22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn faciəsi Əhli-sünnə mənbələrində
13.12.2018

Qarşıdan Məhərrəm ayı gəlir. Bu, hicri- qəməri təqviminə görə ilin birinci ayı və müddətində döyüş, müharibə, ümumən insan qanı axıtmanın haram buyurulduğu 4 müqəddəs aydan biridir. Ancaq təəssüflə qeyd etməliyik ki, hicrətin 61-cı ilindən etibarən bu ay İslamın yaddaşında artıq dinclik və asayiş dövrü kimi deyil, bəşər tarixinin ən faciəvi döyüşünün baş verdiyi dönəm kimi yer almışdır. Məhz hicri-qəməri təqvimin həmin ilində Kərbəla çölündə baş vermiş döyüş nəticəsində zamanın Məhərrəm çağı mübarək, pak vücudların qanının rənginə boyanaraq Qiyamət gününə qədər qəm və matəm libasına büründü.

İslam tarixindən hamıya məlumdur ki, h.q. 61-ci ili Məhərrəm ayının 10-da məşhur Aşura günündə Kərbəla çölündə döyüş baş verdi. Bu haqq naminə vuruşda Əba Abdullah İmam Hüseyn (ə) özünün 72 sadiq tərəfdaşı ilə birgə qətlə yetirildi. İmam və əqidədaşları öz canları bahasına İslamı zalım və münafiqlərin irticasından xilas etməyə müvəffəq oldular. Gerçəkdə bu haqqın zülm və batil, izzətin zillət üzərində qələbəsi idi. Ancaq bu qələbə bəşərə İmam Hüseynin və fədailərinin qanı hesabına başa gəldi.
Zamana iki ad, iki vücudla daxil oldu bu gün - “müsibət” və “qələbə”. Qələbəni yaşatmaq, yaymaq lazım idi, necə ki, müsibətin baş verdiyini, Peyğəmbər (s) nəslinə, İlahi nurun daşıyıcılarına, haqq tərəfdarlarına və sadəcə günahsız möminlərə zülm edildiyini çatdırmaq da. Bu çətin idi, Əhli-beyt tərəfdarları şiddətli təqiblərə, aşkar olanları işgəncələrə, qalan xəbərsizlər isə sapdırmalara məruz qalırdılar. Ancaq hər şeyə rəğmən Allahın lütfü ilə Əhli-beyt və Əhli-beyt aşiqləri, haqqa tapınanlar bu olayı yaşada bildilər. Kərbəla həqiqətlərini yaşatdılar - dualarda, dildən-dilə gizlicə ötürülən hədislərdə, rəvayətlərdə, xəlvəti söhbətlərdə olsa da, yaşatdılar.

Lakin maraqlısı budur ki, Kərbəlanı yaşadan bir tək Əhli-beyt yolçuları olmadı. Əlbəttə, Rəbbin inayəti idi ki, Kərbəla müsibəti, Kərbəla həqiqətləri, hətta xilafət tərəfdarlarının dili ilə də yaşadıldı. Bəni-Üməyyə və Bəni-Abbasın ən güclü məkrləri belə gerçəkləri məhv etməkdə, ört-basdır etməkdə və ya təhrif etməkdə aciz oldu. Hədislərin yazılmasına 300 ilə yaxın xitam qoysalar da, saya gəlməz saxta “mühəddislər”, “ravi” və “rəvayətlər” yetişdirsələr də, Kərbəlanın var olması və Kərbəlada İmam Hüseynə və onun simasında haqqa zülm olunmasının bir həqiqət olaraq üzə çıxmasına, bunun zəmanəmizə gəlib çatmasına mane ola bilmədilər. “Kutubi-sittə”də, “Müsnəd”lərdə, “Mənaqib”lərdə, “Tarix"lərdə belə çatmış zamanımıza bu həqiqətlər.

Bunlar pafoslu sözlər deyil. Real faktlar olduğunu göstərmək üçün, dəlil olaraq bir neçə hədisə nəzər salaq:

I. “Kərbəladan 50 il öncə Həzrət Cəbrayıl Peyğəmbərin yanına enərək, ona xəbər verdi ki, Hüseyn Kərbəlada yezid ordusu tərəfindən öldürüləcək. Peyğəmbər bu xəbəri eşidəndə gözləri yaşardı. Cəbrayıl soruşdu: “Ya Rəsulullah, onun şəhid olacağı yerdən bir parça torpaq gətirməyimi istəyirsənmi?”. Peyğəmbər cavab verdi: “Bəli”. Həzrət Cəbrayıl ona bir ovuc Kərbəla torpağı ötürdü və Rəsulullah durmadan göz yaşı axıtmağa başladı. Sonra Rəsulullah bu torpağı xanımı Ümmü-Sələməyə verib dedi: “Bu torpağı qana boyanan görəndə bil ki, Hüseyn şəhid edilib”.

Hədis İmam Şəabi, İmam Beyhəqi, İmam Hakim və başqa ravilər tərəfindən “Mişkatul-Məsabih”, Əhməd ibn Hənbəlin “Müsnəd”ində, Əllamə İbn Həcər Məkkinin “Əs-Səvaiqul-Mühriqə”sində, İmam Qəzzalinin “Sirrul-aləmin” əsərində nəql olunub.

II. “Hicri 61-ci ilin Məhərrəm ayının 10-da günorta çağı Ümmü-Sələmə yuxuda ikən röyasında Rəsuli-Əkrəmi gördü. Rəsuli-Əkrəm kədərli halda dayanmışdı, saçları tozlu və dağınıq idi, əlində isə qan dolu şüşə var idi. Ümmü-Sələmə bunun nə olduğunu soruşdu. Peyğəmbər buyurdu: “Bu Hüseynin və onun yoldaşlarının qanıdır. O bu səhər toplanıb”. Ümmu-Sələmə yuxudan oyandı və içərisində Kərbəla torpağı olan şüşəyə doğru tələsdi, oradan qırmızı qanın axdığını gördü. Qışqıraraq, qohumlarının çağırdı və Hüseynə matəm saxlamağa başladı”.

Hədis Əhməd ibn Hənbəlin “Müsnəd”ində, “Mişkətul-Məsabih”də, “Əs-Səvaiqul-Muhriqə”də, “Səhihi-Tirmizi”də və başqa kitablarda nəql olunmuşdur.

III. Şeyx Əbdülqadir Gilani özünün “Günyatut-talibin” kitabının II cildinin 62-ci səhifəsində yazır: “Hüseyn ibni Əlinin qətlindən sonra 70 000 mələk onun məzarı üstünə gəlir və orada ağlayır. Bu beləcə Qiyamət gününə qədər davam edəcəkdir”.

IV. “Duxan” surəsinin 29-cu ayəsində Firon və onun ordusu barədə Allah-Taala buyurur: “Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara fürsət də verilmədi!”.

Bu ona işarədir ki, Allaha yaxın olan mömin insanlar Allah yolunda öldürülərkən qəm nişanələri təzahür edir, necə ki, İmam Hüseyn şəhid ediləndə qeydə alınmışdı.

Belə ki, ayənin təfsirində İmam Müslim göstərir ki, “İmam Hüseyn şəhid olanda Göy də, Yer də ona ağladı və Göyün ağlamağı onun al rəngə boyanması idi”.

Buna oxşar hədislərə digər sünni mənbələrində rast gəlmək olar. Məsələn, Beyhəqinin nəql etdiyinə görə, Hüseyn ibn Əli öldürüləndə, Günəş elə tutulmuşdu ki, günorta çağı ulduzlar görünürdü (mənbə: Əbu Bəkr Beyhəqi, “Sünəni-Kübra” (Heydarabad nəşri, il 1344), cild III, səh. 337). Digər bir mənbəyə görə (İbn Həcər, səh. 291) İmam Hüseynlə eyni vaxtda yaşamış Nədra əl-Əzdiyə nəql edir: “Hüseyn ibn Əli öldürüləndə göydən qan yağışı yağırdı, belə ki, səhəri gün biz quyularımızı və su camlarımızı qanla dolu gördük”.

Haşiyə: İmama ağlamağı irad tutanlar üçün bu, zənnimcə, kifayət qədər tutarlı dəlildir. Bir halda ki, Allah-Taalanın iradəsinə tabe olan Yerlər və Göylər də İmam Hüseynə ağlayır, o zaman bəndənin sevimli imamı üçün göz yaşı axıtmasına görə kim qınaya bilər?

Bəzən bir qisim müsəlmanlar Yezid və onun tərəfdarlarına qarşı yersiz mərhəmət göstərir, ona bəraət qazandırmağa, hətta bəzən səhvin imamdan olduğunu isbatlamağa çalışırlar. Halbuki, Yezid də, onun əlaltıları da, ümumən bütün müsəlman cameəsi İmam Hüseynin kim olduğunu və bu vuruşda kimin haqlı olduğunu çox yaxşı bilirdilər. Hamı bilirdi Peyğəmbərin Hüseynə olan məhəbbətini, ona olan etibar və ehtiramını. Hamıya bəlli idi - Peyğəmbər bunu dəfələrlə vurğulamışdı - Hüseynin seçkin, hər cür günahdan paklanmış olduğunu və imamətin ona İlahi əmrə əsasən verildiyini. Bunu bir çox mötəbər sünni mənbələri də təsdiq və bəyan edir. Nəzər salaq:

1. Allah Rəsulu buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”.

Bu hədis ibn Hənbəlin “Müsnəd”ində (cild 4, səh. 172), “Fəzaili-Səhabə”sində (cild 2, səh. 772, hədis 1361), "Müstədrəki Hakim”də (cild 3, səh. 177), Təbəranidə (cild 3, səh. 21), habelə Buxari, Tirmizi və İbn Macədə “Ədəb”lərə istinadən “Əs-Səvaiqi Mühriqə”də (fəsil 11, bölmə 3, səh. 291) və s. nəql edilmişdir.

2. Allah Rəsulu buyurmuşdur: “Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdır və Fatimə (cənnət) xanımlarının xanımıdır”.

Bu hədis Əbu Səid və Hüzeyfənin dilindən “Səhihi Tirmizi”də (cild 5, səh. 660), İbn Hənbəlin “Müsnəd”ində (cild 1, səh. 62, 82; cild 3, səh. 3, 64; cild 5, səh. 391), “Müstədrəki Hakim”də (cild 3, səh. 166, 167), Heysəminin “Məcməuz-zəvaid”ində (cild 9, səh. 187) Ömər, Əli, Cabir, Əbu Hüreyrə, Üsamə bin Zeyd və digərlərinin dilindən “Təbərani”də və bir sıra başqa sünni kitablarında nəql olunmuşdur.

3. Əbu Hüreyrə Peyğəmbərdən nəql edir: “Rəsulullah Əli, Həsən, Hüseyn və Fatiməyə baxaraq dedi: “Mən sizinlə döyüşən hər kəslə döyüşdə və sizinlə sülhdə olan hər kəslə sülhdəyəm”.

Hədis “Səhihi-Tirmizi”də (cild 5, səh. 699), “Sünəni ibn Macə”də (cild 1, səh. 52), ibn Hənbəlin “Fəzailis-Səhabə”sində (cild 2, səh.767, hədis 1350), Hakimin “Müstədrək”ində (cild 3, səh. 149), Əl-Heysəminin “Məcməuz-zəvaid”ində (cild 9, səh. 169), Əl-Təbəraninin “Əl-Kəbir”ində (cild 3, səh. 30), Xatib Bağdadinin “Tarix”ində (cild 7, səh. 137), Xətib Təbrizinin “Mişkətil-məsabih”ində (ingilis versiyası, hədis 6145) və bir çox başqa sünni mənbələrində nəql olunmuşdur.

4. Yenə Allah Rəsulu buyurur: “Kim Həsən və Hüseyni sevirsə, məni sevmişdir və kim onları qəzəbləndirirsə məni qəzəbləndirmişdir”.

Mənbələr: Əbu Hüreyrənin dili ilə “Sünəni ibn Macə”, “Əl-Müstədrəkil-Hakim”, “Müsnədi Əhməd ibn Hənbəl”ə istinadən İbn Həcər əl-Heysəminin “Əs-Səvaiqi Mühriqə”sində (fəsil 11, bolüm 3, səh. 292).

5. “Kövsər” surəsi nazil olanda Peyğəmbərin yaxın səhabəsi Ənəs bin Malik ona sual verdi: “Əl-Kövsərin mənası nədir?”. Rəsulullah buyurdu: “O, cənnətdə bir çaydır, amma nə mənimlə razılaşmanı (zimməni) pozanlar, nə də mənim Əhli-beytimi qətlə yetirənlərə ondan içmək caiz olmayacaq”.

Bu hədis Suyutinin “Kövsər” surəsinin şərhində qeyd olunmuşdur.

Göründüyü kimi Kərbəla faciəsini və ümumən kimin haqq, kimin isə şər tərəfində olduğunu anlamaq üçün Əhli-sünnə mənbələrində də kifayət qədər haqqı aşkar edəcək dəlillər var. Lazım olan yeganə şərt səmimi qəlblə haqqı tapmaq niyyətində olmaqla araşdırmalarda məntiqə söykənmək və hər cür təəssübdən uzaq durmaqdır.

Mütəal Allahdan diləyirik ki, bütün İslam ümmətinə, hər birimizə İmam Hüseyni gerçəkdə tanımağı, onun yolunu tutmağı və şəfaətinə müvəffəq olmağı nəsib etsin!

Deyerler.org

Leyla Abbasova