21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Nə üçün Kərbəla hadisəsinin ildönümünü hər il qeyd edirik?
25.12.2018

Sual: Nə üçün Kərbəla vaqeəsini hər il qeyd edirik?

Cavab: Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardır ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:

1) Məhəbbət

Qurani-Kərim və çoxsaylı İslami hədislərdə həzrət Məhəmməd Peyğəmbərin Əhli-beytini sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. "Şura" surəsinin 23- cü ayəsində buyurulur: "(Ya Məhəmməd) de ki, Əhli-beytimə məhəbbət və sevginizdən başqa sizdən heç bir şey istəmirəm!"

Və həmçinin Peyğəmbərimiz (s) buyurur: "Hüseyn məndən və mən də Hüseyndənəm. Kim Hüseyni sevsə, məni sevmiş olur".
Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüznlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq kədərlənməkdir. Elə buna görə də, hədislərdə Əhli-beytin şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə təkid edilmişdir. Həzrət Əli buyurur: "Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüznlü günlərimizdə isə qəmli olurlar.

Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır.

2) Mənəvi tərbiyə

Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mənəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin həyatını təhlil edərək xalqa açıqlamaqla nümunəvi insana xas olan keyfiyyətləri anlatmış oluruq. Bu da fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir, İmam Hüseyndən ilham alaraq fərdi və ictimai həyatında mənəvi islahata sarı meyllidir. Necə ki, İmam Sadiq buyurur: "İmam Hüseyn hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir".

Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur. Olduğu kimi qeyd edildikdə bu mərasimlər yalnız insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mənəvi dəyərlərin hakim olmasına xidmət göstərir.

Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt vəd edilmişdir. Bu əməl Peyğəmbərlə birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur.

Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq, daxilimizdəki mənəvi boşluğun hökm sürdüyü biz zamanda onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayırıq.

3) İlahi xatirəni əbədiləşdirmək

Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani- Kərimdə vacib edilmişdir. "Hər kəs İlahi şüarları dirçəltsə, şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir". (Həcc surəsi, ayə 32).

Unutmayaq ki, mərhəmət və izzət sahibi uca Tanrı, onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri özünün sadiq dostları adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, həzrət İsmayıl Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, Qurban bayramı bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Deməli, Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu İlahi xatirəni əbədiləşdirmək hər müsəlmanın borcudur.

4) Milli-mənəvi dəyərlərimizin qorunması

Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük təsir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli, bu gün o hadisəni yad etmək və diri saxlamaqla həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik.

Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə ildönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) ümməti kimi İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim uğrunda canından və hətta əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

Ələddin Məlikov