22 Noyabr 2024 - 22
Bir neçə başlıq ətrafında söhbət açacam.
Birinci: Əhli-beytə qarşı olan məhəbbətlə yanaşı təqva da şərtdir. Buyurulur ki, qəlbində Əhli-beytə məhəbbət bəsləmək hər bir müsəlmana vacibdir. Bu məhəbbət olmadığı halda yüz ilin, min ilin ibadəti, hətta qılınan namazların da heç bir əhəmiyyəti olmayacaqdır. Məhəbbətin isə bir şərti var. Şərt isə təqvadan ibarətdir. Yəni əgər Əhli-beytə qarşı olan məhəbbətlə yanaşı insan təqvalı olmasa və Allahın buyurduqlarını yerinə yetirməzsə, qeyd edilən məhbbətin də ona heç bir xeyri olmaz. «Kəbənin təvafı, zəm-zəm dəstəmazı Hüseynsiz mütləq batildir.» Deməli, əgər birisi Hüseyn-Hüseyn desə, Əhli-beytə məhəbbətim var desə, amma təqvalı olmasa, Allah buyurduğu vacibləri yerinə yetirməsə və haramlardan da çəkinməsə məhəbbətin ona heç bir əhəmiyyəti olmayacaq.
Həzrət Əli (ə) buyurur: «Qiyamət istəmirik. Qılınc vurmaqda məqsədimiz özümüzü, imanımızı müdafiə etmək və Allah əmrlərinin icra edilməsidir.» Bir nəfər İmam Sadiqdən (ə) nəql edir: Bir gün İmam Sadiqin (ə) hüzurunda idik. İmam öz atası, İmam Baqirdən (ə) belə bir hədis nəql etdi: «Atam İmam Baqir mənə deyirdi: Oğlum, sən dildə, danışıqda, sözdə mənimlə bir olduğun halda, əməldə məndən ayrı olsan, sabah (qiyamət günü) ikimizi bir yerə qoymayacaqlar. (İmam bu sözləri oğluna deməklə başqalarına eşitdirir). Allah istəməz ki, biri digərinə mən səni sevirəm dediyi halda, bunu əməldə göstərməsin. Dildə İslam, Quran, Peyğəmbər deyir, amma əməldə bunu göstərmir. Əməllə dil bir-birini təsdiq etməsə bunun heç bir xeyri olmaz.»
İkinci: Vilayətin əhəmiyyətini anlamaq şərti. Birinci başlıqda qeyd etdik ki, Əhli-beytə məhəbbət təqva şərti ilə qəbuldur. Bəs indi görək bu məhəbbətin nəticəsi özünü harada göstərmiş olur? Nəticə harada zahir olur? Tez-tez deyirlər Firuiddindən biri Həccdir. Bəs İmam Hüseyn (ə) nə üçün Həcc mərasimini yarımçıq qoyub Məkkədən çıxdı? Məgər həcc əməlini yarımçıq qoyub çıxmaq olar? Sualın cavabı elə budur: Məkkə hələ heç, namaz Məkkədən mühümdür. Vilayətsiz namaz, namazsızlıq deməkdir. O, namaz deyil, oyunbazlıqdır. İslamın əsası vilayətdir. Əsas olmayandan sonra, qeyri əsaslar mənim nəyimə gərəkdir. Belə nəql edirlərki: «Bir nəfər Müaviyəyə dedi: -Ey Müaviyə, bunu sən də bilirsən ki, artıq mən səninlə dost olmuşam. Sənin süfrənin başında oturduğum gündən artıq mən səni yaxşı tanıyıram. Bilirəm ki, sən kimsən və hansı yuvanın quşusan. Sən də bilirsən ki, mən əvəllər Əlinin (ə) yanında idim. Ondan bir şey çıxmadığını gördükdə sənin yanına gəldim. Bura məni sənin süfrənin naz-neməti çəkib gətirdi. Halbuki sənin nə elmin nə mənəviyyatın, nə də fəzilətin var. Bunu sən də bilirsən, atan Əbu Sufyan da bilir, mən də. Sənə bir sualım var: Mən Əli (ə) ilə bir yerdə olarkən namaz vaxtı olanda çox ağır durub namaz qılırdım. Və bu mənə çətin gəlirdi. Amma sənin yanında olanda «Allahu Əkbər» sözünü eşidən kimi durub namaz qılıram. Bu mənə heç də ağır gəlmir. Mənə bunun hikmətini deyə bilərsənmi? Halbuki, bilirsən Əli (ə) haqqdır, sən batil. Müaviyə də elə suala düz cavab verdi. -İndi ki, sən belə açıq soruşdun, mən də açıq cavab verim. Sən Əlinin yanında olarkən üsulid-dinin, etiqadın düz idi, namazın qəbul idi. Odur ki, şeytan səni bunlardan saxlamağa səy göstərirdi. Burada mənim yanımda bir yox lap min gecə də namaz qılsan xeyri yoxdur. Şeytanın səninlə işi olmayacaq.»Əhli-beytə ürək bağlamağın dünya tərəfi aydındır. İnsan axirətə ölüm qapısından daxil olur. Qəbir dünyanın son, axirətin ilk mənzilidir. Əgər bir insanın ürəyində Əhlibeytə qarşı məhəbbət olsa, o, öləndə gülə-gülə və rahat ölər. Abdullah ibn Vəlid deyir: Mərvanın xilafəti dövrü idi. Bir neçə nəfər İmam Cəfəri Sadiqin (ə) hüzurunda oturmuşduq. Həzrət bizə baxıb soruşdu: -Siz kimsiz? (İmam Sadiqin (ə) evi nəzarət altında idi. Onun evinə gedib gələnləri sorğu-sual edirdilər. Buna görə də imam ehtiyat edirdi.) Biz kim olduğumuzu bildirdik. İmam bizi tanıdı. Həzrət bizimlə söhbət etdi. «Allah sizi müvəffəq etsin, bizim kimi yaşayasınız, bizim kimi dünyadan köçəsiniz.» Atam İmam Baqir (ə) belə buyurardı: «Bizləri sevən, sizlərin axır saatı çatdıqda, nəfəsiniz boğazınıza gələndə və əzrail canınızı almağa gəldiyi vaxt siz bir «şey» görəcəksiniz. Allah onun vasitəsi ilə sizin gözlərinizi işıqlandıracaq». İmam Cəfəri Sadiq (ə) bir başqa məclisdə bir dəstə xüsusi möminlə oturub söhbət edirdi. həzrət onlara buyurdu ki, bizim ardıcıllarımızın ömürlərinin son dəqiqələrində, axır vaxtlarında gördükləri hadisə ilə bağlı gözləri aydın, işıqlı və nurlu olacaq. Bir nəfər soruşdu? Ağa onlar nə görəcəklər? Bu sualı on dəfə soruşdu. Həzrət danışmadı, görəcəklər dedi. İmam gördü ki, çox soruşurlar, israr edirlər, buyurdu: Peyğəmbəri (s) və Əlini (ə) görəcəklər. Onlar həmin adama müjdə verəcəklər. Həmin adam bir qədər fikirləşib soruşdu: -Ağa bu sözlər Quranda da gəlib? Ağa cavabında «əlbəttə, gəlib. Quranda gəlməsə, biz onu deyərikmi?» dedi. -Ağa bəs o, hansı ayədir? Həzrət «Yunis» surəsinin 63-cü ayəsini oxudu: «İman gətirənlərin əqidələri düzdür, əməllərində də təqva var və təqvalı halda dünyadan köçərlər. Onlara həm bu dünyada, həm də o dünyada müjdə var». Dünyadakı, müjdə odur ki, Peyğəmbər (s) və Əli (ə) ona həmin anda Cənnət müjdəsi verəcəklər. Onlar qəbirdə də rahat olacaqlar. Baxmayaraq ki, insan üçün qəbir rahat yer deyil. (Qəbir bərzəx aləmidir, insanın bütün əməlləri orada soruşulacaq.)» Peyğəmbər (s) buyurur: «Mənim Əhli-beytimin məhəbbəti kimin ürəyində varsa, ona bir neçə yerdə mənfəətimiz dəyər. Bu məhəbbətin mənfəətini insanlar qəbirə də aparacaqlar. Qəbir əzabından nicat tapmaq istəyən adam mənim Əhli-beytimi sevsin!» Böyük alimlərdən biri olan mərhum Ayətullah Şüştəri buyurur: Hədislərdən istifadə edərək onlara riayət edən adam dünyasını dəyişdikdən sonra onu aparıb dəfn edirlər. O adam baxıb görür ki, qəbirdə ona yoldaşlıq edən bir nur var. Soruşur: sən kimsən? Mən səni indiyə qədər heç görməmişəm. Cavabında isə nur deyir: Yadındadır, sən bir möminin ürəyini şad etdin. Həmin şadlıqdır ki, Allah mənim surətimdə sənə göndərib. Mən burada sənə yoldaşlıq edəcəyəm ki, darıxmayasan. Ayətullah Şüştəri bunun ardınca yenə buyurur: «İndi əgər qəmli bir mömin ürəyi şad etsək, onda necə olar? – Onda savab daha çox olar. Bəs ən böyük və kamil möminin- Peyğəmbərin (s) Zəhranın (s) ürəyini şad etmək nə dərəcədə savab olar. Sonra ağa ağlayaraq əlavə edir, belə bir hədis var: «Zəhranın (s) şad olmasını kim istəyirsə, Hüseynə ağlasın. Hüseynə əza saxlandıqda Peyğəmbərin ürəyi şad olur.» Deməli, hər kim Peyğəmbərin ürəyini şad etsə, qəbirdə qorxmamaq üçün, Allah mərhəmət edərək yoldaşlıq etmək üçün ona bir nur göndərər.
Üçüncü: Qiyamətdə Peyğəmbərin Şəfaətindən faydalanmaq. Peyğəmbər buyurur: «Ümmətimdən o insanlara mənim şəfaətim çatacaq ki, onlar mənim Əhli-beytimi sevirlər»
Dördüncü: Əhli-beytə məhəbbət qiyamət günü nura çevrilər. Əhli-beyti sevən insanlar üçün bu məhəbbəti qəbrdən sonra Allah bir nura çevirəcək. Nurun işığı da öz növbəsində onları öz məqsədlərinə çatdıracaq. Qiyamətin gecəsi var, gündüzü var. Qiyamət əhvalatı çox böyükdür. Qiyamət günü məsələsi çox mühüm məsələdir. Allah istəyir özünü tərif etsin. min yerdə min cür tərif edir. Amma onların hamısını qısa bir formada mündəricata, həmd surəsinə daxil edib və hamıya da vacib buyurub ki, gün ərzində namazda neçə dəfə desinlər. Bu surədə Allah qiyamət barəsindəki sifətini belə bəyan edir: «Maliki-yəumiddin». (Allah qiyamət gününün malikidir) Şair qiyamət günününü belə vəsf edir:
Məhşər günü bir gündür ki, düşər təngə xəlaiq
Gün isti salar, atəşi suzan əvəzində.
Yəqub çıxarar balası Yusifi yaddan.
Kor oldu ki, Aləmi-hicran əvəzində.
Quran buyurur: «Qiyamət səhnəsini gördükdə qardaş qardaşı, yoldaş-yoldaşı, ata balasını yadından çıxaracaq.» Quranda və hədislərdə var: «Qiyamət suru çalınanda südəmər uşaqlar qorxularından qocalacaqlar.» Hamımız da bunu görəcəyik. Başqa bir hədis: «Qiyamət günü Əhli-beytə olan məhəbbətiniz qədər Allah sizə nur mərhəmət edəcək və bu nur sizi hidayət edəcək» Bəzi hədislərdə var: «Namaz qılarkən insanın yerə qoyduğu yeddi üzvdən qiyamət günü Allah nur yaradacaq ki, bu nur vasitəsi ilə insan öz qarşısını görə bilsin.» Başqa bir yerdə: «Namaz qılıb, Əhli-beytə məhəbbət bəsləyən insanlara Allah qiyamət günü nur verəcək və insanlar bu nur vasitəsi ilə öz yollarını gedəcəklər.»
Beşinci: Ürəyində Əhli-beytə məhəbbət bəsləyənlər qiyamət günü əmin-amanlıqda olacaqlar. Şəxsən Peyğəmbər (s) özü bu hədisi buyurur: «Biz Əhli-beyti sevənləri qiyamət günü Allah məhşərə əminamanlıq içində gətirəcək. Bu adamlar qiyamət səhnəsini əmin-amanlıq içində müşahidə edəcəklər.»
Altıncı: Əhli-beyti sevənlər qiyamətdə sirat körpüsünü keçərkən büdrəməyəcəklər. Peyğəmbər (s) buyurur: "Mənə və Əhli-beytimə məhəbbəti olanlar orada büdrəməyəcəklər. Həmin körpüdə onların heç bir narahatlıqları olmayacaq." ("Kənzul-ummal" kitabı, cild 12, səh: 97, hədis: 34163; "Əs-səvaiqul-muhriqə" kitabı, səh: 187.)
Yeddinci: Əhli-beyt sevgisi qiyamət günü zəmanətdir. Əhli-beyt məhəbbəti ilə yaşayanlara Allah qiyamət günü bir vəsiqə verəcək. O vəsiqədə "Bu Adam oddan nicat tapıb sözü yazılmış olacaq." Bilal ibn Həmamə rəvayət edir: Bir gün gördük ki, Peyğəmbər (s) çox şad halda, gülə-gülə gəlir. Bizlərdən biri Əbdürrəhman ibn Ouf soruşdu: Ya Rəsulallah, görürəm gülürsən, çox şadsan, gülməyinin səbəbi nədir? Həzrət buyurdu ki, mənə Allah tərəfindən müjdə verilib. O, nədir ki, səni bu qədər şad edib? Buyurdu: Qiyamət günü Allah bir dəstə mələk seçib əllərinə, üzərində bu Adam oddan nicat tapıb sözü yazılmış bir kağız verəcək. Onlar da camaatın arasında gəzib Əhli-beyti sevənlər və ürəyi Əhli-beyt məhəbbəti ilə dolu olan insanlara bu kağızı verəcəklər. Peyğəmbər (s) də məhz elə bu səbəbdən şad olmuşdu. Çünki, Allah Əhli-beyti sevənləri belə bir vəsiqə ilə müjdələyib.
Səkkizinci: Əhli-beyti sevənlər qiyamət günü Əhli-beytlə bir yerdə olacaqlar. Həzrət buyurur: «Məni və Əhli-beytimi sevənlər bax belə olacaqlar deyib iki barmağını bir-birinə sıxır. Yəni bunlar bir-birindən ayrılmazlar» Əbazər deyir: Mən Peyğəmbərə (s) dedim ki: Ya Peyğəmbər, mən bəzi insanları sevirəm, amma əməldə onlara çata bilmirəm. Onlar əməldə məndən güclüdürlər. Həzrət buyurdu: Qiyamət günü insan sevdiyi adamla birgə olar. Hər kəs kimi sevirsə qiyamət günü onunla olacaq. Dedim: Mən Peyğəmbər (s) və Əhli-beyti sevirəm. Yenə buyurdu: Kimi sevirsənsə, onunla olacaqsan.
Doqquzuncu: Əhli-beyti sevənlər Cənnətlə qiymətləndiriləcək Əhli-beyti sevənlərin faydası budur ki, Allah onları Cənnətlə təmin edər. Peyğəmbər (s) buyurur: "Cənnətə hesabsız, kitabsız daxil olmaq istəyənlər, mənim Əhli-beytimdən ayrılmasın". Məhəbbət həm ürəkdə, həm də əməldə olmalıdır. Ürəyinə baxdıqda onların məhəbbətini, sevgisini görsə, ümid etsin. Əməllərinə baxdıqda öz əməllərində onların əməllərinə oxşarlıq gördükdə ümid etsin. Seyid Mühəmməd adlı bir alim "Övladlarınızı Peyğəmbər (s) və Ali peyğəmbərin məhəbbəti ilə tərbiyə edin!" adlı bir kitab yazmışdır. O, bu kitabda belə yazır: Bir gün bir nəfər rəhmətə getmişdi. Möminlər toplaşıb tabutu çiyinlərinə alaraq dəfn etməyə aparırdılar. Dəfn mərasimində İmam Hüseyn (ə) da iştirak edirdi: Həzrətin ayaqlarına toz qonduğunu görən bir nəfər əyilib ağanın ayaqlarından tozu sildi. Bunu görən həzrət buyurdu: Ağa məni utandırma. And olsun Allaha ki, əgər sənin barəndə olan, mən bilən fəzilətləri bu camaat bilsəydi ayağının tozunu silmək nədir, səni boyunlarında gəzdirərdilər. Kərbəla hadisəsini həm tarixi, həm də siyasi baxımdan araşdırmaq olar, bu öz yerində. Allah İmam Hüseyni (ə) yaradıb bir imtahan kimi insanların qarşısına çıxartdı.
Əli Əkbər Ocaq Nejat