22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Həzrət Mehdinin İmam Hüseyn barədə buyurduğu ziyarətnamə
12.12.2018

İmam Hüseynə (ə) aid ziyarətnamələrdən biri də “Nahiyeyi-müqəddəsə” ziyarətidir. Bu ziyarətnamə İmam Mehdi (ə.f) tərəfindən yazılmışdır ki, onun naiblərindən biri bu haqda xəbər vermişdir.

Tarixi mənbələrə əsasən, həzrət Mehdi qeyb nəzəri ilə Aşura hadisəsini müşahidə etmiş və İmam Hüseynin çəkdiyi susuzluğu və ağrıları sanki canlı olaraq hiss etmişdir. Nəql olunur ki, həzrət Mehdi imamın ailə üzvlərinə vurulan qamçıların şahidi olmuş və Məhərrəm ayının bu ağrılı günlərini öz gözləri ilə görmüşdür.

Ona görə də bu ziyarətdə İmam Mehdi öz cəddinə xitab edərək buyurur: “Gecə və gündüz sənin üçün ağlayıram. Əgər başqaları Məhərrəm ayının ancaq on gününü ağlayırsa, mən hər gecə və gündüz sənin üçün ağlayıram. Əgər göz yaşlarım sona çatarsa, sənin üçün qan ağlayaram”.

Həzrət Məhdi buyurur: “Kim qərib cəddimin məclisində onun müsibətinə ağlayandan sonra mənim və fərəcimin yaxınlaşması üçün dua edərsə, mən də onun üçün dua edərəm”.

Kim “Nahiyeyi-müqəddəsə” ziyarətini oxuyubsa, yaxşı bilir ki, bu ziyarət Kərbəla ağrısını başqa ziyarətlərdən daha çox insanlara çatdıra bilmişdir.

İmam bu ziyarətdə buyurur: “O zaman ki, vəziyyətin tələbilə sən müqavimət bayrağını qaldırdın və müxalif olanlarla vuruşdun. Övladların, ailən, davamçıların və dostlarınla yola düzəldin. Hikmət və gözəl nəsihətlə Allaha tərəf dəvət etdin. Məbuda itaət etməyi əmr etdin. Azğınlıqdan çəkindirdin və zülmlə mübarizə apardın”.

İmam Məhdi ulu babasının qətlini İslamın qətlinə bərabər tutaraq buyurmuşdur: “Vay olsun üsyankar günahkara! Səni öldürərək, İslamı öldürdülər. Sünnət və əhkamı öldürdülər. İmanın bünövrəsini məhv etdilər. Quran ayələrini təhrif etdilər, fəsad və düşmənçilik etmək üçün çox çalışdılar. Allahın kitabı boş buraxıldı və haqqa xəyanət etdilər”.

İmam Mehdi bu ziyarətdə əvvəl 23 İlahi Peyğəmbərə, Kəsa səhabələrinin dörd fərdinə (İmam Əli, Xanım Fatimə, İmam Həsən və İmam Hüseyn - red.) salam verir və İmam Hüseyni xüsusi ziyarətlə salamlayır. Sonra onun vəfalı dostlarına və Əhli-beytinə salam verir. İmam haqqında rövzə deyir.

Bu ziyarətin sonunda həzrət Mehdi buyurur: “Sənin gedişinlə - Allahu Əkbər, Lə iləhə illəllah, halal, haram, təfsir aradan getdi. Səndən sonra dinsizlik, küfr, nəfsani istəklər, yolunu azmaqlar, batillər aşkar oldu”.

Deyerler.org