsevərlərin ruhiyyəsi məhərrəmlik yetişəndə bir başqa vəziyyətə gəlib çıxır. Və əsrlər boyudur ki, iblisin tör-töküntüləri əllərindən gələni edirlər Hüseyni mərasimlərin qarşısını almaq üçün. Qarşısını ala bilməsələr də, heç olmasa mümkün olduqca zəiflətmək istəyirlər bu mərasimləri. Və əsrlər boyudur bu ziddiyyət gedir – iman əhli İmam Hüseyni (ə) yad edər, Əhli-beytlə (ə) düşmənçiliyi olanlar, zatında narahatlıq hiss edənlər də bu mübarək sürəci əngəlləmək istəyərlər.
Sovet dövründə bu məsələ özünü xüsusilə qabarıq surətdə özünü göstərirdi. Sovet bütün özünün ideologiyası və cəza aparatı ilə düşmüşdü bu məsələnin üstünə. Amma axırı nə oldu? Haradadır indi Əhli-beytlə (ə) düşmənçilik edənlər? Amma Hüseyn (ə) aşiqlərinin sayı dünyanın hər yerində olduğu kimi, Vətənimizin hər guşəsində də ilbəil artır.
Bəli, məhərrəm gələndə Hüseyn (ə) rəngi o Həzrətin əzadarlarının vücuduna hopur. Və qəlbində çuğlayan bu eşqi izhar etmək istəyir əzadar. Hər fürsətdən istifadə edir ki, Hüseynə (ə) olan eşqini izhar etsin. Və Hüseynlə (ə) düşmənçiliyi olanlar da hər fürsət axtarırlar ki, öz mahiyyətlərini ifşa etsinlər. Əllərindən gələni edirlər ki, Hüseyn (ə) məclisləri zəiflətdirilsin. Amma, Allahın lütfü ilə, baş tutan bir iş deyil bu səylər.
Bir incə nöqtəyə oxunaq. İnsanların İmam Hüseynə (ə) mənəvi bağlantısını və rabitəsini göstərən Həzrət Peyğəmbərin (s) mübarək buyuruşunda deyilir: “Möminlərin qəlblərində İmam Hüseynə (ə) yönəlik gizli və xüsusi bir məhəbbət mövcuddur”.
İnsanların qəlblərində, onların iman qabiliyyətinin içində bir Hüseyn (ə) sevgisi gizlənib. Bu, bir sevgidir ki, Hüseyn (ə) adı gələndə aşkara çıxar. Bütün digər hisslərdən fərqlənən bir məhəbbətdir bu!
Bir məhəbbətdir ki, Əhli-Beyt (ə) düşmənləri onunla bacara bilmir,
Bir məhəbbətdir ki, Sovet onunla bacara bilmədi,
Bir məhəbbətdir ki, günümüzdə də Əhli-beyt düşmənləri ondan bizardadırlar.
Bir məhəbbətdir ki, insanları izzət karvanına daxil edir.
Bir məhəbbətdir ki, insanları vücudi bir hərəkətə gətirir,
Bir məhəbbətdir ki, insanları sevgi dolu göz yaşlarına qərq edir.
Bir məhəbbətdir ki, insanı zəlillikdən qurtarıb, səadətə tərəf aparır.
Bir məhəbbətdir ki, insanı məhvdən diriliyə aparır.
QİYAMƏTDƏ AĞLAMAYAN GÖZLƏR
İmam Hüseynə (ə) məhəbbətin göz yaşları... Məhəbbətdən irəli gələn bir göz yaşları. Bu göz yaşları, bu məhəbbət gunahları bağışladar. İmam Rzadan (ə) nəql edirlər: “Ağlamaq istəyən şəxs İmam Hüseynə ağlasın. Çünki, o Həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”.
Özünəqayıdış əyyamıdır məhərrəm-səfər. Günahların bağışlanması dönəmidir. O Həzrətə ağlamaq – qəlbdən gələn bir sadiq və sabit hissin, ülvi bir məhəbbətin təzahürüdür. Bu məhəbbəti qəlbində gəzdirən isə gözəllikləri sevməyə və eybəcərliklərə ikrah hissi bəsləməyə gəlib yetişər.
İmam Hüseynə məhəbbətdən irəli gələn göz yaşları Qiyamət günü Hüseynsevərlərin gözünü şad edər. İslam Peyğəmbəri (s) öz qızı Həzrət Fatiməyə (ə) xitab edərək belə buyurmuşdur: “Fatiməcan! Qiyamət günü bütün gözlər ağlarkən, Hüseynimə ağlayan gözlər gülər və cənnət nemətlərilə müjdələnər”.
O göz yaşları Kövsər suyu ilə Hüseyn aşiqini sirab edər. İmam Sadiqdən (ə) belə bir buyuruş var: “Bizə ağlayan gözlər Kövsər hovuzunun suyu ilə sirab olacaq”.
AŞURANIN ƏSAS DƏRSİ
Gedək Aşura gününə... İmam Hüseynin Aşura günü etdiyi mühüm çatdırışlardan birinə diqqət edək: “Bilin! Bu haramzadə oğlu haramzadə (Yezid lən.) məni 2 yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!”.
İmam Hüseyn (ə) buyurur ki, düşmən mənə xar və zəlil olmaqla şəhadət arasında bir seçim qoyub. Zəlil halda yaşamaq, ya da izzətli ölüm – seçim bu idi Aşura günü...
Bir izzət dərsi var bu çardırışda. Bir şücaət dərsi, necə yaşamaq dərsi var bu çatdırışda. İmam Hüseyn (ə) bütün insanlığa dərs keçir. Aşura gününün niyə olmaqlığı, necə olmaqlığı, bütün mahiyyəti var bu çatdırışda. Aşuranın fəlsəfəsi var bu mübarək deyimdə.
Əslində İmam Hüseynin bizə ən mühüm tövsiyəsi budur ki, siz hər zaman seçim arasındasınız. Və seçim arasında olanda, diqqətli olun. Bilin ki, bu seçim sizin aqibətinizi müəyyən edir. Zilləti, xarlığı, bədbəxtliyi heç zaman seçməyin. Həyatınız bahasına olsa da belə.
İmam Hüseyn (ə) bizə tanıtdırır ki, Allah yolunu seçmək istəyirsinizsə, baxın yolun hansı sizə izzətlilik gətirir, hansı zəlillik. İstəyirsinizsə Rəsuli-Əkrəmin (ə), Həzrət Əlinin (ə), Həzrət Zəhranın, Həzrət Həmzənin, Əbazərin, Salmanın, Meysərin və Allah övliyası olan digər qeyrətli qəlblərin və alicənab ruhların yolu ilə gedəsiiz – izzətliliyi seçin.
İnsanların fitrətində Əba Əbdillaha olan məhəbbət məhz buna görədir. Bu izzətliliyə görədir, bu şərafətlliyə görədir. Namuslu yaşama dəvətə görədir. Bu seçimin – izzətlilik seçiminin simvoludur İmam Hüseyn (ə).
Həyatımızın bütün anları üçün, bütün səhnələri və çalarları üçün bir həyat formulu öyrədir bizlərə İmam Hüseyn (ə). Heç bir şərtlər altında, heç bir vəziyyətdə, heç bir durumda izzətliliyi əldən verməmək.
Allahım! Bizlərə İmam Hüseyn (ə) məktəbindən dərs almaq tofiqatını nəsib et! Amin!
İlqar İbrahimoğlu