21 Noyabr 2024 - 21
Muxtar Səqəfi haqqında məlumatlar birmənalı deyil. Hədis kitablarına nəzər yetirdikdə görürük ki, Muxtar Səqəfi haqqında iki fərqli məzmunda hədislər var. Bəzi hədislər Muxtar Səqəfini tərifləyir. Lakin bəzi hədislərdə Muxtarın məzəmmət olunduğunu görürük.
Tanınmış fəqih, rical və hədis alimi Seyid Əbülqasim Xoyi öz “Möcəmi ricail hədis” kitabında buna işarə edir. Buyurur ki, Muxtar haqqında nəql olunmuş hədislər iki qismdir. Bəzi hədislərdə Muxtar təriflənir, amma bəzilərində məzəmmət edilir. Lakin bu hədisləri müqayisə edəndə görürük ki, Muxtar və qiyamını tərifləyən hədislər daha çoxdur. Həmçinin Seyid Xoyi Muxtarı tənqid edən hədislərə işarə edərək buyurur ki, bunların sənədləri zəifdir.
Yəni burada iki növ hədis arasında ziddiyyətli məqam yaranır. Təbii ki, burada da seçim etmək lazımdır. Çünki ikisi də birdən qəbul oluna bilməz. Seyid Xoyi buyurur ki, Muxtarı tərif edən hədislər həm sayca çoxdur, həm də sənəd etibarı ilə səhih hədislərdir. Lakin Muxtarı məzəmmət edən hədislərin sənədləri zəifdir. Burada sənədi zəif olan hədislərə kənara qoyulur və səhih olan hədislər qəbul olunur.
Ümumiyyətlə, sual yaranır ki, nəyə görə bəzi hədislər Muxtarı tənqid edir? Bu, təbii haldır. Yəni tarixdə yaşamış və bu cür böyük bir işə imza atmış şəxs barəsində təbii ki, düşmənlər plan cızacaqlar və onu gözdən salmaq üçün müəyyən işlər görəcəklər. Çünki Muxtar İmam Hüseyn qatillərini cəzalandırıb, onlardan intiqam alıb və belə bir insan barədə düşmənçilik hər zaman olacaq. Bu, təkcə Muxtara xas olan bir hal deyil. Tarix boyu tanınmış insanlar haqqında həmişə ziddiyyətli və ikitərəfli məlumatların olduğunu biz görürük. Bu da təbii haldır.
Muxtar Səqəfi tanınmış səhabə Übeydullah ibn Səqəfinin övladıdır. Hicri təqvimi ilə bir və ya ikinci əsrdə dünyaya gəlib. İmam Hüseynin qiyamı zamanı bir müddət Übeydullah ibn Ziyadın zindanında əsir olub. Ondan sonra bir yolla azad olur və İmam Hüseynin qatillərindən intiqam almağı qarşısına hədəf qoyur.
Təbii ki, bu işi icra etmək üçün müəyyən bir dəstək lazım idi. Tarixçilərin qeyd etdiyinə görə Muxtar həm İmam Zeynəlabidinə, həm də İmam Əlinin oğlu Məhəmməd ibn Hənəfiyyəyə məktub yazaraq onlardan dəstək istəyir. İmam Səccaddan dəstək ala bilmir.
Tarixçilər bu cür qeyd edirlər ki, İmam Səccadın həmən dövrdə vəziyyəti və məsuliyyəti ağır olduğu üçün, ətrafındakı insanlar dağıldığı üçün və imam o dövrdə şiələri ümumi təqibdən qorumaq, həmçinin şiəlik məzhəbinin mövcudluğunu qorumaq üçün onun belə bir ağır siyasi fəaliyyətə girməsi doğru olmazdı. Ona görə də imam orada açıq-aşkar siyasi fəaliyyəti dəstəkləmir. Ondan sonra Muxtar Muhəmməd ibn Hənəfiyyədən dəstək alır və qiyama başlayır.
Təbii ki, ilk öncə insanları dəvət edir və müəyyən bir kütlə topladıqdan sonra açıq-aşkar mübarizəyə başlayır və imamın qatillərindən intiqam alır. Şimr, uşaq qatili Hərmələ, Übeydullah ibn Ziyad və digər qatillərin başını İmam Səccadın evinə göndərir. Tarixçilərin qeyd etdiyinə görə, İmam Səccad bunları görəndən sonra şükr səcdəsi edir və həmçinin Allaha həmd edir ki, Allah bu intiqamı görməyi mənə nəsib etdi. İmam Səccad Muxtar üçün dua edərək buyurur ki, Allah Muxtara xeyirli əvəz nəsib etsin.
Ona görə də Muxtar haqqında bunu deyə bilərik ki, Muxtar imamların və xüsusilə də İmam Səccadın nəzərində yaxşı bir şəxs kimi tanınır. Bir başa olmasa da, dolayı yolla onun hərəkatı dəstəklənib. Muxtar haqqında olan ziddiyyətli hədislər isə hədis alimləri tərəfindən qəbul olunmur. Çünki belə hədislər Muxtarı tərifləyən səhih hədislərin müqabilində həm azdır, həm də sənədləri zəifdir. Ona görə də etibarlı hesab olunmur.
Bizim Muxtara baxışımız bu cür olmalıdır ki, Muxtar öz qiyamı ilə İmam Hüseynin qatillərindən intiqam aldı və bu iş bəyənilən bir işdir. Çünki o, tarixdə bənzəri olmayan, yaxud az bənzəri olan böyük bir cinayətin intiqamını alıb və bu yolla imamlar tərəfindən də onun üçün dua edilib. Ona görə biz ancaq Muxtar haqqında mənfi yox, müsbət fikirləşməliyik.
Təbriz Qasımov