25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Quran və peyğəmbərlərin nəzərində ağlamaq və göz yaşı tökməyin icazəli yerləri
24.01.2019

Quran ağlamağı dəstəkləyir. Bidətin mənalarında olan məsələləri nəzərə alsaq, ağlamaq barəsində, ağlamağın mədh və ya məzəmmət olunmasını müəyyən etmək üçün Quranda olan nöqtələrə işarə edirik.

1) Ağlayan gözlərə işarə edən ayələr:

“Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar].” Allah-Taala yuxarıdakı ayədə elə bir işə əmr edir ki, əgər Özü o işə razı olmasaydı, ona əmr etməzdi.

Allah-Taala Öz peyğəmbərlərini belə mədh edir:

“Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.”

Allah-Taala elm verdiyi kəslərin sifətlərini belə bəyan edir: ً

“Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.”

Allah-Taala Quran nazil olan zaman möminləri belə vəsf edir:

“Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən”.

Deyildiyi kimi, Qurani-Kərimdə ağlamaq, göz yaşı tökmək müsbət istiqamətdə ruhi dəyişikliyin nəticəsi olaraq məzəmmət olunmamış, əksinə, Allah tərəfindən tərifə layiq bir əməl hesab olunmuşdur. Çünki ağlamaq bəşərin fitri meyllərindən və insan şəxsiyyətinin bir hissəsindən hesab olunur.

2) Peyğəmbərlərin sirəsində ağlamaq

İmam Hüseynə (a) ağlamaq mövzusunda böyük ilahi peyğəmbərlərin əməli-sirəsinə iqtida etmək, bunun əql və nəql baxımından məşru olmasını bilmək mühüm ünsürlərdəndir. Çünki peyğəmbərlərin əməli-sirəsi bizim əməllərimizin din baxımından məşru olmasına ən yaxşı şahiddir.

Necə ki, Allah-Taala onların üslubuna tabe olmağı bizə əmr edir: َ

“Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır.”

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”.

Müxtəlif hadisələrlə üzləşən zaman peyğəmbərlərin ruhi təəssüratları ilə bağlı yaşayışlarından müəyyən hissələri nəql etməklə bizə qaneedici cavaba yetişməkdə kömək edə bilir. İndi onlardan bəzilərinə işarə edirik:

a) Övladının ayrılığına Yəqub peyğəmbərin ağlaması

Həzrət Yusifin macərası əvvəldən sonadək qorxunc və təsiredici bir faciə kimi nəql olunub. Həsəd atəşi həzrət Yusifin qardaşlarının ürəyində coşub-daşırdı və bu həsəd qardaşları həzrəti yox etmək qərarına gətirir. Belə ki, həzrəti quyunun dibinə atır, onun köynəyini parça-parça edərək qana bulayırlar. Atalarına da qardaşlarını canavarın yediyini xəbər verirlər. Bu xəbərdən sonra həzrət Yəqub sonsuz qəm-qüssə keçirərək övladının əlindən çıxması ilə əlaqədar gecə-gündüz ağlayırdı.

Allah-Taala bu macəranı həzrət Yəqubun dilindən belə buyurur: َ

“Dedi: “Heyif Yusufdan!” Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu”. Həzrət Yəqub övladının diri olduğunu və yenidən onu ağuşuna alacağını bilə-bilə bu ayrılığa ağlayır.

Həzrət bu ruhi çətinliyinə təskinlik tapmaq üçün pənahgah axtarır və buyurur:

“Dedi: “Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm”.

Görəsən, bu iki ilahi peyğəmbərin təsirli cümlələrlə yaşayış macərasının həsəd aparanların daxili duyğularını oyatmaqdan başqa bir məqsədi varmı? Bu ilahi dəlildən övliyalara ağlamağın və zalımlardan, onların pis əməllərindən Allaha şikayət etməyin caiz olması nəticəsi alınır. Bu da ilahi peyğəmbərlərdən birinin sirəsi kimi müsibətlərə əzadarlıq etməyin məşru olmasına qəti bir dəlildir. Digər tərəfdən də təfsir kitablarında çoxsaylı hədislərdən biri həzrət Yəqubun qəm-qüssəsinin bir hissəsini şərh etməsi alimlərin peyğəmbərlər və övliyaların bu acınacaqlı yaşayışlarının sərgüzəştlərindən istifadə etmələrinə başqa bir dəlildir. Nümunə olaraq əhli-sünnə mənbələrindən bir neçə rəvayətə işarə edirik:

Əbu əl-Qasim əz-Zəməxşəri bu ayənin təfsirində özünün “əl-Kəşşaf” kitabında yazır:

“Həzrət Yəqubun həzrət Yusifin ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi”.

Bu təfsirdə Peyğəmbərdən belə bir rəvayət də nəql olunmuşdur:

Peyğəmbər Cəbrayıldan soruşdu: “Yusifin ayrılığı səbəbinə Yəqubun başına nələr gəldi?” Cəbrayıl ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun başına iş gəldi”. Həzrət soruşdu: “Həzrət Yəqubun bu səbrinə görə mükafatı nə qədərdir?” Cəbrayıl ərz etdi: “Yüz şəhidin savabı qədər. Bu, belə bir halda idi ki, həzrət Yəqub heç vaxt Allaha qarşı sui-zənn etmədi”.

Əs-Süyuti İbn Cərirdən, o da İkrimədən nəqlən belə yazır: ّ

“Cəbrayıl həzrət Yusif zindanda olarkən onun yanına gəlib salam verdi. Yusif ondan soruşdu: “Ey Allahın yanında hörmətli olan mələk, iyin gözəl, paltarın da təmizdir, Yəqubdan xəbər gətirmisən?” Cəbrayıl ərz etdi: “Bəli, o, çox ağır qəm-qüssəyə qərq olub.” Yusif soruşdu: “Bunun mükafatı nə qədərdir?” Cəbrayıl ərz etdi: “70 qadının balasının yasında oturmasının savabı qədər onun savabı vardır.” Həzrət soruşdu: “Mən onunla görüşə biləcəyəm?” Cəbrayıl ərz etdi: “Bəli”. Yusif bu sözü eşitməklə aram oldu”.

Əs-Süyuti belə yazır: ّ

“Yəqub Yusif üçün qəm-qüssədən gözləri ağaranadək 80 il ağladı.”

b) Yusifin ağlaması

Nəinki həzrət Yəqub bu ayrılığa göz yaşı tökürdü, həzrət Yusif də bu ayrılığa yanırdı. İbn Abbasın belə dediyi nəql olunur:

“Həzrət Yusif zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı”.

İmam Sadiqdən nəql olunan bir hədisdə isə belə deyilir:

“Çox ağlayanlar beş nəfər olublar. Adəm behiştdən uzaq düşdüyünə görə daim ağlayırdı. Həzrət Yəqub və ... və həzrət Yusif atasından ayrılıq səbəbinə və atasının mehribanlıqla dolu olan ağuşundan fərağı səbəbinə o qədər ağlayırdı ki, zindanda yatan digər şəxslər bu ağlamaqdan əziyyət çəkərək ona belə bir iş təklif etdilər: “Ya gündüzlər ağla, gecələr sakit qal, ya da gecələr ağla, gündüzlər sakit qal”. Həzrət məcbur qalıb onların bu təklifini qəbul etdi”.

c) Allah Rəsulunun (s) sünnəsində ağlamaq və göz yaşı tökmək

I. Yaşlı gözlərə sahib olmağı arzulamaq

Əl-Qurtubinin təfsirində Allahla münacatı zamanı həzrət Peyğəmbərin (s) Allahdan belə bir istəyinə işarə olunub:

“Ya Allah! Məni Sənin üçün ağlayanlardan və xuşu edənlərdən qərar ver!”

O həzrətdən nəql olunan başqa bir duada deyilir:

“Ya Allah! Mənə ağlayan gözlər inayət elə!”

Həqiqətdə Allah Rəsulu (s) dua və münacatlarının arasında Allahın razı olduğu batini arzusunu Allahdan istəmişdir. Əgər bu iş Allah tərəfindən dəstəklənməsəydi, heç vaxt həzrət öz münacatında belə bir arzunu Allahdan istəməzdi.

II. Atəşin heç vaxt yandırmayacağı gözlər

Peyğəmbərdən iki qrupun mədhi haqqında belə bir hədis nəql olunur:

“İki göz cəhənnəm atəşindən amandadır: Allah qorxusundan ağlayan göz və camaatın canını, namusunu və əmin-amanlığını qorumaq üçün gecələr yatmayan göz”.

III. Allaha görə ağlamaq

Əl-Buxari öz "əs-Səhih"ində həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir:

“Yeddi qrupu Allah Öz rəhmətinin kölgəsində qərarlaşdıracaq ... Yanında Allah xatırlananda gözlərindən yaş gələn kəsləri.”

IV. Allah qorxusundan ağlamaq

Ət-Tirmizi öz “əs-Sünən”ində belə nəql edir:

Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Allah qorxusundan ağlayan kəs cəhənnəmə daxil olmayacaq.”

V. Dünyada ağlamaq axirətdə ağlamağın qarşısını alır

Hafiz əl-İsfahani öz kitabında Peyğəmbərdən (s) belə bir hədis nəql edir: “Dünyada günahlarına görə ağlayan kəsin üzünə Allah cəhənnəmi haram edər”.

Mənbə: "İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?" - Şübhələrə cavab təhqiqat qrupu