24 Noyabr 2024 - 24
İmam Hüseynin qiyamının İslamın aradan getməməsində, yaşamasında nə kimi rolu olduğunu anlamaq üçün biz gərək qiyamdan əvvəlki dönəmi və ondan sonrakı dönəmi gözəl şəkildə təhlil edək, diqqətlə tarixi mütailə edək. Görək o zamankı dönəm hansı şəkildədir. İctimai-siyasi vəziyyət İmam Hüseynin qiyamına qədər hansı vəziyyətdə idi və ondan sonra hansı vəziyyət yarandı? Bunlara diqqətlə baxsaq, çox aydın şəkildə İmam Hüseynin qiyamının İslamın yaşamasındakı rolunu görəcəyik.
İmam Hüseynin qiyamından əvvəlki dövr elə bir dövr idi ki, İslamın yanız adı qalmışdı. Tarixə baxsaq görürük ki, bu dövrdə İslamın yalnız şəkli görünür, mahiyyəti isə aradan gedib.
Təbii ki, başında əməvilərin dayandığı bir ümmət və cəmiyyət belə olmalıdır. Yəni həmin dövrdə əməvilərin Müaviyə kimi nümayəndəsi İslam ümmətinin xəlifəsi hesab olunur, Peyğəmbərin yerində əyləşib onun nümayəndəsi kimi ümmətə təqdim olunurdu və o, elə bir şəxs idi ki, əslində İslama etiqadı yox idi. Öz daxilində İslamı bir din olaraq qəbul etmirdi, Peyğəmbəri Allahın elçisi olaraq qəbul etmirdi. Sadəcə zahirdə qəbul edirdi. Müaviyəni Yeziddən fərqləndirən xüsusiyyətlərdən biri də budur ki, Müaviyə çox siyasətçi idi və bilirdi ki, əgər hakimiyyətdə qalmaq istəyirsə, gərək zahirdə də olsa İslama əməl etsin. Yəni Cümə namazları qılsın, məscidə getsin və s. Zahirdə də olsa əməl etsin ki, camaat şübhələnməsin, camaatın zehninə başqa fikirlər gəlməsin. Çünki o, Peyğəmbərin yerində əyləşmiş şəxs sayılır.
Təbiidir ki, bu, zaman keçdikcə öz fəsadlarını cəmiyyətdə göstərəcəkdi. Amma Yezid Müaviyədən fərqli idi. Çünki Yezid cah-cəlal içində böyümüşdü, rahatlıq içində böyümüşdü. Ona görə də bu məsələlərə diqqət etmirdi. Yəni Yezidin dövründə bütün bu çirkinliklər, bütün anti-dəyərlər açıq-aşkar özünün ən son həddinə çatmışdı və İmam Hüseyn məcbur idi ki, bu cür ayağa qalsın.
İlqar Əliyev