22 Noyabr 2024 - 22
"Məhərrəmlik sıradan bir insanın deyil, qətlə yetirilmiş fövqəlinsanın hüzn günüdür".
Öncə bu matəm mərasimlərinin kökündə duran mühüm bir məqama diqqət etmək lazımdır. Görəsən, əzadarlığı edilən şəxs kimdir, tarixdə hansı rola və mənəvi məqama malik olub?
Şərq və bəzi Qərb fəlsəfi məktəblərində fövqəlinsan anlayışı var. Bu anlayışa Fridrix Nitsşe də öz fəlsəfəsində geniş yer verib. Hötenin "Faust" əsərində fövqəlinsana işarə etdiyini görürük. Mümkündür ki, Nitsşe də ondan götürüb. Nitsşenin fövqəlbəşər (Übermensch) ideyası İslam fəlsəfə və irfanında olan kamil insan anlayışına yaxındır. "Zərdüşt belə deyirdi" kitabında Nitsşe bu barədə geniş yazır. Nitsşe fəlsəfəsində insan (Mensch) fövqəlinsandan (Übermensch) dərəcə etibarilə çox aşağıdır. Bu fövqəlinsanda insanın çata biləcəyi bütün mənəvi kamilliklər cəm olub. O, bütün həqiqətləri olduğu kimi anlayır. Bütün insanların hədəfi fövqəlinsana çevrilməkdir.
Nitsşeyə görə, fövqəlinsan yaradılışın hədəfidir, həyat onun vasitəsilə məna qazanır. Sonuncu insan isə qəflətdə öz heyvani həyatı ilə yaşayan biridir. Fövqəlinsan dünya cəmiyyətinin sütunudur. O, bütün insani dəyərləri qoruyan, yaşadan biridir. Adi insanlar fövqəlinsana bənzəməyə çalışmalıdırlar. O, bütün insanların mənəvi atası hesab edilir.
Maraqlı bir məqam da odur ki, bu kamil insan eqosentrik deyil, yalnız özünü düşünməz. O, digərlərinin, cəmiyyətin səadətini öz hədəfi bilir. İslam dini həzrət Hüseyni həmin kamil insan nümunəsi olaraq irəli sürür. Hər kəs bu tarixi şəxsiyyətin həyatını oxusa, Kərbəla hadisələrini təhlil etsə, onun istisnasız olaraq bütün bu müsbət xüsusiyyətlərə sahib olmasının şahidi olar. Həzrət Hüseyn cəmiyyətin səadətini həyatının hədəfi bilirdi. Ona görə bu yolda bütün yaxınlarını fəda etməkdən çəkinmədi. O, hesab edirdi ki, Hüseyn şəhid olsun, təki digərləri zülmdən qurtulsun, fiziki və mənəvi azadlıqda yaşasınlar.
Ona görə də məhərrəmlik sıradan bir insanın deyil, qətlə yetirilmiş fövqəlinsanın hüzn günüdür. Və elə bir insana irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs əzadarlıq edə bilər və edir. Bu cür insanlar bəşəriyyətin mənəvi irsinə daxil olurlar. Həyatları ümumbəşəri dəyərlərlə zəngin olur. Elə bu səbəbdən də tarixin bir çox müsəlman olmayan şəxsləri belə İmam Hüseyn hərəkatından özləri üçün nümunə götürüblər.
"Kərbəla bütün gələcək nəsillər üçün ibrətlərlə dolu rəşadət salnaməsidir"
Həzrət Hüseyn İslam tarixinin ən həssas dönəmində qiyama qalxdı. İslamın bir din olaraq aradan tamamilə getmə təhlükəsi olan bir zamanda özünün və yaxınlarının şəhadəti ilə onu hifz edə bildi. Bu hərəkatın əzəməti geniş əhatəli etiqadi təsirində, misilsiz mənəvi yükündə, orada iştirak etmiş bütün şəxslərin misilsiz fədakarlıqlarındadır. Məhərrəm ayındakı matəm məsum insanların qətlinə deyil, məsumiyyətin qətlinə görədir, bir qrup insanların faciəsinə görə deyil, ümumbəşəri dəyərlərin tapdalanmasına görədir, məğlub edilmiş bir dəstənin əsir edilməsinə görə deyil, bütün azad ruhlu insanların, haqqın, ədalətin əsarətinə görədir. Kərbəla tarixdə baş vermiş minlərlə lokal hadisədən biri deyil, bütün gələcək nəsillər üçün ibrətlərlə dolu rəşadət salnaməsidir. İnsan fədakarlıq, mənəvi dəyərlərin qorunması nümunəsi olan belə bir hadisəni yaşatmaqla özünü və cəmiyyətini mənəvi süqutdan qoruyur. Mənəvi dəyərlər yaşayır və növbəti nəslə ötürülür.
Kərbəla eyni zamanda şəhid, mərd insan yetişdirmə məktəbidir. Belə bir məktəbi dərk etmiş gənclər öz torpaqlarını düşmənə verməz, xəyanət etməz, ölkəsinə, xalqına həmişə sadiq olar, belələrinin ruhunu sındırmaq olmaz. Bu məktəbin şagirdləri zülmə, zillətə boyun əyməz, ali hədəfləri üçün hər şeyindən keçməyə hazır olarlar.
Hər bir sağlam cəmiyyət üçün şəhidlik dəyərli mərtəbədir. Bəzən şəhidlər torpaq uğrunda, bəzən isə ideologiya, inanc və mənəvi dəyərlər uğrunda canlarını fəda etməli olurlar. İnanc, insani və mənəvi dəyərlərin qorunması üçün şəhid olmuş birinin milli mənsubiyyəti olmaz. Həzrət Hüseyn məhz mənəviyyat şəhididir. Bəzən ona Eşqin Şəhidi də deyirlər. Bəli, Kərbəla hadisəsi eyni zamanda ictimai əhəmiyyətli bir məsələdir.
Həzrət Hüseynin qiyamı təsəvvür olunduğundan da çoxşaxəlidir. Bu hadisəni elmi, fəlsəfi-əqli, siyasi, sxolastik, tarixi, hüquqi, irfani və s. cəhətlərdən təhlil etmək olar. Bunu tarix boyu yazılmış çoxlu sayda elmi kitablar da təsdiq edir. Bizlər isə, təəssüf ki, bu qiyamın daha çox emosional, dramatik zahiri tərəfinə köklənirik. Ona görə də cəmiyyət bu hərəkatın elmi-mənəvi tərəflərini görə bilmir. Təbii ki, bizlər Kərbəla qiyamının hisslərə toxunan ağır mənəvi yükünü dana bilmərik. Fəqət, bu bizə qiyamı sırf emosional müstəviyə daşımağa əsas vermir. Həzrət Hüseyn bu hərəkatı arzu və istəklərinin təhriki ilə deyil, ağıl əsasında başladı, ağılla da sonlandırdı.
Bəzən unuduruq ki, həqiqi duyğusallıq elmdən, ağıldan gəlməlidir. Yalnız hisslərə qapılmaq gözü kor edər, insanı səhv yola aparar. Məhərrəmlik məclisləri elm məclisləri olmalı, elmi, tarixi, siyasi, irfani, əxlaqi, fəlsəfi agahlıq məclislərinə çevrilməlidir. Duyğusal tərəfini də bu məclislərdən ayırmaq mümkün deyil və heç düzgün də deyil. Ancaq hər şeyin öz həddi var, o həddi keçmək olmaz. Məhərrəmlik məclisləri ancaq yas məclisi təəssüratı bağışlamamalıdır. Bilirsiniz, dini mənbələrdə İmam Hüseyndən nəql olunan hüquqi, ibadi mövzulardakı hədislər çox azdır. Bu onu göstərir ki, Həzrətin yaşadığı dövrdə insanlar ondan belə mühüm mövzuları soruşmurdular. Halbuki, hamı onu tanıyır, müqəddəsliyini, peyğəmbər övladı olduğunu qəbul edir, necə dərin elmə sahib olduğunu bilirdi. Həzrət Hüseyni elmi-mənəvi rəhbər, nümunə olaraq tanımayan bu cəmiyyət də elə sonra onu Kərbəlada qətlə yetirdi. Hüseyni qətlə yetirənlər yad ölkələrdən gəlmiş insanlar deyildi. Kərbəlada imamı tənha buraxanlar onu tanıyıb, ancaq elm mədənindən istifadə etməyənlər idi. İmamı sadəcə zahirən tanımaları onlara fayda vermədi, ona görə də Kərbəla sınağından çıxa bilmədilər. Biz oxşar tarixi gedişatı günümüzdə də qismən müşahidə edirik...
Unuduruq ki, günümüzün həqiqi əzadarı imamın elminə bələd olan, onun sözlərini dərk edib yaşayan, onun həyat tərzinə ayaq uyduranlardır. Ona görə də həqiqi əzadarın cəmiyyətdə görəcəyi işlər çoxdur. Bunlardan biri də Kərbəlanın geniş elmi, mənəvi cəhətlərini tanıtmaqdan ibarətdir.
Dini mətnlərdə məhərrəm məclisləri keçirməyin, həzrət Hüseynə əzadarlıq etməyin mənəvi üstünlüklərindən çox bəhs edilib. Deyilib ki, bu hadisəyə ürəyinizin yandığını bildirin, həzrət Hüseynlə həmdərd olduğunuzu göstərin. Ən əsası da çox təkid olunub ki, Hüseyn hərəkatının mahiyyətini anlayın, elmi tərəflərini dərk edin, mərifət əldə edin və onun həyat tərzini özünüzə nümunə seçin. Ancaq hədislərdə əzadarlığın tərzindən demək olar ki, danışılmayıb. Dini mətnlərdə zəncir, qəmə vurmaq, yaxud da sinə vurmaq barədə danışılmayıb. Belə ki, heç bir hədisdə zəncir və ya qəmə vurmağın savabı barədə göstəriş yoxdur. Zəncir vurma və qan çıxarma formasında olan əzadarlıq nə islamın əvvəllərində, nə də ona yaxın dövrlərdə olub. Bu, sonradan yaranıb. Bəziləri bu adətin ilk dəfə Pakistandan, İraqdan, ya da ki, İrandan gəldiyini deyirlər. Bizə də zəncir vurma kimi əzadarlıq forması tədricən onlardan sirayət edib. Əslində, dini mətnlərdə məsələnin xüsusiyyətinə varılmaması əzadarlığın ictimai şüura əsasən keçirilməsinə bir göstərişdir. Hər xalqın əzadarlıq və yas saxlamaq forması fərqlidir. Məsələn, biz öz əzizlərimizin yasında köynəyimizi çıxarıb lüt bədənə sinə vurmuruq, aşağı-yuxarı tullanmırıq da, zəncir vurub qan da çıxarmırıq. Sufilərə xas formada baş gicəlləndirən hərəkətlər də etmirik. Lakin bu formalı əzadarlığı bəzi İslam ölkələrində görmək mümkündür. Onların heç biri İslam üçün baş ucalığı gətirmir və həzrət Hüseynə layiq əzadarlıq da deyil.
Ümumilikdə ölkəmizdə keçirilən əzadarlıq mərasimləri, məncə, müsbətə doğru çox dəyişib. Bu zəmində maarifləndirmə işləri də davam edir. Ziyalı, agah inanclı insanların sayı çoxalır. Məhərrəmlik mərasimlərimizdə bəzən başqa İslam ölkələrinin əzadarlıqlarının təsiri hiss olunur. Məsələn, mümkündür ki, qəmə vurmaq, hərvələ (sürətlə hərəkət) İraq, Pakistan müsəlmanlarında və bəzi İslam şəhərlərində yerli əzadarlığın bir forması olsun. Ancaq bunlar ölkəmizin əzadarlıq və yas məclislərinə xas deyil. Elə əzadarlıq forması da var ki, onu etmək dini cəhətdən qətiyyən düzgün deyil. Bəzi hərəkətlər isə dini baxımdan günah sayılmasa da, cəmiyyətimiz üçün yad olduğuna görə bizdə o cür əzadarlıq edilməməsi daha yaxşı olar. Deməli, məhərrəmlik mərasimlərini əxlaqi, dini çərçivəni qoruyaraq keçirmək, ona uyğun matəm saxlamaq lazımdır.
Bir də İslam hüquq sistemində "dini digərlərinin gözündə pis qələmə vermək" anlayışı var. Bu qaydaya əsasən, hər hansı bir vacib olmayan əməldə dini əksəriyyətin gözündən salma xüsusiyyəti olarsa, onu etmək düzgün deyil. Müsəlman öz əməllərinə diqqət etməlidir. Davranışları İslama ləkədirsə, onlardan çəkinməlidir. Hətta tutduğu əməl öz aləmində bəyənilən (müstəhəb) bir əməl olsa da belə, bu iş insanları İslamın gözəl işlərinə dəvət etmək yerinə, dindən uzaqlaşdırırsa, onu tərk etməlidir.
Hədislərdə hər il İmam Hüseyn faciəsini xatırlamaq və bu faciənin xatirəsini təzələmək təkid edilir. Burada maraqlı bir məqam ortaya çıxır: Görəsən, hədislərdə niyə Kərbəla qiyamına bu qədər əhəmiyyət verilir? Sizcə, hər il anlaşılmayan hərəkətlər etmək - baş yarmaq, aşağı-yuxarı tullanmaq üçünmü? Yoxsa İslamda yaranmış şəhadət məktəbini, ədalət uğrunda aparılan mübarizəni yaşatmaq üçün? Yoxsa İmam Hüseynin: "Zillət bizdən uzaqdır!" - şüarını cəmiyyətimizin də şüarına çevirmək üçün?!
Təəssüf ki, bəziləri əzadarlığa aid ikinci dərəcəli işləri hədislərin məqsədi kimi qəbul edir və bu cür də qələmə verirlər. İmam Hüseyn hərəkatının mahiyyətini dərk etmədən formal ağlamaqla, əzadarlıq etməklə hədislərdə deyilən sonsuz savabı qazanmaq, ali hədəflərə çatmaq olmaz.
İnsanlar milli və dini qəhrəmanları şişirtməyə meyllidirlər. Bu, onlara olan sevgidən irəli gəlir. Bəzən həzrət Hüseyn və onun şücaətli səhabələri barədə də mübaliğəli, əsassız hədislər, şeirlər uydururlar. Belə təhriflər dini şəxsiyyətləri qətiyyən ucaltmır, əksinə, gözdən salır. Cəmiyyət onlara ideal şəxsiyyətlər kimi baxmaq əvəzinə qeyri-real və mifoloji bir obraz kimi baxırlar. Nəticədə də Kərbəla hadisəsi cəmiyyətin zehnində zamanla bir əfsanəyə çevrilməyə başlayır.
Cəmiyyətimiz getdikcə məhərrəmlik mərasimlərinin həqiqətini daha dərindən anlamağa başlayır. Xurafatların qarşısı bir xeyli alınıb. Əvvəlki dövrlərə baxanda gözəçarpan dərəcədə fərq görmək olar. Məhərrəmlik əzadarlığını keçirən, önəm verən insanların sayı ilbəil artır. Bu sahədə ölkənin ilahiyyatçıları tərəfindən də savadlı maarifləndirici işlər aparılır. Bölgələrimizə də baxanda keçmişlə müqayisədə bir çox faydalı işlər görülüb.
Azərbaycan müxtəlif etnosların və fərqli dinlərə sitayiş edənlərin dostluq şəraitində yaşadığı tolerant ölkədir. Bu da Azərbaycan xalqına xas olan humanizm və dözümlülük xüsusiyyətindən irəli gəlir. Dövlət siyasəti də burada böyük rola malikdir. Dövlət tərəfindən digər dinlərin nümayəndələrinin fəaliyyətinə də tam şərait yaradılır.
Rövşən Abdullaoğlu
Milli.az