22 Noyabr 2024 - 22
Məhərrəm, Aşura və İmam Hüseyn fəlsəfəsi
Yaradılış baxımından Allah ilin 12 ay və günlərini eyni dəyərdə yaradıb. Lakin bu ay və günlərin içərisində elə hadisələr baş verib ki, onlar həmin olayları digər ay və günlərdən qiymətli edib. Yəni ilk yaradılışdan eyni dəyərə sahib olan ay və günlərin içərisində elələri var ki, digərlərindən daha qüdsi (müqəddəs) və mübarəklik (xeyirli, xoşbəxt) qazanıblar. Məsələn, Quranın nazil olması ilə Ramazan ayı, duanın rədd edilmədiyi cümə günü, ibadət baxımından min aydan üstün olan Qədr gecəsi və s. Hicri qəməri təqvimində ilk ay olan Məhərrəm və onun 10-cu günü Aşura da belə ay və günlərdən biridir.
Məhərrəm haram aydır
Lüğəti mənası, "haram", "qadağan edilən" olan Məhərrəm, bir ay kimi bərəkət (çoxluq, bolluq) yaxşılıq, xeyir, fayda, əminamanlıq, barışıq və əhdləşmə simvoludur. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onların 4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram aylardır. Ona görə həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36).
Hələ İslamdan əvvəl də bu aylarda hərb etmək haram, qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən süni surətdə ayların yerini dəyişərdilər. Bu səbəbdən Rəsulu Əkrəm vida həccində buyurdu: "Ayların sırası Allahın yaratdığı kimidir". Allah və Peyğəmbər(ə) kəlamından göründüyü kimi, Məhərrəm ayı "matəm" ayı deyil. O, "göyləri və yeri yaratdığı gündən" bəri Rəbbin sülh, barışıq, xeyir, bərəkət verdiyi aylardan biri, müsəlman təqviminə görə yeni ilin ilk ayıdır.
Aşura
Aşura Məhərrəm ayının 10-cu gününə deyilir. O da Allahın yaratdığı günlərdən biridir. Fəqət Aşura həmin gündə baş verən mühüm hadisələr etibarilə müqəddəslik qazanıb. Adəmin tövbə etməsi, həzrət İbrahim və İsanın mövludları, Musanın Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Həzrət Nuhun beş-altı nəfərlə tufandan xilas olması da həmin günə təsadüf edib.
"Həqiqətən Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə gözəl qəbul olunmuşdur! Biz (Nuh qövmünü suda boğub), onu və ailəsini böyük fəlakətdən qurtardıq" (Səffat, 75,76). Rəvayətə görə, gəmini xilas edən Nuh(ə), Aşura günü şükür ayini kimi gəmidə olan taxıl məhsullarından şorba bişirib. Qeyd edək ki, müsəlmanların Məhərrəmin 10-cu günü hədik bişirib qonşu və kasıblara ehsan etmələri həmin ibadətin davamı kimi bu gün də unudulmayıb.
Böyük həcc ziyarətindən sonra profilaktik tədbirlər məqsədilə bağlanan Kəbə qapısının ziyarət edənlər üçün Aşura günündə açılması da, bu günün dəyərlərindən biridir.
Tövratda "Aşura" sözü, böyük günahtəmizləmə günü kimi işlədilib. Həzrət Peyğəmbər Mədinəyə gəldiyi zaman yəhudilərin həmin gün oruc tutduğunu gördü və o da bu ibadəti icra etdi. Yəhudi ibadəti olan Aşura orucu başqa oruclarda olduğu kimi yalnız gündüz yox, bir sutka tutulardı. Hicrətin 2-ci ilində Aşura orucunun yerinə Ramazanın oruc ayı elan edilməsilə Aşura orucu artıq dini mükəlləfiyyətdən olmayıb, şəxsin ixtiyarına verildi. Lakin Aşura orucu bugünkü müsəlman aləminin əksəriyyəti üçün sünnədir. Və o, tarixi səbəblərə görə, müqəddəs sayılır. "Ramazandan sonra orucların ən fəzilətlisi Məhərrəm ayında tutulan orucdur. Aşura isə bu ayın ən qiymətli gecəsidir".
Aşura fəlsəfəsi
Məhərrəm ayının Aşura günü həm də Peyğəmbər (ə) nəvəsi həzrət Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atını yenidən şahə qaldırdığı gündür. Aşura, İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi", "Hüseyn məktəbi"nin yaratdığı gündür. Lakin təəssüflər olsun ki, bu məktəb hələ öz obyektiv təhlil və təbliğini lazımınca tapmayıb. Əksinə, bəziləri bu fenomen hadisəni ya ifrat, ya da təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyirlər. Aşura boyda hadisəni yalnız matəmdən ibarət kimi göstərənlər unudurlar ki, İslam iman, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbin bəyəndiyi işlər uğrunda mübarizə təşkil edir. Təfritə varanlar isə, həmin fəlsəfəni cılızlaşdıraraq, onu Həzrət Hüseynin sırf siyasi hakimiyyəti uğrunda mübarizəsi kimi qələmə verirlər. Əlahəzrət tarix isə hər iki yanaşmanı rədd edir.
"Güclü nə istəyirsə, ona nail olur" təsəvvürünü dağıtmaq, bir tale yazısı kimi mənim boynuma düşən borcdur. Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, iman və vicdan məsələsidir. Və mən, həmin əqidə uğrunda ölməyə belə hazıram". İmam Hüseynə məxsus olan bu tezis, Hüseyn fəlsəfəsinin mayası və nüvəsidir.
661-ci ildə həzrət Əlinin şəhadətindən sonra Müaviyə camaatı qorxutmaq məqsədilə 40 minlik ordu ilə Xilafətin paytaxtı Kufəyə gəldi. O, həm də Həzrət Həsənin "qardaş qanı axıdılmamalıdır" sözündən məharətlə istifadə edərək, hakimiyyəti zorla mənimsədi. Lakin Kufə, Məkkə, Mədinə və digər bölgələrdə geniş sosial bazaya malik olan həzrət Hüseyn, Əbu Bəkrin oğlu Əbdürrəhman və Zübeyrin oğlu Abdullah Müaviyəyə beyət etmədilər. Başqa sözlə, onlar Müaviyə hakimiyyətinin legitimliyini tanımadılar. Hələ xəlifə Həzrət Əlinin dövründə Şam şəhərində "dövlət içində dövlət" yaradan Müaviyə, 669-cu ildə Həzrət Həsəni zəhərlədərək öldürtdü. Həzrət Hüseyn "problemi" isə onu bir an rahat buraxmırdı. Zira Müaviyə çox gözəl bilirdi ki, İmam Hüseyn xalq arasında həm ondan, həm də onun oğlu Yeziddən qat-qat artıq sosial bazaya və hörmətə malikdir. Tarixçi Təbəri yazır: "Ömrünün sona çatdığını başa düşən Müaviyə sağlığında oğlu Yezidi varis kimi tanıtmaq üçün Yezidə biət edilməsini istədi. Yezid hərəkətlərinə görə fasiq (pozğun) sayılırdı. Və belə adamın xəlifəliyə namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn-Zübeyr, Əbdürrəhman ibn Əbu Bəkr və ibn Abbas təbii ki, bunu qəbul etmədilər". Müaviyə ölüb, yerinə Yezid xəlifə olduqda (680-cı il), o, Mədinə valisi Validə tapşırdı ki, həzrət Hüseyn yeni xəlifəyə (Yezidə) biət etsin. Valid: "Ya Hüseyn, Yezid səndən biət istəyir". İmam Hüseyn (ə): "Mən ki, onun atasına baş əymədim. İnsanlar hər beyət istəyənin qabağında əyilməyə alışsalar, bəs onda etiqad harada qalar?"
Həzrət Hüseynin zülm, batil, yezidlik qarşısında əyilməyən başı Kufə, Şam küçələrində gəzdirilərkən, sanki o baş deyirdi: "Ey kəsik başların nümayişinə çıxan kufəlilər!. Mən Yezidə boyun əymədim. Əymədim ki, sizə zülm etməsinlər. Mən, həzrət Məhəmmədin nəvəsi, həzrət Əlinin oğlu, başım kəsildisə, vay sizin halınıza. Kəsik başların nümayişinə çıxmaqdansa, ibrət götürüb, niyə zalımların qarşısını almırsınız? Niyə öz gələcəyinizi düşünmürsünüz?".
Bəli, İmam Hüseyn baba və atasından miras qalan iman atını Kərbəlada elə şahə qaldırdı ki, bu inam və əqidə onun Kufədə nizəyə taxılmış kəsik başından da yüksəkdə oldu. Təəssüf ki, "Hüseyn fəlsəfəsi"ni yalnız 40 gün matəmdə görənlər Quran hikməti və "Cihadın ən ən üstünü zülmkar buyruq sahibinə qarşı həqiqəti söyləməkdir" Peyğəmbər(ə) kəlamını unudurlar. Əslində "Hüseyn məktəbi" qiyamətə qədər hər bir xalq üçün örnəkdir. Bu nümunədən ibrət alan millət isə, sözsüz ki, əhali, ərazi, dini, gələcək nəsli, haqq və azadlıqlarını qoruyacaqdır.
Şəhidə matəm saxlamaq lazımdırmı?
625-ci ildə baş verən Uhud döyüşündə Peyğəmbər(ə)-nin əmisi Həzrət Həmzə şəhid oldu. Bu döyüşdən Mədinəyə qayıdan Həzrət Məhəmməd, Həmzənin evindən başqa bütün şəhidlərin evindən ağlaşma səsini eşitdi. Peyğəmbər(ə) buyurdu: "Bütün şəhidlərin ağlayanı var, Həmzənin isə ağlayanı yoxdur".
Rəsuli Əkrəmin bu sözündən sonra müsəlmanlar Həmzənin evinə gəlib ona yas tutdular. Həmin hadisə göstərir ki, istər adi insana, istərsə də şəhidə matəm saxlayaraq, ona vicdanın zəkatı kimi ifrata varmadan ağlamaq, islami və insani keyfiyyətlərdir. İnsanların şəhidə matəm saxlaması təkcə ona olan münasibəti müəyyən etmir. Şəhidi (və ya şəhidləri) anma prosesi cəmiyyətin həm şəhidə məhəbbəti, həm də haqqa, ədalətə zülm edən zalıma qarşı bir mesajıdır. Bu, cəmiyyətdə bir saflaşma, ələkdən keçirmə prosesi kimi, kimin kim olduğunu təyin etmə mərasimidir. Bu, qəbul olunub-olunmayacağından asılı olmayaraq, bəlkə də batil və zülm üçün bir tövbə şansıdır. Şəhidə matəm saxlayıb, keçmişi təhlil etmək potensial şəhidləşmə deməkdir. Potensial şəhidləmə olmadan isə heç bir ümmət və millət din, vətən, bayraq, qeyrət, şərəf və ləyaqətini qoruya bilməz. Və nəticədə o, başqa ümmət və millət süvarisinin üzəngisindən öpməyə məhkum olar.
Vaqif Cəliloğlu
Bakı xəbər - 2011, 28 noyabr. - Səh. 15.