22 Noyabr 2024 - 22
İmam Hüseynin (ə) Abdullah ibn Zübeyrlə fərqi İmam Hüseynin qiyamının hadisələrinə və onun Mədinədən hərəkətinə baxarkən bir məqama rastladım. O həzrətin Mədinədən xaric olmasından bir gecə öncə Abdullah ibn Zübeyr o şəhərdən çıxmışdı. Hər ikisi həqiqətən eyni vəziyyətdə idilər. Amma İmam Hüseyn (ə) hara, Abdullah ibn Zübeyr hara? İmam Hüseynin danışması, qarşı çıxması və müraciəti elə möhkəm idi ki, Mədinə şəhərinin o zamankı valisi olan Vəlid onunla ucadan danışmağa cürət göstərmirdi. Mərvan o həzrətə qarşı bir kəlmə söz dedi, tənqidi yersiz olduğundan həzrət ona elə qeyz göstərdi ki, yerində oturmağa məcbur oldu. Lakin həmin Mərvan kimilər Abdullah ibn Zübeyrin evini mühasirəyə aldılar. Abdullah qardaşını onların yanına göndərib dedi ki, icazə verin hələlik darül-xilafəyə gəlməyim. Onu təhqir edib dedilər ki, səni məhv edərik, əgər evindən çıxmasan öldürərik və s.
Onu elə hədələdilər ki, Abdullah ibn Zübeyr yalvarıb dedi: ”Onda icazə verin hələlik qardaşımı göndərim, özüm sabah darül-xilafətə gələrəm”. O qədər təkidlə yalvardı ki, biri vasitəçilik edib ona bir gecə möhlət verilməsini istədi. Abdullah ibn Zübeyr tanınmış və nüfuzlu şəxsiyyət olsa da, onun vəziyyəti İmam Hüseynlə (ə) fərqlənirdi. Heç kim o həzrətlə kobud söhbət etməyə cürət göstərmirdi. Mədinədən çıxdıqda da, istər yolda, istər Məkkədə kim yanına gəlib onunla həmsöhbət olurdusa, müraciət forması ”qurban olum”, “ata-anam sənə fəda olsun” və “əmim-dayım sənə fəda olsun” idi. İmam Hüseynlə (ə) ümumi rəftar belə idi. Onun İslam cəmiyyətindəki şəxsiyyəti belə uca və dəyərli idi. Abdullah ibn Müti Məkkədə İmam Hüseynin yanına gəlib dedi: ”Ey Allah Rəsulunun oğlu, əgər sən qiyam edib öldürülsən, səndən sonra hökumət başında olanlar bizi kölə edəcəklər. Bu gün sənin hörmətindən, sənin qorxundan və heybətindən öz adi yolları ilə gedirlər".
Aparıcı insanlar arasında İmam Hüseynin (ə) məqamı o qədər əzəmətlidir ki, hətta İbn Abbas onun qarşısında təzim göstərir, Abdullah ibn Cəfər təzim göstərir, Abdullah ibn Zübeyrin həzrətdən xoşu gəlməsə də, təzim göstərir. Böyüklər və haqq əhli olan aparıcı insanların hamısı onun əzəmətli məqamı qarşısında təzim göstərirlər. Ona təzim göstərənlər haqq cəbhəsin aparıcı insanlarıdır, hökumətin tərəfdarı deyillər, Bəni-Üməyyə tərəfdarı deyillər, batilin tərəfdarı deyillər. Onların arasında hətta Əmirəlmöminini (ə) qəbul edən, onu birinci xəlifə bilən çoxlu şiələr də var, amma bunların hamısı hakim rejimin sərt tədbirləri ilə qarşılaşdıqda, canlarının, sağlıqlarının, rahatlıqlarının, vəzifələrinin və pullarının təhlükəyə düşdüyünü gördükdə geriyə çəkilirlər. Bunlar geri çəkildikdə xalqın avam qrupu da geriyə sarı üz tutur.
Ayətullah Xamenei