22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Müaviyənin İmam Hüseynə məktubu
15.01.2019

Müaviyə İmam Hüseynə (ə) aşağıdakı məzmunda bir məktub yazdı:

Sənin barəndə mənə bəzi xəbərlər çatmışdır ki, əgər düz olsa heç də sənə yaraşan işlər deyildir. Mən səni belə işlərə baş qoşmaqdan çəkindirirəm. Hər kəs bir müqavilə bağlasa, çox yaxşı olar ki, öz əhd-peymanı üstündə möhkəm dayansın. Camaat arasında səndən başqa öz əhd-peymanına sadiq qalacaq bir şəxs vardırmı? Sənin məqamın və şərafətli mövqeyin tələb edir ki, öz əhd-peymanına sadiq qalıb bu işdə möhkəm olasan. Bunu bil ki, əgər mənim üçün hiylə qurmaq fikrinə düşsən, mən də hiyləyə əl atacağam; yox əgər haqqımı inkar etsən, mən də sənin məqamını inkar edəcəyəm.

Ey Müaviyə, məgər sən Hücrü nahaq yerə öldürən, onun dostlarını şəhid edən şəxs deyilsənmi? Onlar namaz qılan, zülm ilə mübarizə aparan, bidətləri rəva görməyən, yaxşılıqlara əmr edərək, pisliklərdən çəkindirənlərdən idilər. Amma sən onları zülm ilə öldürdün, halbuki onlara söz vermiş, möhkəm əhd-peyman bağlamış, onların əmin-amanlıqda olacaqlarına əmin etmişdin. Sənin bu işin (onları qətlə yetirməyin) Allaha qarşı bir üsyan, onun peymanını ayaq altına salmaqdır. Ey Müaviyə, məgər Xatəmül-ənbiyanın böyük səhabələrindən biri olan Əmr ibn Nəmiq Xüzaini öldürən sən deyilsənmi? Sən əməli-saleh bir şəxsi öldürmüsən. O, elə bir şəxs idi ki, ibadətin məşəqqəti üzünü saraldıb soldurmuş, bədənini zəiflətmişdi. Sən onunla peyman bağlayaraq aman vermişdin. Hətta əgər bu amanı çöl ahularına versəydin dağlardən çox arxayınlıq və xatircəmliklə enib sənə tərəf gələrdilər. Ey Müaviyə, məgər sən Ziyadı İslam hərəmində atan Əbu Süfyandan dünyaya gəldiyini iddia edən adam deyilsənmi? Hansı ki o, Səqəfi adlı bir qulun evində dünyaya gəlmişdi. Sən onu Əbu Süfyanın oğlu, öz qardaşın hesab etdin, halbuki Rəsulullah (s) belə buyurub: Övlad yataq sahibinə aiddir və zinakar daş-qalaq olunmalıdır. Sən bu işi nəfsani ehtiraslar, istəklər, dünyapərəstlik üzündən gördün, sonra onu müsəlmanları qətlə yetirib, əl-ayaqlarını kəsdirərək, gözlərini çıxarmaq və xurma ağaclarından asdırmaq üçün onların canına saldın. Elə təsəvvür edirsən ki, bu işlərin sənə heç bir dəxli yoxdur?! Ey Müaviyə, məgər sən o adam deyilsən ki, Əlinin (ə) dostlarını və ardıcıllarını qətlə yetirmək barədə Ziyada fərman verdin, o da sənin əmrini yerinə yetirdi. Halbuki, Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) öz əmisi oğlunun (Peyğəmbərin) dininə iman gətirmişdi. O həzrətin əmrinə əsasən, sənə və atana qarşı vuruşurdu ki, bu gün məhz həmin dinin nuru sayəsində bu məqama çatmısan, yoxsa, sənin və ata-babalarının şərafəti yayın və qışın məşəqqətli günlərində köç etməkdən başqa bir şey deyildi. Ey Müaviyə, məktubda yazırsan ki: Özünün, dinin və Peyğəmbər ümməti barəsində fikirləş, İslam ümmətinə zərbə vurmaqdan çəkin, onları çətinliyə salma. Amma mən sənin İslam cəmiyyətinə hökmranlıq etməyindən daha böyük və təhlükəli bir fitnə görmürəm.

Mənim öz dinim və cəddimin ümməti üçün ən böyük arzum budur ki, səninlə mübarizə edəm; belə bir iş görsəm, Allaha daha yaxın olaram, yox, əgər ondan boyun qaçırsam, onda gərək Allah dərgahına tövbə edəm. Məktubun başqa bir yerində yazırsan ki, Əgər sən mənim barəmdə hiylə işlətsən, mən də hiyləyə əl atacaq; haqqımı inkar etsən, mən də sənin məqamını inkar edəcəyəm. Mən isə sənə deyirəm: Bütün hiylələrini işə sal, məkrini başla. Ümidvaram ki, sənin məkr və hiyləndən heç bir ziyan görməyəcəyəm. Onun ziyanı hər kəsdən artıq sənin özünə dəyəcək. Çünki nadanlıq atına minib, o yan-bu yana çapan sənsən! Əhd-peymanı pozan da sən özünsən. Canıma and olsun ki, sən sülhün şərtlərindən heç birinə əməl etməmisən. Sən sülh müqaviləsi bağlanandan, sonra bu qədər insanları öldürməklə öz əhdinə vəfadar olmamağı sübut etmisən. Onlar nə səninlə mübarizəyə qalxmış, nə də ki, bir kəsi öldürmüşdülər. Təqsirləri yalnız bu idi ki, bizim xatirəmizi canlandıraraq, haqqımızı böyük hesab etmişdilər. Sən onları öldürdün, çünki onlardan qabaq öləcəyindən, yaxud onların ələ keçmədən ölməklərindən qorxurdun. Amma ey Müaviyə! Bil ki, səndən qisas alınacaq, gördüyün işlərin haqq-hesabına yetişəcəklər. Bil ki, Allah yanında bir yazı vardır ki, (o) heç bir kiçik və ya böyük işdən keçməz, hamısını hesab-kitaba gətirər. Bil ki, böyük Allah sənin işlərini unutmaz; sən hər hansı güman və töhməti bəhanə edərək adamları nahaq yerə qətlə yetirirsən, Allah dostlarını ucqar şəhərlərə sürgün edib sərxoş və it oynadan bir uşağı (Yezidi) müsəlmanlara hökmdar seçirsən. Ey Müaviyə! Görürəm ki, özünü həlak, dinini isə xarab etmisən. İslam ümmətini qara günə qoymuş, çiyninə aldığın əmanətə xəyanət etmisən. Sən nadan və ağılsızlardan nəsihət alır, təqvalı, Allahdan qorxan şəxslərdən isə qaçırsan. Vəssalam.


Seyid Məhəmmədhəsən Musəvi Kaşani