22 Noyabr 2024 - 22
Həzrət İmam Hüseyn (ə) belə buyurur: “Mənim qiyamımın səbəblərindən biri də, yaxşılığa əmr edib, pisliklərdən çəkindirməkdir.” Dini ədəbiyyatda bu məsələ “əmr be məruf və nəhy əz münkər” adı ilə gətirilir və biz də bundan sonra bu addan istifadə edəcəyik. Yəqin ki, “əmr be məruf və nəhy əz münkər” təbirini dəfələrlə eşitmisiniz. Həmçinin - “Aşura qiyamı əmr be məruf üçün idi” - mətləbinə rast gəlmisiniz. Burada qarşıya əksəriyyəti düşündürəcək bir sual çıxa bilər. Soruşa bilərsiniz ki, görəsən bizim dini ədəbiyyatlarda rast gəldiyimiz və alimlərin haqqında bəhs edərək xüsusi şəkildə vurğuladıqları "əmr be məruf"la, İmam Hüseynin (ə) çıxışında söylədiyi və əməl etdiyi "əmr be məruf" arasında nə kimi fərq vardır? Gəlin, İmam Hüseynin (ə) şəriətin vacibi hökmlərindən olan əmr be mərufun icrasındakı səylərinə diqqət yetirək.
Həzrət imam kimlərinsə dini hökmləri, xüsusilə də əmr be mərufu icra etmədiklərinə görə, ailəsi ilə birlikdə otsuz-ələfsiz, susuz bir səhraya yola düşür. Onlar islahatı qəbul etmədikləri üçün həzrət onlarla cihad etməli olur. İmam Hüseyn (ə) “əmr be məruf” hökmünün dirçəldilməsi uğrunda şəhid olur. Bu biz müsəlmanlara bir örnək olmalıdır. Bir tərəfdən də eşitmişik ki, "əmr be məruf"un xüsusi şərtləri vardır. Şəraitə, vəziyyətə görə onun həyata keçirilməsi müxtəlif mərhələlərə bölünür və hər mərhələnin də özünəməxsus şərtləri var. Əsas şərt insana qorxu, təhlükə törətməməsidir. Halbuki, İmam Hüseyn (ə) Kərbəlada şəhid ediləcəyini bildiyi halda bu işə əl atdı. Onda görəsən İmam Hüseynin (ə) bu əməli, bizim əhkam kitablarında oxuduğumuz əmr be mərufla - dinin o biri vacib əməllərindən biri sayılan bu məsələ ilə - necə uzlaşır? Bu suala cavab olaraq, bəziləri bu növ əmr be mərufun ancaq İmam Hüseynə (ə) aid olmasını iddia edirlər; bu qərarı asimandan ona nazil olmuş xüsusi bir hökm kimi qiymətləndirilər. Bəziləri də belə deyirlər: “Ümumiyyətlə, hər imamın Allah tərəfindən özü üçün nəzərdə tutulmuş xüsusi vəzifələri vardır. Bu cür xüsusi vəzifələr onlara Allah tərəfindən təyin olunur. Bu əməllər ancaq imamlara aid olub, digər cəmiyyət üzvlərinə şamil ola bilməz.” Sizcə, bu cavab düzgün və qənaətbəxş ola bilərmi? Görəsən İmam Hüseynin (ə) Kərbəla çölündə o şəkildə həyata keçirmək istədiyi əmr be məruf ancaq onun özünə aid idimi? Bu qərar xüsusi xarakter daşıyırdımı və nə vaxtsa belə bir zərurət qarşıya çıxsa, digərləri də bu üsuldan yararlanmamalı idilərmi? Mümkündür, belə suallar kimisə düşündürsün və hətta ilkin olaraq bu suallara müsbət ya mənfi şəkildə cavab da verilsin. Amma sual diqqətlə araşdırılmalı, cavabı da aydın və məntiqi olmalıdır.
Mizbah Yəzdi