22 Noyabr 2024 - 22
Ümumiyyətlə cəmiyyət və cəmiyyətin inkişafı, ideal cəmiyyət modeli həmişə qərb mütəfəkkirləri, istərsə də müsəlman alimləri hamını maraqlandırmış bir məsələdir. Çünki insanlar cəmiyyətin bir üzvüdür və asosial bir varlıq deyil. Yəni bizim cəmiyyətdən kənarda yaşamağımız mümkün deyil. Cəmiyyətin içərisində yaşamalıyıq. Cəmiyyətin taleyi onun fərdlərinin taleyidir. Bu nöqteyi nəzərdən bizlər ilk olaraq fərdi taleyimiz ilə bərabər cəmiyyətin aqibətinidə düşünməliyik ki, cəmiyyətin inkişafına təsir edən amillər nədir və hansı amillər daha yaxşı mənəvi və maddii inkişafa gətirib çıxardır. Bu modellərdə diqqəti çəkən xüsusiyyət var demək olar ki, bütün ideal cəmiyyət modelində o xüsus diqqət mərkəzində olub. O da ondan ibarətdir ki, karizmatik şəxsiyyətlər, kamil insan deyilən bir anlayış və nümunəvi şəxslərin təqdim olunması cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Ümumi olaraq bu məsələ həmişə öndədir. Hətta məsələni psixoloji cəhətdən araşdırsaq baxıb görərik ki, bir çox komplekslərin, bir çox fobiyaların müalicə olunmasında belə, bu cür ideal nümunəvi şəxslərin təsiri birbaşadır.
Mümkündür ki, hansısa qərb cəmiyyətində uydurmalara ehtiyac olsun. Amma müsəlmanların İmam Hüseyn (ə) və Əhli-beyt məktəbi kimi nümunələri olduğu halda uydurmalara ehtiyac yoxdur. Düşünürəm ki, İmam Hüseynin bu dəqiqə cəmiyyətimizə nümunə şəxs kimi, kamil insan kimi təqdimi çox mühümdür. Və əgər bu layiqincə insanlara təqdim olunsa hər bir sahənin numayəndəsi oradan özü üçün bir ibrət götürər. Mən məsələni sırf dini tərəfdən təhlil etmirəm. Bəzən insan belə düşünə bilər ki, İmam Hüseyn dini bir şəxsdir, bu ancaq dindarlara məxsusdur, ancaq məscid içərisində bu şəxs təbliğ olunmalıdır, yox, bu kökündən yanlışdır. Çünki İmam Hüseyndən bir siyasətçi, ictimai xadim, bir ailə başçısı özü üçün gözəl ibrətlər götürə bilər. Bu nöqteyi nəzərdən İmam Hüseyn məktəbinə hansı prizmadan baxsaq nəsə götürə bilərik. Və sadəcə olaraq bizim üzərimizə düşən İmam Hüseyn məktəbini o prizmalardan layiqincə çatdırmaqdır. Sırf bir dini müqəddəs şəxsiyyətlər kimi yox, digər qeyd etdiyimiz parametrlərdən təqdim etmək çox mühümdür.
Rövşən Abdullaoğlu