23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Müaviyə dövründə qiyamın maneələri
29.12.2018

Müaviyənin qüdrətinin hakim olduğu acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə alsaq, o vaxtda qiyam etməyə nə imkan var idi, nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseynin inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.

1) İmam Həsənin Müaviyə ilə sülh müqaviləsi

Əgər İmam Hüseyn Müaviyənin dövründə qiyam etsəydi, Müaviyə İmam Həsənin onunla bağladığı və İmam Hüseynin də təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib imamı sülh müqaviləsini pozmaqda ittiham edəcəkdi. Çünki hamı bilirdi ki, İmam Həsən və İmam Hüseyn nə qədər ki, Müaviyə sağdır, onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına dair söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn qiyam etsəydi, Müaviyə imamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verəcəkdi. Düzdür, İmam Hüseyn Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad, könüllü və ixtiyari şəkildə deyil, məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir müqaviləyə (baxmayaraq ki, əslində düzgün müqavilədir) İmam Hüseyn əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuşdu və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər ki, müqavilə var idi, Müaviyə onunla İmam Hüseynin qiyamına qarşı bəhanə gətirə bilərdi.

Digər tərəfdən də baxmalıyıq ki, görək camaatın İmam Hüseynin qiyamı barədə fikri necədir? Məlumdur ki, İmam Hüseynin dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Təhlükəsizlik ardınca olan bu camaatın beynində təbii ki, "İmam Hüseyn Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub) indi də ona əməl etməlidir" fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər İmam Hüseyn qiyam etsəydi, Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki, o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.

2) Müaviyənin dini jestləri

İmam Hüseynin Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki, camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi, üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək, nümunə qərar verərək fədakarlıq, qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn Müaviyənin dövründə qiyam etsəydi, çox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu, hoqqabazlığı, hiyləsi və dini jestində və onun problemləri həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür, Müaviyə öz hökumətində İslamı tamamilə təhrif etmiş, Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hakimiyyətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o bunu da yaxşı bilirdi ki, camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o, həmişə çalışırdı ki, öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şəri görülməsi mümkün olmayan işləri isə gizlində görürdü.

Bəzi tarixi sənədlər göstərir ki, Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki, özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şöbə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: "Müaviyə camaat arasında ən pis adamdır". Ancaq bununla belə, Müaviyənin dinin bəzi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaatı böyük çətinliyə salırdı.

Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlardan, İmam Həsənlə sülh bağladıqdan və camaatın ona beyət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn onun dövründə qiyam etsəydi, Müaviyə asanlıqla imamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox, hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.

Mehdi Pişvayi