27 Noyabr 2024 - 27

27 Noyabr 2024 - 27

Düşünülmüş, hazırlıqlı qiyam və materialistlərə cavab
21.01.2019

Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və belə bir vəziyyətdə də, təbii ki, ziddiyyətlər artdıqda camaat daha zülmə dözə bilmir. Qiyama zərurət yaranır.

İmam Hüseynin (ə) tarixi məktubları və çıxışlarından da məlum olur ki, o məsuliyyəti hiss etmişdi. Onun qiyamı agahlıq nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş verdi. İmam Hüseyn hətta səhabələrə də (təkcə özü agah halda şəhadətə tərəf getmədi) şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (ə) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaq. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.

Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar hazır şəraitə kiçik vasitə rolunu oynayırlar. Lakin İmam Hüseyn (ə) Kərbəla qiyamının mərkəzində və aparıcı rol almasıyla onların bu kimi fikirlərini alt-üst etmiş oldu.

Mehdi Pişvayi