23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad
03.01.2019

Tutaq ki, bəzi şəxslər və ya İslam dövləti yuxarıda söhbəti gedən problemlərin həllini öz üzərinə götürdülər. Və ya İslam dövləti olmasa belə, müsəlman xalqın özü bu problemlərin həllinə qalxdı, çətinlikləri aradan qaldırıb İslam düşmənləri ilə mübarizə apardılar və düşmənin planlarını alt-üst etdilər, çox gözəl. Lakin heç bir iş görülməsə, dediyimiz münkərlə mübarizə aparmaq müsəlmanların öhdəsinə düşür. Amma həmişə müsəlmanlar öz vəzifələrini dərk edib onları yerinə yetirirlərmi? Görəsən elə bir gün olacaqmı ki, müsəlmanlar öz İslami vəzifələrinə süst yanaşmasınlar? Məgər bizim tarixdə müsəlmanların vəfasızlığına aid nümunələrimiz azmı olub?

Əmirəl-möminin Əli əleyhissəlamın şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər iyirmi il vaxt çəkdi. Bu müddət ərzində İmam Hüseyn (ə) Mədinədə nə edirdi? Hakimiyyətdə olanlar bütpərəst idilər, ya zahirdə Allahı, Rəsulallahı (s) və şəriəti danırdılar? Xeyr, belə deyildi. Onlar özlərini həzrəti Məhəmmədin (s) xəlifəsi bilirdilər, ibadət edirdilər, cümə günləri cümə namazı qılır, xalqa pişnamaz olurdular. Ancaq bəzən də çaşıb cümə namazını cümə axşamı qılırdılar! Hərdən də camaat namazına kefli halda dayanırdılar! Məlum olan budur ki, namaz qılırdılar. Hətta Aşura günü Ömər ibn Səd əvvəl namaz qılır, sonra deyir: “Ya xəyləllahi irkəbi və bil cənnəti əbşiri.”

İmam Hüseyn (ə) dövründə yaşayan camaatın hamısı namaz qılırdı. Müsəlmançılıq iddiasında idilər. Necə deyərlər hökumət, İslam hökuməti idi. Amma 232 İmam Hüseyn (ə) iyirmi il müsibətlər çəkdi və anlada bilmədi ki, bu hökumət nahaqdır. Az bir dəstə istisna olmaqla, əksəriyyət bu kimi məsələləri anlaya bilmədi. Digər imamların məsələn, həzrət Musa ibn Cəfər (ə) və İmam Sadiq (ə) və digərlərinin zamanında açıqca deyə bilirdilərmi ki, hökumətimiz batil hökumətdir? Bəs bu böyük şəxsləri nə üçün zindana salır, sürgün edir, şəhadətə yetirirdilər?

Xəlifələr dini inkar etsələr də, zahirdə müsəlman görsənir, Allah Rəsulunun xəlifəsi adı ilə hakimiyyət edirdilər. Əksər rövzəxanların nəql etdiyi belə bir əhvalatı yəqin ki, eşitmiş olarsınız: “Harun ər-Rəşid Həzrət Musa ibn Cəfəri (ə) zindana salmaq istəyəndə peyğəmbərin (s) qəbri üstünə gəlir və üzürxahlıq edərək deyir: “Ey peyğəmbər, mən sənin övladını zindana salmaq məcburiyyətindəyəm. Bunu məndən İslam cəmiyyətinin əmin-amanlığı tələb edir! Ölkədə əmin-amanlıq olsun, ixtilaf düşməsin deyə, bu işi görməliyəm!” Peyğəmbərdən (s) bu işinə görə üzr istəyirdi. Elə düşünməyin ki, bu hökumətlər kafir və dinsiz idilər. Yaxşı, belə vəziyyətdə nə etmək lazımdır? Bəzi pərakəndə ictimai-mədəni fəaliyyətlər sayəsində dinin əslini qorumaq olur. Bu ümidlə ki, bir gün gələr xalqın səviyyəsi yüksələr və daha mühüm işlərə gücləri çatar.

İmam Səccadın (ə) vaxtından müxtəlif səbəblər üzündən bütün imamlarımızın proqramı bu tərtiblə olmuşdur. Xüsusi şəkildə hazırlanmış bir qrup müsəlman İmam Hüseynin (ə) qanının bərəkətindən haqqı tanıyıb, İslam ölkələri ətrafında pərakəndə şəkildə yaşayırdılar. Müxtəlif yerlərdə rast gəldiyimiz imamzadələr həmin Əhli-beyt məktəbində tərbiyə almış kəslərdir ki, xalqın hidayəti ilə məşğul idilər. Onların əksəriyyəti Peyğəmbər (s) sülaləsindən idilər. Bu şəraitdə ancaq xalqın maarifləndirilməsi işi ilə kifayətlənirdilər. Çünki, başqa sahələrdə fəaliyyət göstərmək imkanı yox idi. Görə biləcəkləri iş ancaq bundan ibarət idi və bununla da dinin əslini qoruyub saxlaya bilirdilər. Lakin Minada İmam Hüseyn (ə) görkəmli şəxsiyyətlərlə görüşəndə, onlara buyurduğu fərmanın bir hissəsi belə idi: “Mən qorxuram haqqın əsli itsin!” Söhbət bir hökmün itməsi məsələsi deyil. Düşünün, mən haqqın özəyinin itməsindən qorxuram. Qorxuram ki, xalq artıq haqla batili bir-birindən ayıra bilməsin. Haqla batili birbirindən ayıracaq başqa bir yol qalmamışdır!” Bu şərait artıq xüsusi iş tələb edir. Nə təbliğat işləri, nə pulla iş görmək, nə də hərbi qoşun toplamaq mümkündür. Haqq cəbhəsinin tərəfdarı yoxdur, güc batil cəbhənin əlindədir və pul da onların ixtiyarındadır. Saysız-hesabsız təzyiqlər xalqı süst etmişdi. Müxalifət edənləri ya dara çəkir, ya terror edirdilər. Bu səbəbdən də xalqın mübarizə ruhu ölmüşdü. Bir kəsin nə qiyam etməyə cürəti çatırdı və nə də bu işə qüdrəti qalmışdı; təbliğat da təsir etmirdi. Bütün təbliğat mexanizmi əməvilərin əlində idi. Çox az adam imamın fəryadını eşidirdi. Əlbəttə, söhbət etməyə də qoymurdular. İyirmi ildə onu bu imkandan da məhrum etmişdilər. Belə bir şəraitdə nə etmək lazımdır?

İmam Hüseynin (ə) gördüyü iş İslam cəmiyyətində elə bir təəssürat yaratdı ki, qiyamət gününəcən öz tə’sirini saxlayacaqdır. Bu titrəyiş həmişəlik qalacaq, sakitləşməyəcəkdir. Bu hərəkatı nə təhrif etmək olur, nə də başqa yerə yozmaq. Hədis olsa deyə bilərlər ki, məsələn yalandı və ya qondarmadır. Ya da ən azı deyərlər ki, bu sizin nəzərinizdir! Alimlərə də deyərlər: “Siz öz anlayışlarınızı mütləq şəkildə cilvələndirməyin. Başqa nəzərlər də ola bilər!” Allah yolunda, dinin dirçəlişi üçün bir dəstə insan öz canlarını və əzizlərini fəda etmişdilər. İndiyə qədər nə bir tarixçi, nə alim və nə də bir insaflı şəxs Kərbəla faciəsini başqa cür təfsir etməmişdir. Bəli, bu günlər mümkündür kimsə Kərbəla hadisəsinə təzə rəng verməyə çalışsın! Nəuzubillah desinlər: ”Hüseyn (ə) çox yersiz iş görübdür! Kərbəla hadisəsi bir çox kobud hərəkətlərin əks-reaksiyası idi! Burda yezidlərin təqsiri yoxdur. Hüseynin (ə) babası vaxtilə onların atasını öldürmüşdü, onlar da Kərbəlada əvəzini çıxıb peyğəmbərin (s) övladını öldürdülər!” Bu növ izah indiyə kimi Kərbəla hadisəsi haqqında edilən təfsirlərin bəlkə də ən alçağıdır ki, eşidirik. Belə təfsiri ancaq şeytanın özü edə bilər. Belə bir təfsir hələ indiyə qədər görünməmiş bir şeydir. Müsəlman da, kafir də, müşrik və bütpərəst də Kərbəla hadisəsi qarşısında ehtiramla təzim edirlər. Bu səbəbdən Hüseyn (ə) hidayət çırağı olmuşdur. Bu elə bir çırağdır ki, heç vaxt sönməz. Bunun əleyhinə görüləcək bir iş də yoxdur. Bu hadisə İslam cəmiyyətinin nicat tapmasına səbəb oldu. Bu da ümumi mənada olan nəhy əz münkərin başqa bir nümunəsidir. O həzrət buyurmuşdur: “Mən əmr be mə’ruf və nəhy əz münkər etmək üçün qiyam etdim”. Əgər kimsə, “Öz hədəfinə çatdımı?” sualını versə, cavab budur: Bəli! İstədiyini etdi və niticəyə də çatdı. Bu işin nəticəsi nə oldu? Bu oldu ki, xalq haqla batili bir-birindən ayıra bildi.

İlahi peyğəmbərlərin və övliyaların əsas vəzifəsi hidayət edib yol göstərməkdir. Hidayətdən sonra xalq hazır olub onların rəhbərliyini qəbul edərsə, hökumət də təşkil olunar. Hökumətin təşkili onların vəzifəsidir, bir şərtlə ki, xalq da yardım etsin. Necə ki, Əli (ə) Şiqşiqiyyə xütbəsində buyurur: “Xalq hazır olub köməklik göstərsə, mən də öz vəzifəmə əməl edəcəyəm.” Hazır olmasalar, hökumət qurmaq vəzifəsi qüvvədən düşür; hidayət vəzifəsi qüvvədə qalır. Hidayət etmək peyğəmbərlərin və övliyaların vəzifəsidir. Onların qeybəti zamanı bu vəzifə başqalarının üzərinə düşür. Onlar (üləmalar) peyğəmbərlərin varisləridir. Bu vəzifə həmişə var və heç bir halda heç kimin üstündən götürülmür. İmam Hüseynin (ə) şəhidlik məktəbi tədris olunmalıdır. Hər hansı bir insaflı şəxs onu təhlil edə bilsə, bu nəticəyə çatacaq ki, o həzrət öz dini vəzifəsini yerinə yetirmək üçün bu işi görmüşdür. Deməli, əmr be məruf və nəhy əz münkərin belə bir nümunəsi də ola bilər. Amma bu cür hallar çox nadir olur. İkincisi də, belə bir vəzifə borcunu müəyyənləşdirmək olduqca böyük agahlıq tələb edir. İnsanın hər bir şeyindən keçməsi çox böyük fədakarlıq tələb edir ki, vəzifədən boyun qaçırmaqdan ötrü öz işlərinə yalandan şər’i don biçməsin, əmr be mərufu tərk etməkdən ötəri bəhanə axtarmasın. Belə bir şəxsiyyət çox nadir hallarda olur. Amma hər halda Allah-taala öz höccətini bizim hamımıza tamam etmişdir. Heç kəs olmasa da, Hüseyn ibn Əli (ə) var idi. Bizim canımız, övladlarımız sənə qurban, ey Hüseyn! Hidayət çırağını bu dünyada yenidən sən alışdırdın. Dünya durduqca bu çıraq sönməyəcəkdir!

Mizbah Yəzdi