21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) hər bir məsum imam kimi bizə dəyərli dərslər və ibrətlər vermişdir. İmamın bizə verdiyi altı ibrətli dərslə tanış olaq:
1) Aşura günü haqq ordusu ilə batil ordusu vuruşurdu. Əziz İmam Hüseyn əvvəldən axıradək haqqı bəyan edir və batili ifşa edirdi.
İmamın bəzi buyuruqlarına diqqət edək: "Zillət bizdən çox-çox uzaqdır".
Düşmən qoşunundan bəzisi İmam Hüseynin şəhid olmasını güman edib, xeymələrə hücum etmək istədikdə imam fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa azad kişi olun (dünyada qeyrətiniz olsun)”.
Aşura günü İmam Hüseyn düşmənə buyurdu: "Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram".
Aşura günü İmam Hüseyn (ə) buyurdu: "Agah olun, bilin ki, bu zinazadə oğlu zinazadə (ibni Ziyad) məni iki seçimin arasında saxlayıb: ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Halbuki zillət bizdən çox-çox uzaqdır!".
“Ölüm alçaqlıqdan yaxşıdır”.
“İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır”.
“Həqiqətən, mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm”.
“Məni ölümləmi qorxudursunuz? Afərin, Allah yolundakı ölümə!”.
İmam Hüseyn buyurub: “Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə, Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın”.
Aşura günü İmam Hüseyn buyurub: "Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itrətini (Əhli-Beytini (ə)) müdafiə edəcək bir müdafiəçi varmı?".
İmam Hüseyn buyurub: "Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!".
2) Namazın əhəmiyyəti. Döyüşün ən alovlu yerində namaz vaxtı gəlib çatır. Ancaq düşmən namaz qılmağa fürsət vermir. İmam Hüseyn Zuheyr ibni Qeynə və Səid ibni Abdullaha əmr edir ki, namazqılanların qabağında dayanıb, özlərini qalxan etsinlər. Həzrət bu halda namazını qılır.
3) Sadiqlik. Bir gün Hatəm Tainin oğlu Ədi İmam Hüseynin yanına gəlir və deyir: “Ey Əba Abdullah, zillətlə izzəti mübadilə etdiniz (İmam Həsənlə Müaviyyənin müqaviləsini nəzərdə tutur) və öz əzəmətinizi əldən verdiniz. Bizlərin hamısı sizin vasitənizlə müti olduq və bir ömür gərək müxaliflik edək. Gəl qardaşın Həsəni və sülh müqaviləsini burax, davamçılarını Kufədən və başqa şəhərlərdən topla.
İmam Hüseyn cavabında buyurur: “Biz əhd bağlamışıq və onu sındırmağa yol yoxdur. Əhdi sındırmaq bizim üslubumuz deyildir”.
4) Dönməzlik və yenilməzlik. O zaman ki, İmam Hüseyn Kərbəlaya daxil olur, məlun Übeydullah ona məktub göndərir. İmam məktubu alır, oxuyur və parçalayır. Yerə atıb, buyurur: “O insanlar ki, məxluqun razılığını Xaliqin razılığından üstün bilərlər, heç bir zaman müvəffəq olmayacaqlar”.
5) Abırı çox üstün tutmaq. Bir gün şairlərdən biri İmam Hüseynin məclisinə daxil olur və şeir oxuyub, Əhli-Beyti mədh edir. İmam ona 400 dinar hədiyyə edir. Bir nəfər etiraz edib deyir: “Axı o, fasiq şairdir?”.
Həzrət buyurur: “Ən yaxşı mal və sərvət odur ki, insanın abrını qoruyar. Peyğəmbər də şair Kəəb ibni Zuheyrlə bağlı belə etmişdi”.
6) Quranın tanıdılması. İmam Hüseyn bütün hərəkat boyu müqəddəs Kitabı təbliğ edirdi. Hətta şəhid olandan sonra da, mübarək başı Quran tilavət edirdi...
İmam Hüseyn söhbətlərinin birində Quranı dörd hissəyə bölür: sözlər və ibarələr, işarələr və metaforalar, rəvayətlər və dastanlar, həqiqətlər.
1. Sözlər və ibarələr adi insanlar üçündür;
2. İşarələr və xəbərlər bunun əhli (məlumatlı olanlar) üçündür;
3. Rəvayətlər övliyalar üçündür;
4. Həqiqətlər nəbilər və vəsilər üçündür.