22 Noyabr 2024 - 22
Aşura günü idi. Mən günorta namazını camaatla qılıb, Aşura ziyarətnaməsini cəmlə oxuyub, məsciddən çıxdım. Mirzəağa Əliyev küçəsi ilə qalxaraq, uşaqlıq illərim keçən köhnə məhəlləmizə tərəf istiqamətləndim. Dalanımızın girəcəyinə çatıb dayandım. Dalanın sonunda yerləşən həyət qapımıza baxdım. Həyət qapımız örtülü idi. İndi o həyətdə, mənim uşaqlıq illərim keçən həyətdə, ən yaxın qohumum yaşayırdı. Bir anlıq keçmiş uşaqlıq illərim gözümün önündə canlandı...
O zamandan azı 40 il keçir artıq. Orta məktəbdə oxuyurdum. Məhərrəm ayı idi. Rövzəxanlar əllərində ələm, məhəllələri dolaşırdılar. Kim istəsə idi, onları dəvət edib, əziz Kərbəla şəhidlərini yad edirdi. Məhərrəm ayının yanılmıramsa, 3-cü günü idi. Nənəm rəhmətlik (Allah cəmi dünyadan köçənlərə rəhmət eləsin! Amin) məni göndərib məhəllədən keçən rövzəxanı həyətə dəvət elədi. Mənə müəyyən məbləği verib, rövzəxandan rövzə və mərsiyə deməsini xahiş etdi.
Rövzəxan həyətdə rövzə və mərsiyə deyir, nənəm də evdə çarşabını üzünə çəkib, hönkür-hönkür ağlayaraq sinəzənlik edirdi. Mən bu səhnəyə tamaşa edir və öz-özlüyümdə fikirləşirdim: görəsən bu rövzədə, mərsiyədə adı çəkilən əzizlər kimlərdir ki, nənəm bu cür onlara ağlayır?...
Rövzəxan rövzəsini, mərsiyəsini bitirdikdən sonra mən onunla nənəmin mənə verdiyi məbləğlə halallaşıb, yola saldıqdan sonra nənəmin durumu yaxşı olmadığından, ondan o əzizlərin kimlər olduqlarını soruşmağa cürət eləmədim.
İllər keçdi. Ailəli bir gənc idim. Məhərrəm ayının 3-də Ağamız Həzrət Huseynin (ə) təziyəsində iştirak etmək üçün məscidə getdim. O andan da haqq yola doğru addımlamağa başladım. Nənəmin əzadarlığı məni necə düşündürdüsə, illər sonra hidayət yolunu tapmağım üçün həlledici yardım etdi...
Aşura məktəbinin bizlərə nəyi öyrətdiyini dərk etdikcə, Allahsız Sovet rejiminin Aşuraya qarşı niyə o cür münasibət bəslədiyini, o cümlədən:
- məscidlərə məktəb müəllim və müəllimələrindən növbətçilərin, nəzarətçilərin qoyulmasını;
- məscidlərinin həndəvərinə milis postlarını qoyaraq, uşaqların Aşura tədbirlərinə gəlməyini əngəlləməsini;
- Aşura günü saat 12.00 radələrinə ibtidai sinif şagirdlərinin kinoteatrlara aparılmasını, multfilmlərə pulsuz məcburi göndərilməsini;
- yuxarı sinif şagirdlərini kinolara havayı aparılmasını;
- “Bilik” cəmiyyətinin ştatlı təbliğatçılarının minbir yalanla uşaqlara dezinformasiya ötürməsini;
- komsomol aktivistləri tərəfindən dini müqəddəslərə qarşı yalanların uydurulmasını
və sair proqramlı və məkrli tədbirlərin hədəfini dərk etməyə başlayırdım.
Niyyət yalnız bir idi – Azərbaycan insanını manqurtlaşdırmaq, öz köklərindən qoparmaq, milli özünüdərkdən ayırmaq, “Sovet adamı” deyilən bir milli-dini kimliyi olmayan insan kütləsi yaratmaq.
Amma, bəlli olduğu kimi, o böyüklükdə təbliğat aparatı, proqramlı iş, minlərlə ştatlı “təbliğatçı” Sovet rejiminin karına gəlmədi. Əksinə, xalqımızın Sovet əsarətindən qurtulub, müstəqillik qazanmasında Aşura məktəbinin ümdə rolu oldu. 20 Yanvar şəhidlərimizi məhz Aşura qəhrəmanlarına bənzədərək, yad etdi millətimiz o qanlı-qadalı 1990-cı ildə...
Artıq 1379 il keçir Aşura vaqiəsindən. Və ildən-ilə Aşura anım məclisləri daha da geniş vüsət alır, daha da əzəmətli və möhtəşəm keçir. Haqq olan dini-İslamımız yenidən cücərərək pöhrələr verir, çiçəkləyərək özünün yeni-yeni bol-bol bəhrələri ilə milyonları hidayət edir.
Allah Təala Aşura məktəbini bütün dövrlərdə ləyaqətlə yaşadanların əcrini Özü versin, inşallah! Amin! (deyerler)
Əmmar Yasir