21 Noyabr 2024 - 21
Dünya imperializmi bu nəticəyə çatıb ki, fikirləşirlər ki, daha müsəlmanların əlindən dini almaq qeyri-mümkündür, artıq bu hissə bitib, indi bizim əlimizdə yeganə yol qalıb, o da budur ki, onların dinini təhrif edək, dini elə bir formaya gətirək ki, o din bizim dünyamıza maneə törətməsin.
Bu gün İslam dünyasını bu duruma gətirmək istəyirlər ki, müsəlmanın dini müsəlmanın ərazisinə hücum edən, müsəlmanın sərvətini istismar edən, neftini qarət edən heç bir imperalist qüvvənin qarşısında dayana bilməsin. Yəni belə bir din olduğu müddətcə bu din onların dünyasına maneə olmasın. Bax belə bir hala gətirmək istəyirlər müsəlmanları...
Amma Hüseyn ibn Əlinin nümunəvi formulu daim müsəlmanlara dolğun bir müsəlmanın necə olduğunu göstərir. Hüseyn ibn Əli hiss edəndə ki, İslam xətərdədir və müsəlmançılığın mahiyyəti aradan getmək üzrədir, öz mübarizəsi ilə müsəlmanlara öyrətdi ki, həqiqi İslam formulu belə olar.
İmam Hüseyn müsəlmanların malına, canına, heysiyyətinə uzanan əllərin qarşısında dayanan bir hayqırtı idi. Bu gün də elədir. Bu gün də Hüseyn ibn Əli ilə ruhi rabitəsi olan, Hüseyn ibn Əlini tanıyan, onunla əlaqə yaradan və Hüseyn obrazını öz həyatına çəkən cəmiyyət düşmənlərin boğazına tıxanmış bir tikandır.
Bu gün bu formulu istəmirlər. Amma İslamın həqiqəti budur və bizim vəzifəmiz də budur ki, bunu qoruyaq. Çünki deyiblər “Hər gün Aşura, hər yer Kərbəla”. Bəzən bu sözün mənasını çox səthi formada düşünürlər. Yəni belə düşünürlər ki, toyda da, yasda da, qonaqlıqda da rövzə de, ağla. Yox, bu mənada deyil. Bu, insafsızlıq olar ki, bu cür mənanı hər gün gətirib rövzə oxumağın düzgün olmasına, yaxud bəyənilmiş olmasına yozasan.
Yox! İmamlarımız “Hər gün Aşura, hər yer Kərbəla” deməklə istəyirlər desinlər ki, Hüseyn ibn Əlini tarixin yaddaşında olan tək bir səhifəyə çevirməyin, yəni deməyin ki, bu mübarizə təkcə ona aid idi, onunla başladı, onunla bitdi. Onu tarixin səhifəsindən gündəlik həyatınıza çəkin. Yəni o hadisənin, o mənanın, o mübarizənin formulunu tarixin səhifəsində bitmiş hesablamayın. Gətirin gündəmə, siz də o formulu icra edin.
Sərdar Hacıhəsənli