22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Qonaqpərvərliyi ilə fəxr edən ərəblər necə oldu 6 aylıq uşağı susuz öldürdülər?
22.01.2019

Qaranlıq mətləblərinin araşdırılmasına ehtiyac duyulan suallar çoxdur. Bunlardan biri də - “Peyğəmbərin (s) vəfatından uzun müddət keçməsinə baxmayaraq, onun əziz nəvəsinin bu cür faciəli şəkildə qətlə yetirilməsinə şərait necə yaranmışdır?” - sualıdır. Bu növ faciəli hadisələrə tarixdə çox az təsadüf olunur. Müəyyən səhnələrin üst-üstə düşməsi mümkün və təbii bir haldır, lakin bütövlükdə Kərbəla hadisəsinə bənzər bir faciə tapmaq çox çətindir. Bəzi məsələlərin mərsiyəxanlar tərəfindən şişirdildiyi və sənəd baxımından etibarlı olmadığı söylənilsə də, Kərbəla hadisəsinin faciəli olması faktı danılmazdır. Bu faciəyə az da olsa diqqət etsək, Kərbəlada insanlıqdan uzaq və hətta ərəb xarakterinə yaraşmaz vəhşiliklər törədilib.

Bildiyimiz kimi, ərəblər dünya xalqları arasında özlərinə nisbət verdikləri bir çox müsbət, insani xüsusiyyətləri ilə həmişə fəxr etmişlər. Məsələn, qonaqpərvərlik ərəblər arasında geniş yayılmış məşhur xüsusiyyətlərdəndir. Düzdür, başqa millətlərin də qonaqpərvərlik xüsusiyyəti vardır. Lakin bu xüsusiyyət ərəblərdə daha qabarıqdır. Məsələn, ərəbin evinə gələn qonağın süfrə başında heç bir neməti dadmaması onlara müharibə elan etmək kimi qiymətləndirilir. Təəccüblü burasıdır ki, bu cür qonaqpərvərliyi olan bir xalq on iki min məktub yazaraq, bir dəstə qonağı öz yerlərinə dəvət edir, lakin hətta altı aylıq körpəyə belə su verməkdən imtina edirlər. Belə bir rəhimsizliklə tarixin heç bir səhifəsində rastlaşmaq mümkün deyildir.

İndi də bu faciənin kim tərəfindən törədildiyinə nəzər yetirək. Məhəmməmd peyğəmbərin (s) əziz övladları ilə bu cür rəftar edən kimlər idi? Kafirlər, müşriklər, məsihilər və ya yəhudilər? Tarix cavab verir ki, yox! Bunların heç biri deyildi. Heç kəs indiyə qədər deməmişdir ki, Kərbəla hadisəsini törədənlər yəhudilər olmuşdur. Baxmayaraq ki, Maidə surəsinin 82-ci ayəsində buyurulur: “Həqiqətən müsəlmanların ən qatı düşməni yəhudilər və müşriklərdir.” Amma bu hadisəni törədənin, İmam Hüseynin (ə) qatilinin yəhudi olduğunu deyən yoxdur. Həmçinin də heç kim İmam Hüseynin (ə) qatillərinin məsihi, zərdüşt, müşrik olduğunu söyləmir. Necə oldu ki, müsəlmanlar özləri belə bir çirkin işə yol verərək, tarixin ən böyük bir faciəsini törətdilər? Bu çox yerində verilən mühüm bir sualdır. Bu səbəbdən də suala aydın və hərtərəfli cavab verilməlidir. Kamil və dolğun cavab vermək üçün ilk növbədə İslam tarixinin heç olmasa, Peyğəmbərin (s) zühurundan o həzrətin (s) vəfatına qədər, daha sonra isə, xəlifələr hakimiyyəti dövrünə ötəri də olsa nəzər salmalı və bu tarix dövrü təhlil edilməlidir. Lakin bu cür təhlil və araşdırma söhbətin həcmindən və mövzusundan daha genişdir.

Mizbah Yəzdi