23 Noyabr 2024 - 23
Aşiqin nə qədər olsa xoşdu ibtilası qardaş
Zeynəbin qutarmayandı başının bəlası qardaş
Cövhəri vücudi-aşiq dərdü-rənc, səbrü-qəmdir
Dözməyən bu imtahana iddiası kələdəmdir
Xaksar ola nigarə tazə əvvəlin qədəmdir
Şəmtək yanıb kül olmaq dərsi-ibtidası qardaş
Fəth qılmışam Hüseynim qülleyi-fərazi-eşqi
Almışam bu ləşgər ilə həft şəhri-nazi-eşqi
Nizədə səsin ki, gəldi başladım nəmazi-eşqi
Naqədə rükuya getdim qalmaya qəzası qardaş
Qəm sipahını hüzurən mümkün olsa san verərdim
Rəmzi-eşqi qəbrin üstə şərh edib bəyan verərdim
Baxmasaydı xırda qızlar çiynimi nişan verərdim
Var hələ bu peykərimdə eşqinin yarası qardaş
Qoy deyim sənə Hüseynim öz əsəfli halətimdən
Əhli-beyti-Mustəfayə etdiyim kifalətimdən
Qızların qəza deyəndə ölmüşəm xəcalətimdən
Şərmsari əhli-beytəm qəmlər aşinası qardaş
Şirzən bacın qocaldı canidən daxi usandım
Ağlayanda xırda qızlar başına durub dolandım
İstədi yemək Rüqəyyə olmadı verəm, utandım
Qüssələr belə əritdi qaldı bir nəması qardaş
Şamidən cəlalı bərhəm, qollarımda yarə gəldim
Can verən zaman Rüqəyyən, ölmədim dübarə gəldim
Tozlu qəbrinə qızından naibuz-ziyarə gəldim
Qurtaran deyil bilirsən Zeynəbin vəfası qardaş
Olmasaydı bu vəzifə Zeynəbə əgər mühəvvəl
Qaytaram bu karivani qəbrin üstünə müəccəl
Sən xərabəyə gələndə mən özüm ölərdim əvvəl
Xəstə canimə gələrdi gözlərin qadası qardaş
Mən deməm Hüseyn ki, zülmü- cövri-düşməni soruşma
Dastani-mərgi-bülbül vəzi-gülşəni soruşma
Hər kimi desən xəbər al, bir Rüqəyyəni soruşma
Öldü gəlmədiz əzayə xar olub əzası qardaş
Şamə rəhsipar olanda qaməti-xəmidə getdim
Cövrü-zülmü Ali-Hində yazmağa xəridə getdim
Xırda qızlar ilə bahəm məclisi-Yezidə getdim
Başını Rüqəyyə görcək ovc edib nəvası qardaş
Xeyzəran həvayə qalxdı, dizlərim əsib alışdım
Haşimiyyəlik vüqarin hifz edib o dəm çalışdım
Aqibət elə qızışdım Mütrəza kimi danışdım
Əhli-məclisin ucaldı afərin sədası qardaş
Vardır illəti məzarın öpdükcə şövqə gəlləm
Axərin ziyarətimdir mən özüm bu sirri billəm
Bir də sonku Ərbəinin görmərəm yəqin ki, ölləm
Zairəm məni danışdır sözlərin fədası qardaş
Zeynəbəm, sənə müridəm haqqın üstə canfişanəm
Kuyi-eşqinə bələdçi həmlədari-zairanəm
Bax bu qanlı köynəyindir sinəm üstə qəhrəmanəm
Almışam, vəli nə almaq, çoxdur macərası qardaş
Nəhri-Əlqəm üstə bir ay ki, düşüb Hüseyn mühaqə
Vardı Zeynəbin o qolsuz sərsipahə çox əlaqə
Söylə gəlməyib Rüqəyyə, sən utanma çıx qabaqə
Dur bacın gəlib səfərdən ey gözüm ziyası qardaş
And ola o qanlı başə həmçu şəms-zühaha
Başlara dalınca aytək “vəl-qəməri iza təlaha”
İstirəm qalam yanında “vəs-səmai və ma bənaha”
Al bu xəstə canı məndən Allahın rizası qardaş
Var yeri bu nisgil ey şəh əldən alsın ixtiyari
Seltək Rübab eylir göz yaşın üzarə cari
Hey sual edir bacından Əsğərin hanı məzari
Söylərəm alıbdı hətmən sinəyə atası qardaş
Çox becadı səs gəlirdi de Rübabı dilşikəstə
Olma nagəran balandan ağlama bu noyi xəstə
Nazilə yaralı Əsğər yuxulayıbdı sinəm üstə
Üç nəfər yatıbla bahəm xoş, ata balası qardaş
“Sadiqi” düz olsa aşiq çün kəbutəri hərəmdi
Şahidani qürbü-vəslə həmneşin və həmqədəmdi
Boşla bildiyin hər aşiq yandıqca möhtərəmdi
Sinəsində söz eşqi ruhunun qəzası qardaş
Davud Sadiqi Təbrizi