27 Noyabr 2024 - 27

27 Noyabr 2024 - 27

Aşura qiyamı və islahat faktoru - Cəmiyyət və qanunsuzluq
17.01.2019

Belə əzəmətli və misilsiz bir tarixi hadisə ətrafında yaranan suallardan biri də, İmam Hüseynin (ə) bu qiyamdakı hədəfləri barəsindədir. “O həzrətin bu qiyamı etməkdə məqsədi, dinin dirçəldilməsi və ümmətin islah olunması idi” sözlərini dəfələrlə eşitmişik. Amma ümumi şəkildə qarşıya çıxan bu sualdan doğan bir neçə qaranlıq nöqtələr də mövcuddur ki, onların haqqında da bəhs etmək zəruridir.

Onlar aşağıdakılardan ibarətdir: İmam Hüseynin (ə) bu hərəkatının təsiri ilə sonradan hansı islahatlar baş verdi? Bu islahatların həyata keçirilməsi məhz bu yolla olmalı idimi? Belə bir üslubun həyata keçirilməsi dinin dirçəldilməsində rol oynadımı? Görəsən İmam Hüseyn (ə) öz hədəfinə, məqsədinə nail ola bildimi? Öz qiyamı ilə İslam hökumətini və müsəlman ümmətini islah edə bildimi? İctimai qanunsuzluqların qarşısını ala bildimi? Bu suallar ətrafında imkan daxilində bəhs etməyə çalışacağıq. İmam Hüseynin (ə) qiyamının səbəbini o həzrətin öz kəlamlarından eşidib başa düşək deyə, əvvəlcə bir neçə cümlə o həzrətin buyurduqlarından yad edəcək, daha sonra qeyd olunan məsələlər haqda geniş söhbətə başlayacağıq.

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: “Mən nə gəzib dolanmaq üçün yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”

Buna oxşar təbiri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: “Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə “islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi məna qeyd edilmişdir. İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir: “Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami meyarları xalqa tanıtdırıb göstərməkdir. Yəni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı meyarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır. “İslah” kəlməsinin iki mənası ola bilər. Biz gələcək bəhslərimizdə onun hər iki mənasına aydınlıq gətirməyə çalışacağıq. (ardı var)

Mizbah Yəzdi