22 Noyabr 2024 - 22
Yezid o vaxt Mədinə hakimi olan əmioğlusu Vəlid ibn Ütbəyə bir məktub yazdı. Məktubun məzmunu belə idi: "Mənim hökumətim üçün hamıdan, xüsusilə də Hüseyn ibn Əlidən beyət almalısan. Əgər beyət etməzsə, başını kəsib mənə göndərməlisən".
Vəlid bu məktubu alandan sonra Mərvan ibn Həkəmlə məşvərət edib onun bu barədəki nəzərini soruşdu. Mərvan cavab verib dedi ki, o həzrət heç vaxt Yezidə beyət etməyəcək. Əgər mən sənin yerinə olsam, onun boynunu vuraram. Vəlid dedi: Kaş bu dünyada olmayaydım və bu səhnə ilə üzləşməzdim. Sonra İmam Hüseynin yanına bir nəfər göndərib o həzrəti gecə ikən hökumət qərargahına çağırdı. İmam Hüseyn (ə) dərhal bu dəvətin səbəbini başa düşüb yaxın adamlarından 30 nəfərlə birgə oraya getdi. Onlar İmamın göstərişi ilə silahlanmışdılar. Çünki gecənin bu vaxtı o həzrətə sui-qəsd edilməsi gözlənilirdi. Qərara alındı ki, İmamla gələnlər Vəlidin sarayı ətrafında hazır vəziyyətdə otursunlar, hər vaxt İmamın uca səsini eşitsələr, dərhal hücum edib o həzrətə zərər dəyməsinin qarşısını alsınlar.
İmam saraya daxil oldu. Qısa söhbətdən sonra Mərvan Vəlidə təklif etdi ki, o həzrəti zindana salaraq ondan beyət alsın. İmam üzünü Mərvana tutub buyurdu: "Heç vaxt Yezidə beyət etməyəcəyəm. Vay olsun sənə, ey Zərqanın oğlu! Sən mənim qətlimə fərman vermək istəyirsən? Allaha and olsun, yalan demisən və yanılmısan!".
Sonra üzünü Vəlidə tutub buyurdu: "Ey Vəlid! Biz nübüvvət əhli, risalət mədəniyik. Bizim evimiz mələklərin gedib-gələn yeridir. Allah varlıqlar içərisində bizi seçərək risalət işinin xətmini bizim öhdəmizə qoymuşdur. Amma Yezid nalayiq işlər görən, şərab içən bir adamdır. Möhtərəm insanların hörmətini sındırmış və öz alçaqlığını aşkar etmişdir. Buna görə də mənim kimi bir insan heç vaxt Yezidə beyət etməyəcək". İmam bu sözləri deyib dərhal Vəlidin sarayından çıxdı və öz adamları ilə birlikdə evə qayıtdı.
Məhəmmədhəsən Musəvi Kaşani