22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşuranın Bəni-Səqifə kökləri
22.12.2018

Ümmətin bugünkü zillətli durumu əslində iki əmanətə sayğısızlığın təzahürləridir. Həzrət Peyğəmbərdən (s) sonra ümmət bu bir-birindən ayrılmaz əmanətlərlə necə rəftar etdisə, buna uyğun nəticələr də əldə etdi.

Sonadək Peyğəmbəri ən çox narahat edən məsələ ümmətin sonrakı durumu idi, Quranın və Əhi-beytin ayrılmazlığını ümmət tərəfindən yaşadılması ilə bağlı nigarançılığı idi.

Çox təəssüflər olsun ki, əziz İslam Peyğəmbərinin vəfatı ilə, həmin o fitnələr yaşanmağa başlandı. Bəni-Səqifə müsibəti baş verir. Həmin o müsəlmanlar ki, Peyğəmbərin mübarək vücudunun nurundan bəhrələnirdilər, vəfatından sonra, həzrətin olmamazlığı şəraitində ilkin imtahanlarını lazımınca verə bilmirlər. Müsəlmanlar – az bir istisna nəzərə alınmasa – bu ilkin imtahanlarından elə mənfi qiymət alırlar ki, əsrlər boyu bütün ümmət bunun ağrısını çəkir.

İllər keçəcək, onillər sonra məhz bu mənfi qiymətlə verilən imtahana görə Aşura vaqiəsi yaşanacaq, Kərbəlada bəşəri müsibət baş verəcək. Aşuranın köklərindən biri - bəni-Səqifədə tayfakeşliyin, qohumbazlığın yenidən baş qaldımasından qidalanır. Kiminsə öz "xidmətlərindən" qürrələnməsi, kiminsə öz "mənəm"liyini qabartması, nəfslərin ortalığa çıxması nəticəsində ümmət Peyğəmbərimizin vaxtında yetişdiyi yüksək səviyyədən Aşura dönəmindəki zillət və aşağılanmayadək endi. Artıq ümmətin başı nəinki tək özünə qarışmış olacaq, böyük bir münafiq qrupu əmələ gələcək və bu qrup o qədər azğınlaşacaq ki, hətta Əhli-Beytə əl uzadacaq, ümmətin imamını şəhid edəcək...

İlqar İbrahimoğlu