21 Noyabr 2024 - 21
1. İMAM HÜSEYNİN (ə) NEÇƏ QIZI OLUB?
İmamların həyatından bəhs edən mötəbər tarix və rical kitablarının əksəriyyətində İmam Hüseynin (ə) 4 oğlu və 2 qızı olduğu yazılır. Oğulları İmam Zeynəl-abidin (ə), Kərbəlada şəhid olmuş Əli Əkbər, yenə Kərbəlada oxla vurulmuş südəmər Əli Əsğər və İmamın sağlığında dünyasını dəyişmiş Cəfərdir. Qızlarının adı isə əksər mənbələrdə Səkinə (və ya Sükeynə) və Fatimə kimi qeyd edilib.
İmam Hüseynin (ə) Səkinə və Fatimə adlı yalnız iki qızı olması aşağıdakı mənbələrdə öz əksini tapmışdır:
– Nəssabə Seyyid Şərif Nəcməddin Əbülhəsən Əli ibn Mühəmməd Öməri (hicri V əsr). "Əl-Məcdi fi ənsab əl-Talibiyyin", Qum, hicri 1422-ci il, səh. 281.
– Nəssabə Seyyid Mühəmməd Veys əl-Heydəri. "Əl-Dürər əl-bəhiyyə fi-l-ənsab əl-Heydəriyyə və-l-Üveysiyyə", Hələb, hicri 1405-ci hicri il, səh. 58.
– Mühəmməd Tilməsani Bürri (hicri VII əsr). "Əl-Cövhərə fi nəsəb əl-imam Əli və alih", Qum, Ənsariyan nəşriyyatı, səh. 53.
– Şərif Cəmaləddin Əhməd ibn Ənbə (hicri IX əsr). "Ümdət əl-talib fi nəsəb ali-Əbitalib", Riyaz, hicri 1424-cü il, səh. 341.
– Sibt ibn Covzi. "Təzkirət əl-xəvass", Tehran nəşri, səh. 277.
– Nəssabə əllamə Seyyid Fazil Musəvi Səfəvi Xalxalizadə. "Əl-Şəcərət əl-teyyibə", Qum, hicri 1414-cü il, səh. 2.
– Əllamə nəssabə Seyyid Mehdi Rəcayi Musəvi. "Əl-Muqibun min ali-Əbitalib", Qum, hicri 1428-ci il, 2-ci cild, səh. 6.
Bu mənbələrdə isə İmam Hüseynin (ə) iki qızı olduğu yazılmaqla yanaşı, onların adı çəkilmir:
– Nəssabə Şeyx Əbu Nəsr Səhl ibn Abdullah Buxari (hicri IV əsr). "Sirr əl-silsilət əl-Ələviyyə", Nəcəf, hicri 1381-ci il, səh. 30.
– Əbdülcavad əl-Kilyədar Ali-Tü’mə. "Məalim ənsab əl-Talibiyyin", Qum, hicri 1422-ci il, səh. 129.
Şiə məzhəbinin ən böyük alimlərindən olan Şeyx Müfid imamların həyatına həsr etdiyi "əl-İrşad" kitabında İmam Hüseynin (ə) 6 övladı olduğunu yazaraq, 4 oğul haqqında söhbət açır, daha sonra 2 qız barədə yazır: "Səkinə bint Hüseyn (ə), anası Rübab bint İmrəül-qeys ibn Ədiyy Kəlbiyyeyi-Mə’diyyədir. O, elə Ümmi-Abdullah bint Hüseyndir. Və Fatimə bint Hüseyn (ə), anası Ümmi-İshaq bint Təlhə ibn Übeydullah Teymiyyədir" (əl-İrşad, İntişarate-elmiyyeye-islamiyye, 2-ci cild, səh. 137).
Şeyx Əmin əl-İslam Təbrisi də "İ’lam əl-vəra" kitabında bu məlumatı tam təsdiqləyir və təkrar edir (Qum, hicri 1417-ci il, 1-ci cild, səh. 478).
Mərhum siqqətül-mühəddisin Şeyx Abbas Qumi "Müntəha-l-amal" kitabında Şeyx Müfidin yazdıqlarını təkrar edərək qeyd edir ki, bu fikri bir çoxları qəbul etmişlər. Amma İbn Şəhraşub və İbn Xəşab İmamın 9 övladı olduğunu yazmışlar: 6 oğul və 3 qız. Belə ki, oğulların sırasına Mühəmməd və Əli Əsğəri əlavə etmiş (yəni Əli Əsğərlə Abdullahı ayrı-ayrı saymış), qızların sırasına isə Zeynəb adlı üçüncüsünü artırmışlar. Daha sonra Şeyx Abbas Qumi qeyd edir ki, İrbili "Kəşf əl-ğəmmə" kitabında İmamın 4 qızı olduğunu yazaraq, üçünün adını verir (Səkinə, Fatimə və Zeynəb), dördüncüsünün isə adını çəkmir (Şeyx Abbas Qumi. Müntəha-l-amal, şəmsi 1373-cü il, 1-ci cild, səh. 527).
Maliki məzhəbli alim İbn Səbbağ da "əl-Füsul əl-mühimmə fi mərifət əhval əl-əimmə" kitabında Şeyx Kəmaləddin ibn Təlhəyə ("Mətalib əl-süul" kitabının müəllifinə) istinad edərək, İmam Hüseynin (ə) 4 qızının olduğunu yazır, amma onlardan üçünün adını çəkir: Zeynəb, Səkinə və Fatimə (İbn Səbbağ Maliki. Əl-Füsul əl-mühimmə, Nəcəf nəşri, səh. 199).
Əlavə edək ki, İmam Hüseynin (ə) Fatimə və Səkinədən başqa Zeynəb adında daha bir qızı olduğunu əhli-sünnə alimi Mühibbəddin Təbəri də "Zəxair əl-üqba" kitabında (hicri 1415-ci il nəşri, M.Arnavutun təqdimatı ilə, səh. 278) kitabında qeyd etmişdir.
Yenə əhli-sünnə alimlərindən Şeyx Mühəmməd ibn Əli Səhban "İs’af əl-rağibin" risaləsində (hicri 1362-ci ildə Misirdə Şəbləncinin "Nur əl-əbsar" kitabının haşiyəsində nəşr olunub) İmam Hüseynin (ə) övladları barədə bir neçə nəzəriyyəni qeyd edərək yazır ki, əksər müəlliflər həzrətin Fatimə və Səkinə adlı iki qızının olduğunu göstərmişlər. Daha sonra müəllif yuxarıda adı çəkilən Şeyx Kəmaləddin ibn Təlhəyə istinad edərək, İmam Hüseynin (ə) Zeynəb adlı daha bir qızının mövcudluğu barədə də xəbərlərin olduğunu bildirir (səh. 216-217).
Qeyd edək ki, bəzi ənsab kitablarında İmam Hüseynin (ə) 4 qızı olduğunu yazıblar. Məsələn, Mühəmməd Kazim Yəmani Musəvinin "əl-Nəfhət əl-ənbəriyyə fi ənsab xeyr əl-bəriyyə", Əbülqasim ibn Hüseyn Rezəvi Quminin "əl-Sadə fi sadət əl-sadə" risalələri. Lakin əvvəla, bu kitablarda İmamın oğul övladlarının da sayı barədə yazılanlar əksəriyyətin fikrini əks etdirmir və mötəbər deyil. İkincisi, həmin kitablarda İmam Hüseynin (ə) 4 qızının adı bu şəkildə qeyd edilib: Zeynəb, Səkinə, Fatimə, Ümmi-Abdullah. Halbuki, Şeyx Müfid və Əmin əl-İslam Təbrisi qeyd edirdilər ki, Ümmi-Abdullah elə Səkinənin künyəsidir. Əbülqasim ibn Hüseyn Rezəvi Qumi "əl-Sadə fi sadət əl-sadə" risaləsində İmam Hüseynin (ə) 4 qızı olduğunu yazdıqdan sonra əlavə edir ki, bu qızların hər biri öz atasından sonra sağ idi və övlad sahibi olmuşdu (Qum, hicri 1429-cu il, səh. 183). Amma Rüqəyyənin körpə yaşında dünyasını dəyişdiyi iddia olunur. Elə isə, bu adlardan hər hansı birinin Şam xarabalığında atasının başı ilə görüşüb dünyasını dəyişmiş körpə qıza aid olması ehtimalı da həqiqətdən uzaqdır.
Bir daha qeyd edirik ki, yuxarıda sadalanmış kitabların HEÇ BİRİNDƏ Rüqəyyə adı yoxdur. Bu kitabların çoxunun məhz nəssabələr, yəni əsil-nəsəb alimləri tərəfindən qələmə alındığını da diqqətdən kənar tutmamalıyıq.
2. RÜQƏYYƏ BARƏDƏ MƏNBƏLƏR NƏ DEYİR?
Bəzi kitablarda İmam Hüseynin (ə) Rüqəyyə adlı daha bir kiçik qızının olduğunu, Şam xarabalığında atasının kəsik başını gördükdən sonra dözməyib vəfat etdiyini iddia edən məlumatlara rast gəlirik. Hətta bu əhvalat əzadarlıq ənənəsinə və mərsiyə ədəbiyyatına o qədər köklü surətdə daxil olub ki, təziyə məclislərini bunsuz təsəvvür etmək çətindir. Üstəlik, Dəməşq şəhərində Həzrət Rüqəyyəyə aid edilən böyük bir məqbərə kompleksi var.
Hüccətül-İslam vəl-müslimin Şeyx Əli Rəbbani Xalxali təqribən 300 səhifə həcmində olan "Əl-Seyyidə Rüqəyyə" adlı ərəbcə kitabında (Qum, hicri 1424-cü il) İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının faciəsinə sübutlar gətirməyə çalışmış, amma zənnimizcə buna nail ola bilməmişdir. Kitabın həcminin böyüklüyünə baxmayaraq, çox hissəsi əlavə mövzulara həsr olunmuşdur. Əslində kitabın cəmi 10 səhifəsini təşkil edən "Seyyidə Rüqəyyə tarixi sənədlərdə" fəsli mövzu ilə birbaşa bağlıdır. Həmin fəsldə müəllif müxtəlif mənbələrdən 6 sübut gətirir ki, heç biri öz-özlüyündə tutarlı sayıla bilməz; onlara bu məqalədə cavab verilmişdir.
Cəfər Təbrizi adlı daha bir müəllif də "Şəhidlər Ağasının övladı Həzrət Rüqəyyə ilə bağlı tədqiqat və araşdırma" kitabında Rüqəyyə barədə rəvayətləri əsaslandırmağa cəhd etmişdir. Onun fars dilində qələmə aldığı bu kitabın həcmi 350 səhifədən artıqdır və hicri 1433-cü ildə Qum şəhərində nəşr edilmişdir. Lakin bu kitabda da İbn Teymiyyənin qəbir ziyarəti barədə görüşlərinin tənqidindən tutmuş, əzadarlığın fəlsəfəsinə kimi Rüqəyyə mövzusuna aidiyyatı olmayan xeyli məsələlər mövcuddur…
3. SÜBUTLAR VƏ ONLARIN RƏDDİ
İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının Şam xarabalığında vəfat etdiyini israr edən şəxslərin əsas sübutları bundan ibarətdir:
a) İmam Sadiqin (ə) və İmam Kazimin (ə) zamanında yaşamış Seyf ibn Ümeyrə Nəxəi Kufi adlı şairə aid edilən bir qəsidədə Səkinə ilə yanaşı Rüqəyyə adına da rast gəlirik. Amma Seyf bu qəsidədə nə Rüqəyyənin İmam Hüseynin (ə) qızı olmasından, nə də mərsiyələrdə göstərilən şəkildə (atasının başı ilə görüşəndən sonra) vəfat etməsindən söz açmayıb. Ona görə də, həmin şeirdə adı çəkilən Rüqəyyəni İmam Hüseynin (ə) qızı hesab etməyə heç bir əsas yoxdur. Üstəlik, səhih tarix kitablarını bir tərəfə qoyub, bir şairin şerində ötəri şəkildə işlənən sözə etimad etmək elmi yanaşmadan uzaq bir hərəkətdir.
b) İddia edirlər ki, Rüqəyyənin adı hicri 565-ci ildə vəfat etmiş "İbn Funduq" ləqəbli nəssabə Əbülhəsən Əli ibn Əbülqasim ibn Zeyd Beyhəqinin "Lübab əl-ənsab vəl-əlqab vəl-ə’qab" adlı kitabında çəkilir. Həqiqətən, kitabın birinci cildinin 355-ci səhifəsində yazılıb: "İmam Zeynül-abidin əleyhissalamdan, Fatimə, Səkinə və Rüqəyyədən başqa (İmam Hüseynin) övladlarından heç biri qalmayıb" (Qum, hicri 1428-ci il nəşri).
Bu qeyddən belə ehtimal edilir ki, müəllif Rüqəyyənin də böyüyüb həddi-büluğa çatdığını nəzərdə tutub; çnki onun adını İmam Səccad (ə), Fatimə və Səkinə ilə yanaşı çəkir. İmamın bu üç övladı aşuradan sonra uzun müddət yaşamışlar. Halbuki, Rüqəyyə barədə rəvayət edilənlərə inansaq, onun İmam Hüseyndən (ə) sonrakı həyatı cəmi bir neçə gün davam edib və Şam xarabalığında səfər ayında dünyasını dəyişib.
Maraqlıdır ki, elə həmin kitabda cəmi beş səhifə əvvəldə (səh. 350) müəllif İmam Hüseynin (ə) övladlarını saymış və bu zaman 4 qızın adını çəkmişdir:
– Fatimə; anası Ümmi-İshaq bint Təlhə idi.
– Səkinə; anası Rübab bint İmrəülqeys ibn Ədiyy idi.
– Zeynəb, kiçik yaşında ölmüşdür; anası Yezdcürdün qızı Şəhrbanu idi.
– Ümmi-Külsum, kiçik yaşında ölmüşdür; onun da anası Yezdcürdün qızı Şəhrbanu idi.
Göründüyü kimi, bu məlumatlarda ciddi uyğunsuzluqlar mövcuddur. Çünki Şəhrbanu xanım İmam Zeynülabidinin (ə) anası idi və onun İmam Zeynülabidini (ə) dünyaya gətirərkən vəfat etdiyini yazmışlar. İmam Zeynülabidinin (ə) aşura günündə ən azı 22 yaşında olduğunu nəzərə alsaq, Zeynəb və Ümmi-Külsum aşuradan çox-çox əvvəl uşaq yaşında ölmüşdülər (əgər İmam Hüseynin (ə) həqiqətən bu adda qızları olmuşsa).
"Lübab əl-ənsab" kitabı nə qədər ehtirama layiq olsa da, göründüyü kimi, müəllif bu əsərdə mövzuya ciddi surətdə qarışıqlıq gətirmişdir. Müəllifin eyni kitabda öz yazdıqlarını təkzib etməsi buna əsas verir ki, mübahisəli məsələdə ona etimad etməyək.
c) İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının olduğunu və Şam xarabalığında vəfat etdiyini vurğulayanların ən çox istinad etdikləri mənbələrdən biri məşhur şiə alimi Seyyid İbn Tavusun qələmə aldığı "Məlhuf" (və ya "Lühuf") kitabıdır. Həmin kitabın bəzi nüsxələrində İmam Hüseynin (ə) Kərbəlada köç saldıqdan sonra ağlayan qadınları sakitləşdirərkən onları adları ilə çağırdığı yazılıb. Burada Ümmi-Külsum, Zeynəb, Fatimə və Rübabla bir sırada Rüqəyyənin də adı çəkilir (Qum, şəmsi 1378-ci il, səh. 98).
Amma burada bir neçə problem ortaya çıxır. Əvvəla, həmin hadisədə İmam öz Əhli-beytinin qadınlarını çağırarkən, nədənsə, Səkinənin adını çəkmir. Halbuki, Səkinənin varlığı Rüqəyyəyə nisbətən daha qəti və şübhəsizdir. Buna görə tədqiqatçılar ehtimal edirlər ki, müəllif hadisəni nəql edərkən Səkinə ilə Rüqəyyənin adlarını səhv salıb, yəni Rüqəyyə elə Səkinədir.
İkincisi, hətta Rüqəyyənin adı çəkilsə belə, onu İmam Hüseynin (ə) qızı saymağa tutarlı əsas yoxdur. Çünki onun adı İmamın həm bacıları, həm də qızları ilə bir sırada çəkilir. Adı çəkilən Rüqəyyə İmamın qızı da ola bilər, Əhli-beytin başqa bir üzvü də ola bilər.
Üçüncü problem bundadır ki, "Məlhuf" kitabının bəzi nəşrlərində həmin hadisənin təsviri zamanı Rüqəyyənin adına rast gəlmirik. Məsələn, kitabın hicri 1414-cü il Beyrut nəşrində (səh. 50) Rüqəyyənin adı yoxdur. Əqiqi Bəxşayişinin farsca tərcüməsi ilə birlikdə hicri 1378-ci ildə Qum şəhərində çap olunan "Məlhuf" kitabının ərəbcə mətnində "Rüqəyyə" adı çəkilsə də (səh. 98), farsca tərcümədə bu ad gözə dəymir. "Məlhuf"un hicri 1422-ci il Tehran nəşrində Rüqəyyənin adı verilsə də, belə bir şərh yazılıb: "Tarixçilər onun barəsində məlumat verməyiblər. Seyyid Əmin "əl-Ə’yan əl-şiə" kitabında (cild 7, səh. 34) yazır: "Dəməşqin İmarə məhəlləsində ona aid edilən məzar və ziyarətgah vardır. O məzarın doğruluğunu Allah daha yaxşı bilər. Hicri 1323-cü ildə İranın baş naziri Mirzə Əliəsğər xan oranı təmir etdirib" (səh. 141).
Göründüyü kimi, görkəmli alim Seyyid Mühsin Əmin də özünün dünya şöhrətli "Ə’yan əl-şiə" kitabında Dəməşqdəki Rüqəyyə ziyarətgahının doğruluğuna şübhə ilə yanaşmış və bu barədə son sözü Allahın öhdəsinə buraxmışdır.
ç) Rüqəyyənin Şam xarabalığında atasının kəsik başını gördükdən sonra dünyadan köçməsi barədə məlumatlar hicri VII (miladi XIII) əsrdən sonra kitablarda görünməyə başlayır. Bu hadisəni ilk dəfə qeydə alan müəllif Xacə Nəsirəddin Tusinin müasiri olmuş Şeyx İmadəddin Təbəridir (bu, məşhur tarixçi Təbəri deyil). Onun "Kamili-Bəhai" kitabında İmam Hüseynin (ə) 4 yaşlı kiçik qızının olması və Şam xarabalığında atasının kəsik başını gördükdən sonra şəhadətə çatması barədə məlumat verilir (qızın adı çəkilmədən) (hicri 1426-cı il nəşri, 2-ci cild, səh. 235-236). Sonrakı müəlliflər də əhvalatı məhz bu mənbədən nəql ediblər. Məsələn, Şeyx Abbas Qumi "Müntəha-l-amal" və "Nəfəs əl-məhmum" əsərlərində İmam Hüseynin (ə) dörd yaşlı qızının Şam xarabalığındakı müsibətini "Kamili-Bəhai" kitabına istinadən təsvir edir, amma Təbəri kimi o da qızın adını yazmır.
XV əsrdə yaşamış Molla Hüseyn Kaşifi də "Rövzət əl-şühəda" əsərində körpənin adını çəkmədən hadisəni nəql edir. Amma Kaşifinin şəxsiyyəti və "Rövzət əl-şühəda" əsərinin etibarı barədə mənfi rəy mövcuddur; xüsusilə, Şəhid Mütəhhəri bu kitabı və müəllifini ciddi tənqid edib (bax: Şəhid Mütəhhərinin "Həmaseyi-Hüseyni" əsəri).
Burada bəzi qeydləri etməyi lazım bilirik. Əvvəla, Şeyx İmadəddin Təbəri həmin əhvalatı – bir çox başqa əhvalatlar kimi – əhli-sünnədən olan Qasim ibn Mühəmməd Məmuni adlı bir müəllifin Müaviyəni tənqid edən "əl-Haviyə" kitabından nəql etmişdir. İkincisi, Təbəri bu hadisəni nəql edərkən – kitabdakı əksər məlumatlar kimi – yalnız "Haviyə" kitabının adını çəkir, kimlər tərəfindən rəvayət olunduğunu qeyd etmir, heç bir sənəd göstərmir. Bu isə, yazılanın ciddi və mötəbər informasiya kimi qəbul edilməsini mümkünsüz edir.
Üçüncüsü, aşura faciəsindən keçən 600 il ərzində şiə mənbələrində bu hadisəyə kiçik bir işarənin belə, olmaması və ümumiyyətlə, Rüqəyyənin adının çəkilməməsi həqiqətən təəccüblüdür. Halbuki, şiə məzhəbi 600 il ərzində elm və maarif baxımından özünün çiçəklənmə dövrünü yaşamışdı. Əsas hədis mənbələri toplanmış, əqidə mövzusunda dəyərli əsərlər qələmə alınmışdı. Şeyx Səduq və atası, İbn Qovləveyh, Şeyx Küleyni, Şeyx Müfid, Seyyid Mürtəza və Seyyid Rəzi, Şeyxüt-taifə Tusi, İbn İdris Hilli kimi nəhəng alimlər bu zaman kəsimində yaşayıb-yaratmış və özlərindən sonra yüzlərlə cild kitab qoymuşlar. Miladi XIII əsrə kimi yaşamış bir çox nəssabə (əsil-nəsəb alimi), tarixşünas və rical aliminin də dəyərli əsərləri mövcuddur. Bunların heç birində nə Rüqəyyənin adı çəkilir, nə də Şam xarabalığında vəfat etməsinə işarə edilir.
Kərbəla faciəsinin təsvirini əhatə edən və ilkin mənbə olmaq etibarilə böyük əhəmiyyət kəsb edən Təbərinin tarixi, Xarəzminin və Əbu Mixnəfin "Məqtəl"ləri, İbn Ə’səm Kufinin "Fütuh", Seyyid İbn Tavusun "Məlhuf", Şeyx Müfidin "İrşad" kitablarının heç birində Rüqəyyənin öz atasının kəsilmiş başı ilə görüşəndən sonrakı faciəli ölümünə toxunulmur. Kərbəla faciəsinin həm müqəddiməsi, həm gedişatı, həm də nəticələri qədim kitablarda detallı şəkildə qeyd edilib. Bununla belə, 600 il ərzində bütün müəlliflərin Rüqəyyə əhvalatının üzərindən sükutla keçməsi bu məsələyə şübhə ilə yanaşmağa ciddi əsas verir.
"Kamili-Bəhayi"də yazılanlar sırf sənəd baxımından deyil, məna baxımından da ciddi şübhələr doğurur. Rəvayətin əvvəlində deyilir ki, əsirlər karvanında olan qadınlar Kərbəlada baş verən qırğını uşaqlardan gizlədib demişdilər ki, onların ataları uzaq səfərə gediblər (!) Bu sözün nə qədər məntiqsiz olduğu göz qabağındadır. Aşura günündə bütün uşaqlar döyüş meydanında baş verənləri gözləri ilə görmüşdülər. Onlar çadırların qarət olunmasına, analarının qoluna zəncir vurulmasına, şəhər-bəşəhər gəzdirilmələrinə şahid olmuşdular. Yol boyunca şəhidlərin kəsik başları nizələrin ucunda onların yanında aparılmışdı.
İkinci uyğunsuzluq budur ki, rəvayətdə işarə olunduğu kimi, Yezid körpə Rüqəyyənin ağlayıb-sızlamasını necə eşidib narahat olmuşdu? Əsirləri harada saxlayırdılar? Məgər onlar da Yezidlə eyni sarayda qalırdılar? Elə isə, rövzələrdəki Şam xarabalığı məsələsi necə yaranıb? Yezidin əsirləri özü ilə eyni şəraitdə, saray otaqlarında saxlaması məntiqdən kənardır. Əgər əsirlər hansısa xarabalıqda qalmışdılarsa, uşağın ağlamaq səsi sarayın divarlarını keçib Yezidi yatmağa qoymayacaq qədər narahat edə bilməzdi. Hətta əgər əsirlər sarayın zirzəmisində olsaydılar, yenə onların səsi yuxarı qatdakı Yezidə çatmazdı.
d) Rüqəyyə mövzusunda növbəti sübut aşağıdakı hadisədən ibarətdir:
Ayətullah Mirzə Haşim Xorasani (vəfatı hicri 1352-ci il) "Müntəxəb əl-təvarix" kitabında Şeyx Mühəmməd Əli Şami adlı bir alimdən rəvayət edir ki, onun ana tərəfdən babası Seyid İbrahim Dəməşqinin başına belə bir hadisə gəlmişdir:
Seyyid İbrahimin üç qızı var imiş, oğlu yox imiş. Bir gün onun böyük qızı yuxuda Rüqəyyəni görür. Rüqəyyə yuxuda ona deyir ki, atana deyərsən, mənim qəbrim suyun altında qalıb. Qoy atan Şam valisinə xəbər versin, qəbrimi sudan təmizləsinlər. Seyyid İbrahim yuxuya əhəmiyyət vermir. İkinci gecə ortancıl qızı, üçüncü gecə kiçik qızı eyni yuxunu görürlər. Daha sonra özü də yuxuda Rüqəyyəni görür və qızcığaz öz xahişini təkrar edir.
Seyyid İbrahim Şam valisinin yanına gedib yuxunu ona danışır. Vali şiə və sünni alimlərindən bir dəstə ilə Dəməşqdəki Rüqəyyə xanım məqbərəsinə gedir. Açarı onlara göstərib deyir ki, kim məqbərənin qapısının kilidini aça bilsə, məzarı açmaq şərəfi də ona qismət olacaq. Heç kim kilidi aça bilmir, yalnız Seyyid İbrahim bunu bacarır. Məzarı qazıb görürlər ki, balaca bir qız cənazəsi zərrəcə dəyişməmiş halda salamat qalıb. Seyyid İbrahim cənazəni qəbirdən kənara çıxarır və qucağına alıb oturur. Məzarı təmir etməyə başlayırlar. İşlər üç gün davam edir. Bu müddət ərzində Seyyid İbrahim yerindən tərpənmir və cənazəni qucağından yerə qoymur. Yalnız namaz vaxtı cənazəni pak bir yerə qoyub namazını qılır və yenə onu qucağına alır. Onun bərəkətindən Seyyid İbrahim üç gün ərzində yeyib-içməyə ehtiyac duymur, dəstəmazı pozulmur. Qəbri təmir etdikdən sonra cənazəni dəfn edirlər.
Şam valisi baş verənləri Osmanlı sultanı Əbdülhəmidə yazır (Şam vilayəti Osmanlı imperiyasına tabe idi). Sultan Seyyid İbrahimi Şamdakı müqəddəs Əhli-beyt məqbərələrinin, o cümlədən, Rüqəyyə ziyarətgahının mütəvəllisi (rəisi) təyin edir.
Seyyid İbrahim Rüqəyyəni dəfn edərkən onun ruhuna təvəssül edərək Allahdan oğul istəyir və bir müddət sonra (yaşının çox olmasına baxmayaraq) oğlu dünyaya gəlir…
Bu hadisənin təxminən hicri 1280-ci ildə baş verdiyini yazırlar (bax: Hüccətül-İslam vəl-müslimin Şeyx Əli Rəbbani Xalxali. Əl-Seyyidə Rüqəyyə bint əl-İmam əl-Hüseyn, Qum, hicri 1425-ci il, səh. 9-10).
Əvvəla, dinimizə görə, yuxu heç zaman dəlil və hüccət (sübut) sayılmaz. Çünki yuxu vəhmə (xəyala) əsaslanır. Hər hansı bir məsələ digər əqli və nəqli dəlillərlə isbat olmursa, onu yalnız yuxu ilə isbat etmək xurafatdan başqa bir şey deyil. Yəni əgər həqiqətən bu hadisə baş veribsə, məzardakı körpə qız müqəddəs və mübarək şəxsiyyət imiş. Amma onun İmam Hüseynin (ə) qızı Rüqəyyə olması barədə heç bir sübut yoxdur. O qızcığaz hər hansı başqa imamzadə də ola bilər, imamlardan birinin 25-ci nəsildən övladı da ola bilər, heç seyyid olmaya da bilər. Bu cür kəramət üçün mütləq İmam qızı olmaq tələb olunmur…
İkincisi, hadisənin təsvirindəki bir nüans diqqətimizi cəlb etdi. Kitabda hadisənin təxminən hicri 1280-ci ildə və eyni zamanda Osmanlı sultanı Əbdülhəmidn hakimiyyəti dövründə baş verdiyi yazılıb. Hicri 1280-ci il miladi 1863-64-cü illərə uyğundur. Həmin illərdə Osmanlı taxtında sultan Əbdülhəmid deyil, Əbdüləziz əyləşmişdi (1861-76). Sultan I Əbdülhəmid 1774-89-cu, sultan II Əbdülhəmid isə 1876-1909-cu illərdə hakimiyyət sürmüşlər.
Üçüncüsü, bu hadisə həqiqətən deyilən şəkildə baş vermişdisə, onu niyə yalnız Seyyid İbrahimin dilindən bircə kitabda nəql etmişlər? Əgər Şamdakı şiə və sünni alimləri orada iştirak etmiş və hadisəni gözləri ilə görmüşdülərsə, niyə bu xəbəri yaymamış və öz yazılarında qeydə almamışlar? Bu cür mühüm və fövqəltəbii bir hadisənin yalnız bir nəfərdən, özü də yalnız nəvəsi vasitəsilə nəql edilməsi inandırıcı görünmür.
Nəticə budur ki, hətta əgər bu hadisə baş vermişsə (halbuki bu özü də şübhə altındadır), orada dəfn edilən qızın mömin və müqəddəs olması bəlli olur. Amma məhz Rüqəyyə olması yalnız yuxu ilə aşkar olduğu üçün mötəbər deyil. Üstəlik, hətta İmamın qızı olduğunu da ehtimal etsək, yenə sual yaranır: Bu qızın Şam xarabasında atasının başını gördükdən sonra vəfat etdiyini hansı əsasla iddia edə bilərik?
e) İddia edilir ki, Şamda Rüqəyyənin ziyarətgahı ən azı hicri X əsrdən (miladi XVI əsrin ortalarından) mövcud olmuşdur. Çünki misirli şafii alimi Şə’raninin (vəf. 1565-66) kitabında bu barədə məlumata rast gəlirik. Lakin bunu sübuta yetirməyi artıq hesab edirik ki, öz-özlüyündə hər hansı ziyarətgahın mövcudluğu tarixi faktı sübut etmək üçün kifayət deyil. Əgər bir şəxsin mövcudluğu barədə tutarlı fakt yoxdursa, heç bir məzar və ziyarətgah ona tarixi şəxsiyyət statusu verə bilməz.
Bu gün də bütün dünyada yüzlərlə şübhəli, əsassız ziyarətgah mövcuddur. Onların bir çoxu yuxu, ilham vasitəsilə aşkara çıxmışdır, tarix, ənsab, rical, səfər kitablarında onların haqqında heç bir məlumat yoxdur. Elə şəxslər var ki, onların müsəlman Şərqində bir neçə məzar yeri xalq tərəfindən ziyarət edilir. Məsələn, İmam Əlinin (ə) Nəcəfdə dəfn edilməsi məşhur olsa da, Əfqanıstanın Məzari-şərif şəhərində o həzrətə aid edilən böyük bir ziyarətgah kompleksi var. Özü də, Məzari-şərifdəki ziyarətgah 800 il bundan əvvəl, Sultan Səncərin zamanında tikilib. Həzrət Zeynəbə aid edilən bir neçə məzar yeri məlumdur. Hətta bir ölkədə (məsələn, İranda) eyni imamzadəyə nisbət verilən 2-3 məzar yeri tanınır. Elə isə, XVI əsrdə – Kərbəla faciəsindən 900 il sonra hər hansı ziyarətgahın mövcudluğu faktı da öz-özlüyündə heç bir problemi həll edə bilməz.
Bunu qeyd etməyi lazım bilirik ki, Şamdakı Həzrət Rüqəyyə ziyarətgahının mübarək bir məkan olması şübhəsizdir. İnsanlar oranı ziyarət edirlər, onların imanı və ümidi artır, həmin məkanda dini maarif təbliğ edilir, əzadarlıq məclisləri keçirilir. Bütün bunlar bu müqəddəs məkanın hörmətə layiq olduğunu anlamaq üçün kifayətdir. Bu məkanda mütləq hansısa müqəddəs bir şəxs torpağa tapşırılmışdır. Həmin müqəddəs şəxs Əhli-beytin ən yaxın üzvlərindən biri də ola bilər, imamların hansısa birinin 5-ci ya 10-cu nəsildən övladı olan nəcib seyyid qız da ola bilər, hətta onun imamət nəslindən olması da vacib deyil. Amma söhbət iddia edildiyi kimi, İmam Hüseynin (ə) Şam xarabalığında dünyasını dəyişmiş qızı Rüqəyyədən gedir. Fikrimizcə, bu məkanın müqəddəsliyini təbliğ etmək üçün əsaslı sübut olmadan onu İmam Hüseynin (ə) Rüqəyyə adlı qızına aid etmək yanlış addımdır. Tarix dəqiqlik sevir və ona vurulan yamaqları gec-tez özündən uzaqlaşdırır…
4. NİYƏ MƏHZ RÜQƏYYƏ?
Rüqəyyənin əhvalatını təsdiq edənlər unudurlar ki, İmam Hüseynin (ə) kəsik başını görüb ürəyi dözməyən və dünyasını dəyişən qızın adının məhz Rüqəyyə olması da birmənalı dəqiq deyil. Belə ki, bu hadisə – yuxarıda qeyd etdiyimiz kimi – XIII əsrdə "Kamili-Bəhayi" kitabında ilk dəfə ortaya çıxsa da, orada körpə qızcığazın adı qeyd edilmir. Sonrakı mənbələrdə – Molla Hüseyn Kaşifinin "Rövzət əl-şühəda" (XV əsr), Fəxrəddin Türeyhinin "əl-Müntəxəb" (XVII əsr) kitablarında da ad çəkilmir.
XIX əsrdə yaşamış Mühəmməd Hüseyn Ərcistani adlı bir nəfər "Ənvar əl-məcalis" kitabında Şam xarabalığında İmam Hüseynin (ə) Zibeydə adlı 3 yaşlı qızının vəfat etdiyini yazıb (amma atasının kəsik başını gördükdən sonra vəfat etdiyini qeyd etməyib; sadəcə, onun Şam xarabasında atasının ayrılığına dözməyib dünyasını dəyişdiyini yazıb). Həmin kitabın başqa səhifəsində isə müəllif Şam xarabalığında Əhli-beytin acınacaqlı vəziyyətini təsvir edərkən, İmamın qızları Səkinə və Rüqəyyənin adlarını çəkir.
Şeyx Mühəmməd Cavad Yəzdi adlı başqa bir müəllif XIX əsrin sonlarında qələmə aldığı "Şə’şə’ət əl-Hüseyniyyə" kitabında qeyd edir ki, Şam xarabalığında dünyasını dəyişmiş qızcığazın adının Zibeydə ya Rüqəyyə ya Zeynəb ya da Səkinə olması ziddiyyətlidir. Kitabın növbəti səhifələrinin birində həmin qızın adı Fatimə şəklində verilir.
Yalnız hicri 1334-cü (miladi 1916-cı) ildə vəfat etmiş Mühəmməd Əli Şah-əbdüləzimi adlı müəllif "əl-İyqad" ktabında həmin qızcığazın adını qəti olaraq Rüqəyyə şəklində qeyd edir.
Şam xarabalığında vəfat etmiş qızın yaşı barədə də mənbələrin sözü eyni deyil. Bəzi kitablar onun 3 yaşında, bəzi kitablar isə 4 yaşında vəfat etdiyini xəbər verir.
(bax: Mühəmməd Reyşəhri. Mövsuət əl-İmam əl-Hüseyn, Beyrut, hicri 1431-ci il, 1-ci cild, səh. 261-267).
Göründüyü kimi, Şam xarabalığında vəfat etmiş qızcığazın adı kitablarda son 150 il ərzində peyda olmuşdur – özü də ən fərqli şəkillərdə – gah Rüqəyyə, gah Zeynəb, gah da Səkinə formasında! Qızın adının Rüqəyyə olması isə cəmi 150 ildir ki ortaya çıxıb! Aşuradan 1300 il sonra nəhayət ki, qızcığazın adını xatırladılar!
5. ALİMLƏRİN MÜNASİBƏTİ
Rüqəyyə hadisəsinə alimlərin və nəzər sahiblərinin münasibəti fərqlidir. Bu məsələ barəsində fikir bildirənlər 3 dəstəyə bölünürlər: qətiyyətlə müdafiə edənlər, şiddətlə inkar edənlər və şübhə bildirənlər.
Müdafiə edənlərdən bəziləri:
Hüccətül-İslam vəl-müslimin Şeyx Əli Rəbbani Xalxalinin "əl-Seyyidə Rüqəyyə bint əl-İmam əl-Hüseyn" kitabına Ayətullah Seyyid Sadiq Şirazi təqriz (təsdiq) yazmışdır.
Mərhum Ayətullahül-üzma Şeyx Cavad Təbrizi hicri 1381-ci ildə Dəməşqdə xanım Rüqəyyənin məzarını ziyarət etmiş və oradakı söhbətində bu məzarın məşhur olmasını möhkəm dəlil kimi təqdim etmişdir. Ayətullah bildirmişdir ki, bəzi məsələlərdə dəqiq sübuta ehtiyac yoxdur, xalq içində həmin məsələnin məşhur olması kifayət edər (Cəfər Təbrizi. Şəhidlər Ağasının övladı Həzrət Rüqəyyə ilə bağlı tədqiqat və araşdırma, səh. 19-21).
Mərceyi-təqlid Ayətullah Safi Gülpaygani də bir suala cavab olaraq bildirmişdir ki, bəzi məqtəl və tarix kitablarında İmam Hüseynin (ə) bir körpə qızının Şamda dünyasını dəyişməsi öz əksini tapıb. Ayətullah Safi daha sonra Şamdakı ziyarətgahın məşhur olduğunu əsas gətirərək, bu cür məşhur məsələlər üçün əlavə dəlil tələb olunmadığını bildirir.
Həm keçmiş, həm də müasir mərceyi-təqlidlərin bir çoxu xanım Rüqəyyəyə həsr olunan təziyə məclislərinə qatılır, rövzələrə qulaq asır, ağlayır. Onların bu əza məclislərində iştirakı Rüqəyyə mövzusunu təsdiq etmələrinə işarədir.
Məsələyə şübhə ilə yanaşanlar:
"Ə’yan əl-şiə" kitabının müəllifi Seyyid Möhsin Əmin adıçəkilən əsərdə Rüqəyyəyə aid edilən ziyarətgahın səhihliyi barədə şübhəsini gizlətmədən "doğruluğunu Allah bilər" yazır: "Dəməşqin İmarə məhəlləsində ona aid edilən məzar və ziyarətgah vardır. O məzarın doğruluğunu Allah daha yaxşı bilər. Hicri 1323-cü ildə İranın baş naziri Mirzə Əliəsğər xan oranı təmir etdirib" (Ə’yan əl-şiə, Beyrut, 1983-cü il, 7-ci cild, səh. 34).
Tədqiqatçı alim, bir çox dəyərli əsərlərin müəllifi Mühəmməd Reyşəhri 9 cildlik "Mövsuət əl-İmam əl-Hüseyn" kitabında Rüqəyyə barədə geniş bəhs açaraq mövcud məlumatları araşdırmış və ciddi şübhələr ortaya qoymuşdur. Müəllif Şamdakı Həzrət Rüqəyyə ziyarətgahının kəramətlərini nəzərə alaraq, buranın Əhli-beytə məxsus mübarək bir məkan olduğunu etiraf edir. Bununla belə, Rüqəyyə məsələsi ilə bağlı tutarlı sübutların olmadığını da bildirir.
"Fərhənge-aşura" adlı dəyərli əsərdə Cavad Mühəddisi qeyd edir: "Bu qızcığazın özü və şəhadəti barədə tarixçilər arasında fikir birliyi yoxdur" (Qum, hicri 1418-ci il, səh. 185).
Qeyd etdiyimiz kimi "Kamili-Bəhayi" kitabında Rüqəyyənin vəfatı Məmuni adlı əhli-sünnə aliminin "əl-Haviyə" əsərindən nəql edilib. Mühəmməd Baqir Mühəddis Bostanabadi "Aşuradan əvvəl Hüseynin (ə) şəxsiyyəti" adlı əsərində yazır ki, "əl-Haviyə" kitabını böyük kitabxanalarda nə qədər axtardımsa, tapa bilmədim. Axırda məşhur kitabşünas və nəssabə Ayətullah Seyyid Şihabəddin Nəcəfi Mərəşidən bu barədə soruşdum, o da həmin kitab haqqında məlumatı olmadığını söylədi. Daha sonra müəllif yazır: "Bu qızcığaz haqqında mərhum Ayətullah Nəcəfidən yazılı və şifahi şəkildə soruşdum, buyurdu: "Mötəbər mənbələr belə bir qızın mövcudluğu barədə sussa da, bu qədər şöhrət üzündən onu inkar etmək olmaz. Və lakin fi nəfsi şey’un" (Tehran, şəmsi 1380-ci il, səh. 458). Ayətullah Nəcəfi Mərəşinin "və lakin fi nəfsi şey’un" ifadəsini iki mənada başa düşmək olar. Birinci məna budur ki, Rüqəyyə əhvalatının doğruluğu barədə qəlbimdə bir güman (təsdiq) vardır. İkinci məna bu ola bilər ki, bu barədə qəlbimdə şübhə hiss edirəm. Hər bir halda, bu böyük nəssabə və rical alimi Rüqəyyə məsələsi barədə qətiyyətlə söz deməmiş və digər fəqihlər kimi məsələnin xalq içində məşhur olmasını əsas gətirərək, inkar etməkdən çəkinmişdir.
İnkar edənlərdən bəziləri:
Şəhid Mürtəza Mütəhhəri "Həmaseye-Hüseyni" kitabında Kərbəla qiyamının ləfzi (söz) təhriflərindən söz açaraq, Rüqəyyə əhvalatını da bunlara aid edir (Həmaseye-Hüseyni, Tehran, şəmsi 1374-cü il, 3-cü cild, səh. 255).
Nüfuzlu tədqiqatçı alim Seyyid Cəfər Mürtəza Amili bu mövzu ilə bağlı çox geniş araşdırma aparmış, həm təsdiq, həm də inkar edənlərin dəlillərini incələmiş, sonda belə bir nəticəyə gəlmişdir ki, bəzi mənbələrdə adına rast gəldiyimiz Rüqəyyə böyük ehtimalla İmam Hüseynin (ə) bacısı və Müslim ibn Əqilin həyat yoldaşıdır.
(http://www.al-ameli.com/edara/print.php?id=323)
Görkəmli alim, imamların hər birinin "Müsnəd"ini tərtib etmiş mərhum Ayətullah Əzizullah Ütaridi 27 cildlik "Müsnəd əl-əmir əl-möiminin Əbilhəsən Əli ibn Əbitalib" kitabında Həzrət Əlinin (ə) övladlarını sayaraq "Rüqəyyət əl-süğra" başlığı altında yazır: "Şamın Dəməşq şəhərində Seyyidə Rüqəyyə adlı məşhur məqbərə vardır. Camaat deyir ki, bura şəhid İmam Hüseynin (ə) qızı Rüqəyyənin məzarıdır. Məqbərədəki lövhənin üzərində "Rüqəyyə bint Əmir əl-möminin Əli" yazılıb. Zahirən bu şərəfli məzar Əli əleyhissalamın qızı Rüqəyyəyə məxsusdur. Şamda vəfat etmiş və orada dəfn olunmuşdur. Biz qədim şiə alimlərinin və nəsəbşünasların kitablarında İmam Hüseyn əleyhissalamın qızı Rüqəyyə haqqında məlumata rast gəlmədik" (Tehran, şəmsi 1386-cı il, 26-cı cild, səh. 150).
Şeyx Mühəmməd Hadi Yusifi Ğərəvi irihəcmli "Mövsuət əl-tarix əl-İslami" kitabında İmam Hüseynin (ə) yalnız Səkinə və Fatimə adlı iki qızı haqqında mötəbər tarixlərdə məlumat olduğunu yazır və Şamdakı məzarın Rüqəyyə bint Əli ibn Əbitalibə (Müslimin həyat yoldaşına) aid olduğunu iddia edir. Müəllif yazır ki, təxminən 100 il bundan əvvəl həmin məzar açılmış və qəbir daşında onun Rüqəyyə bint Əliyə aid olduğunu təsdiq edən yazı aşkar edilmişdi. Rüqəyyə həm yolun çətinliyindən və ağır şəraitdən, həm də iki oğlunun şəhadətindən üzülərək xəstələnmiş və Şamda dünyasını dəyişmişdir (Şeyx Mühəmməd Hadi Yusifi Ğərəvi. Mövsuət əl-tarix əl-İslami, Qum, hicri 1417-ci il, 6-cı cild, səh. 209).
Müasir alimlərdən Ayətullah Xoşvəxt İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının olduğunu inkar edir.
Mövzunu təsdiq və inkar edənlərin kimliyinə nəzər salaraq deyə bilərik ki, Rüqəyyə mövzusunu qətiyyələ təsdiq edənlərin arasında fəqihlər üstünlük təşkil edir. Bu mövzunu inkar edənlərin əsas hissəsini isə tədqiqatçı alimlər təşkil edir. Əqidə və fiqh məsələlərindən fərqli olaraq, tarix mövzusu təəbbüdi xarakter daşımır və bu mövzuda mərcələrə təqlid etmək məcburiyyətində deyilik. Çünki bu mövzu təqlidə aid deyil. Əksinə, bu kimi məsələlərdə tarix və ənsab alimlərinin, tədqiqatçıların araşdırmaları daha çox diqqətə layiqdir.
Bununla belə, Şamdakı Rüqəyyə məqbərəsinin kəramətlərini nəzərə alaraq, bu ziyarətgaha hörmətlə yanaşmağın vacibliyini qəbul edirik. Ora mübarək məkandır, yəqin ki orada Allahın nəzəri vardır. Həmin məkanda Əhli-beytdən olan mübarək bir şəxsin dəfn edilməsi də mümkündür. Bu mübarək şəxs imamlardan hər hansı birinin bilavasitə və ya 10-cu, 20-ci nəsildən övladı ola bilər. Yaxud heç seyyid olmaya da bilər, bəlkə də mömin bir şəxsin türbəsidir. Bəlkə də torpağın alt qatında başqa bir mübarək şəxsin cənazəsi yatır. Sonralar həmin yerdə hansısa mömin bir şəxsin qızını dəfn ediblər, 150 il bundan əvvəl həmin qəbri açıb, qızcığazın cənazəsi ilə qarşılaşıblar…
Hər bir halda, həmin mübarək məkana hörmətlə yanaşırıq. Amma tarixi məsələlərdə yalan, şübhə və ya güman ola bilməz. Tarix dəqiqlik sevir.
Araşdırma bunu göstərdi ki,
1. İmam Hüseynin (ə) Rüqəyyə adlı qızının ümumiyyətlə mövcudluğu,
2. O qızın Şam xarabasında atasının kəsik başını görüb vəfat etməsi,
3. Şam şəhərindəki məqəbərədə Rüqəyyə bint İmam Hüseynin dəfn olunması
KİFAYƏTƏ QƏDƏR CİDDİ ŞÜBHƏLƏR YARADAN MƏSƏLƏLƏRDİR…
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT SIYAHISI
(bu kitabların hər birinin göstərilən səhifəsi şəxsən mütaliə edilib və yazılanların həmin kitabda olmasına məqalə müəllifi zəmanət verir)
1. Nəssabə Seyyid Şərif Nəcməddin Əbülhəsən Əli ibn Mühəmməd Öməri (hicri V əsr). "Əl-Məcdi fi ənsab əl-Talibiyyin", Qum, hicri 1422-ci il.
2. Nəssabə Seyyid Mühəmməd Veys əl-Heydəri. "Əl-Dürər əl-bəhiyyə fi-l-ənsab əl-Heydəriyyə və-l-Üveysiyyə", Hələb, hicri 1405-ci hicri il.
3. Mühəmməd Tilməsani Bürri (hicri VII əsr). "Əl-Cövhərə fi nəsəb əl-imam Əli və alih", Qum, Ənsariyan nəşriyyatı.
4. Şərif Cəmaləddin Əhməd ibn Ənbə (hicri IX əsr). "Ümdət əl-talib fi nəsəb ali-Əbitalib", Riyaz, hicri 1424-cü il.
5. Sibt ibn Covzi. "Təzkirət əl-xəvass", Tehran nəşri.
6. Nəssabə əllamə Seyyid Fazil Musəvi Səfəvi Xalxalizadə. "Əl-Şəcərət əl-teyyibə", Qum, hicri 1414-cü il.
7. Əllamə nəssabə Seyyid Mehdi Rəcayi Musəvi. "Əl-Muqibun min ali-Əbitalib", Qum, hicri 1428-ci il.
8. Nəssabə Şeyx Əbu Nəsr Səhl ibn Abdullah Buxari (hicri IV əsr). "Sirr əl-silsilət əl-Ələviyyə", Nəcəf, hicri 1381-ci il.
9. Əbdülcavad əl-Kilyədar Ali-Tü’mə. "Məalim ənsab əl-Talibiyyin", Qum, hicri 1422-ci il.
10. Şeyxüt-taifə Tusi. Əl-İrşad, İntişarate-elmiyyeye-islamiyye (2 hissə).
11. Şeyx Əmin əl-islam Təbrisi. İ’lam əl-vəra, Qum, hicri 1417-ci il, 1-ci cild, səh. 478.
12. Şeyx Abbas Qumi. Müntəha-l-amal, şəmsi 1373-cü il (2 hissə).
13. Şeyx Abbas Qumi. Nəfəs əl-məhmum (nəşr ili göstərilməyib).
14. İbn Şəhraşub. Mənaqib Ali Əbitalib, hicri 1421-ci il İran nəşri (5 cild).
15. İbn Səbbağ Maliki. Əl-Füsul əl-mühimmə fi mərifət əhval əl-əimmə, Nəcəf nəşri.
16. Mühibbəddin Təbəri. Zəxair əl-üqba, hicri 1415-ci il nəşri, M.Arnavutun təqdimatı ilə.
17. Şeyx Mühəmməd ibn Əli Səhban. İs’af əl-rağibin (hicri 1362-ci ildə Misirdə Şəbləncinin "Nur əl-əbsar" kitabının haşiyəsində nəşr olunub).
18. Mühəmməd Kazim Yəmani Musəvi. Əl-Nəfhət əl-ənbəriyyə fi ənsab xeyr əl-bəriyyə, Qum, hicri 1419-cu il.
19. Əbülqasim ibn Hüseyn Rezəvi Qumi. Əl-Sadə fi sadət əl-sadə", Qum, hicri 1429-cu il.
20. Hüccətül-İslam vəl-müslimin Şeyx Əli Rəbbani Xalxali. Əl-Seyyidə Rüqəyyə, Qum, hicri 1424-cü il.
21. Cəfər Təbrizi. Şəhidlər Ağasının övladı Həzrət Rüqəyyə ilə bağlı tədqiqat və araşdırma, Qum, hicri 1433-cü il.
22. Qazı Nurullah Şüştəri. İhqaq əl-həqq, Tehran, hicri 1384-cü il.
23. Şeyx Süleyman Qunduzi Hənəfi. Yənabi əl-məvəddə, hicri 1416-cı il İran nəşri (4 cild).
24. İbn Funduq Əbülhəsən Əli ibn Əbülqasim ibn Zeyd Beyhəqi. Lübab əl-ənsab və-l-əlqab və-l-ə’qab, Qum, hicri 1428-ci il.
25. Seyyid ibn Tavus. Məlhuf, Qum, şəmsi 1378-ci il.
26. Seyyid ibn Tavus. Məlhuf, Beyrut, hicri 1414-cü il.
27. Seyyid ibn Tavus. Məlhuf (farsca tərc. Əqiqi Bəxşayişi, Qum, şəmsi 1378-ci il.
28. Seyyid ibn Tavus. Məlhuf, Tehran, hicri 1422-ci il.
29. Seyyid Möhsin Əmin. Ə’yan əl-şiə, Beyrut, 1983-cü il (11 cild).
30. Şeyx İmadəddin Təbəri. Kamil əl-Bəhayi, hicri 1426-cı il nəşri (2 cild).
31. Mühəmməd Reyşəhri. Mövsuət əl-İmam əl-Hüseyn, Beyrut, hicri 1431-ci il (9 cild).
32. Şəhid Mürtəza Mütəhhəri. Həmaseye-Hüseyni, Tehran, şəmsi 1374-cü il (3 cild).
33. Seyyid Cəfər Mürtəza Amilinin geniş araşdırması.
(http://www.al-ameli.com/edara/print.php?id=323)
34. Ayətullah Əzizullah Ütaridi. Müsnəd əl-əmir əl-möminin Əbilhəsən Əli ibn Əbitalib, Tehran, şəmsi 1386-cı il (27 cild).
35. Şeyx Mühəmməd Hadi Yusifi Ğərəvi. Mövsuət əl-tarix əl-İslami, Qum, hicri 1417-ci il.
36. Cavad Mühəddisi. Fərhənge-aşura, Qum, hicri 1418-ci il.
37. Mühəmməd Baqir Mühəddis Bostanabadi. Aşuradan əvvəl Hüseynin (ə) şəxsiyyəti, Tehran, şəmsi 1380-ci il.
Natiq Rəhimov – İlahiyyatçı, Araşdırmaçı.