25 Noyabr 2024 - 25
Kufədən İmam Hüseyn (ə) üçün məktub yazıb onu dəvət edən şəxslərin adlarına baxdıqda, hamısının cəmiyyətin aparıcı qrupundan, seçilmiş və görkəmli şəxslərdən olduğunu görürsünüz. Məktubların sayı çoxdur. Kufədən İmam Hüseyn (ə) üçün yüzlərlə səhifə, bəlkə də bir neçə xurcun, yaxud böyük bağlama məktub göndərildi. Bütün məktubları böyüklər, başçılar, görkəmli və adlı-sanlı şəxsiyyətlər və həmin aparıcı qrupundan olanlar yazmışdılar. Lakin məktubların məzmununa və tonuna baxdıqda bəlli olur ki, haqq tərəfdarı olan bu aparıcı insanların hansıları dinlərini dünyalarına qurban verməyə hazır olan və hansıları dünyalarını dinlərinə qurban verməyə hazır olan şəxslərdirlər.
Məktubları ayırmaqla anlamaq olar ki, dinlərini dünyaya qurban verməyə hazır olanların sayı çoxdur. Nəticədə Müslim ibn Əqil Kufədə şəhid edilir. 18 min əhalisi Müslimlə beyət etmiş bu Kufədən 20-30 min nəfər, yaxud daha artıq insan İmam Hüseynlə (ə) vuruşmaq üçün Kərbəlaya yollanır. Yəni aparıcı qrupun hərəkətinin arxasınca ümumi kütlənin hərəkəti gəlir. Bilmirəm həmişə sayıq insanları düşündürən bu həqiqətin əzəməti bizim üçün tam aydın olur, yoxsa yox. Kufə hadisələrini mütləq eşitmisiniz. İmam Hüseynə (ə) məktub yazdılar. O həzrət ilk addımda Müslim ibn Əqili Kufəyə göndərdi. Öz-özünə düşündü ki, Müslimi oraya göndərərəm, əgər vəziyyətin əlverişli olduğunu xəbər versə, özüm də Kufəyə yollanaram.
Müslim ibn Əqil Kufəyə daxil olan kimi şiə böyüklərinin evinə getdi və həzrətin məktubunu oxudu. Xalq dəstə-dəstə gəlib hamısı hörmət bildirdilər. Kufənin hakimi olan Nöman ibn Bəşir zəif və mülayim bir şəxs idi. O dedi ki, kimsə mənimlə vuruşmasa, mən onunla vuruşmaram. Buna görə Müslimlə vuruşmadı. Şəraiti sakit və meydanı açıq görən xalq həzrətlə əvvəlkindən daha artıq beyət etdi. Batil cəbhəsinin, yəni Bəni-Üməyyə tərəfdarlarının aparıcı qrupundan iki-üç nəfər Yezidə məktub yazdı ki, əgər Kufəni istəyirsənsə, valilik üçün layiqli bir şəxs yolla, çünki Nöman ibn Bəşir Müslim ibn Əqilin qarşısında müqavimət göstərə bilmir. Yezid də Bəsrənin hakimi olan Übeydullah ibn Ziyada fərman verdi ki, Bəsrədən əlavə Kufəni də öz hakimiyyəti altına salsın. Übeydullah ibn Ziyad Bəsrədən Kufəyə qədər dayanmadan çapdı. Onun Kufəyə gəlişində də aparıcı qrupunun rolu bəlli olur. O, Kufə darvazasına çatanda gecə idi. Kufənin adi camaatı - təhlil qabiliyyətinə malik olmayan ümumi kütlə atlı bir şəxsin dəm-dəsgahla və üzü niqablı şəkildə şəhərə daxil olduğunu gördükdə, elə bildilər İmam Hüseyndir (ə), irəliyə qaçıb "salam olsun sənə, ey Allah Rəsulunun oğlu" – deyə qışqırdılar.
Ayətullah Xamenei