23 Noyabr 2024 - 23
Əmmə, necə səbr edim, gəlməyim əfğanə mən
Guşeyi‐viranədə doydum əcəb canə mən.
Öldi cəvan qardaşım, adətim əfğan olub,
Düşdi bəlayə başım, qismətim hicran olub,
Cari edim göz yaşım, mülki‐könül qan olub,
Göz yaşını ta gərək döndərəm ümmanə mən.
Cuşə gəlüb qəmlərim, əmmeyi‐müztər, mənim,
Çünki solub güllərim zülm ilə yeksər mənim,
Qanə batub qardaşım şibhi‐Peyəmbər mənim,
Ağlayub ol Əkbərə, qurram əzaxanə mən.
Gül kibi rəngim solub, əmmə, mənim qüssədən,
Adətim əfğan olub, qan tökərəm didədən,
Qismətim hicran olub, ağlaram hər vəqtə mən,
Tə`neyi‐əğyardən doydum əcəb canə mən.
Harda qalub Əkbərim, söylə sən, ey əmməcan,
Noldı o qəmpərvərim, söylə sən, ey əmməcan,
Cuşə gəlüb qəmlərim çünki mən, ey əmməcan,
Ağlaram ol Əkbəri‐ləbləri ətşanə mən.
Əsğərimi zülm ilə oxladılar kufəyan,
Əkbəri‐məhpeykəri doğradı Şimrü Sinan,
Bais odur ağlaram şur ilə, ey əmməcan,
Saxlaram həm tə`ziyə Əsğəri‐nalanə mən.
Xırda uşaxlar hamı ağlayar əllərdə cam,
İtrəti‐ətharə su, oldı bu çöldə həram,
Həşrə kimi ağlaram, Əsğəri‐tiflə müdam,
Düşmişəm hicran ilə bərrü biyabanə mən.
Əmmələrim cümləsi başə salublar qəra,
Hər biri bir növ` ilə eyləyər əl`an səda,
Bacı gərək şur ilə qardaşını ağlaya,
Ağlaram ol Əkbəri‐Yusifi‐Kən`anə mən.
Məskənimiz Şamdə, zülm ilə viran olub,
Adətimiz sübhətək, naləvü əfğan olub,
Təşnə babam, əmməcan, qaninə əlvan olub,
Ağlaram ətşan ölən Sərvəri‐dövranə mən.
Əmmə, yuxum gəlmiri, bais odur çün acam,
Çün mənə şadlıq babamdan sora oldı həram,
Gəlmir əcəl Şamdə, ömrim olaydı təmam,
Vəqt yetibdür olam azimi‐rizvanə mən.
Saxlayaram ruzü şəb Şahi‐şəhidə əza,
Bəzmi‐əzadə müdam eylərəm ahü nəva,
Ya Rəb, özin əfv elə Nadimi ruzi‐cəza,
Çün səni verrəm qəsəm Şahi‐şəhidanə mən.
Hüseyn Nadim Naxçıvani-Nehrəmi