22 Noyabr 2024 - 22
Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni məzhəbinin “yeddi fəqih”indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki, böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şəri məsələlər) rəvayət etmişlər. Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı.
Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.” Yaxud: “Məkhula dedilər ki, indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.” Bununla belə, Zühri İmam Səccadın (ə) elm, zöhd, təqva əzmətinin heyranı, o həzrətin mənəvi məqamının vurğunu idi. Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyndan (ə) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyndin. Zühri hər vaxt İmam Səccaddan söhbət etsəydi, ağlayardı və o həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi. O, İmam Səccadın elmindən çoxlu istifadə etmiş, ondan çoxlu hədis nəql etmişdir. Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o, bir nəfəri cəzalandırmış, həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: “Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.” Bir gün İmam Səccad (ə) Zührini görüb buyurdu: “Sənin (Allah rəhmətindən) məyus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər, özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O, sonralar deyirdi: “Əli ibn Hüseynə hamıdan çox mən borcluyam.”
Həmçinin Zühri İmam Səccadın hüzurunda şagirdlik edib, məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bəziləri onu şiə və İmam Səccadın dostlarından bilmiş və bunun üçün bəzi sübutları şahid gətirmişlər. Bəziləri isə, onu imamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. “Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki, Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş, ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccadın şagird və dostları sırasına qoşulmuşdur. Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki, Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccadla əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bəzi vaxtlar ona tənə edərək “sənin Peyğəmbərin İmam Səccad (ə) nə edir?” deməsi bu dövrə aiddir. İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.
İbn Əbil Hədid Zührini Əlinin (ə) müxaliflərindən biri hesab edərək yazır: “Bir gün İmam Səccad (ə) eşitdi ki, Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub həzrət Əli (ə) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (ə) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı. Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maaddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş təyin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə, Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu.
İbn Səd yazır: “Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur. Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O, Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid, Süleyman, Yezid, Hişamın sarayında, eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə təyin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş, hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi təyin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Hişam onun səksən min dirhəm borcunu ödəmişdi. İbn Səd yazır: “Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.” Süfyan ibn Üyeynədən rəvayət olunur ki, hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı. Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki, ömrünün sonlarında ona dedilər: “Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın, Peyğəmbər məscidində sütunların birinin kənarında oturub, biz də sənin dövrəndə yığışaydıq, sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki, əgər belə iş tutsam, dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki, mən dünyadan əl çəkib Axirətdən yapışam.
Zalım xəlifələrin saray alimlərinə ehtiyacı var idi. Zalım və qeyri-İslami hakimlərin İslam əqidəsində olan şəxslər üzərində öz hakimiyyətlərini möhkəmlətmək üçün camaatın fikrində öz gördükləri işlərə nisbət qəlbən şəri etiqad yaratmaqdan başqa çarələri yox idi. Çünki o dövrdə hələ İslamın ilkin çağlarından bir o qədər də vaxt ötməmiş və camaatın İslama olan əlaqəsi hələ öz möhkəmliyini qoruyub saxlayırdı. Əgər camaat xəlifələrə etdiyi beyətin düzgün olmadığını və xilafət kürsüsündə oturan xəlifələrin Peyğəmbər canişini olmalarına layiq olmadıqlarını bilsəydi, şübhəsiz ki, onlara boyun əyməzdi. Düzdür, bu həqiqəti bütün camaat barədə qəbul etməsək də, ancaq o dövrün İslam cəmiyyəti arasında çoxları xəlifələrin qeyri-İslami hakimiyyətini qəlb imanı üzündən qəbul etmişdilər. Yəni, belə fikirləşirdilər ki, bu hakimiyyət İslami hakimiyyətdir. Elə buna görə də, zalım hakimlər öz hökumətlərini şəri hökumət kimi qələmə vermək üçün hədisçi və din alimlərini öz saraylarına cəlb etməyə çalışırdılar. Bu yolla xəlifələr onları Peyğəmbərin, yaxud da o Həzrətin ən yaxın səhabələrinin dilindən (yalançı) hədis söyləməyə məcbur edir, bununla da, cəmiyyətdə onların hökumətinin şəri qələmə verilməsi üçün fikirlərdə münasib zəmin yaranırdı. Buna əsaslanaraq deyə ilərik ki, Əməvi xəlifələrinin Zührini özlərinə tərəf cəlb etməkdən məqsədləri onun dini mövqeyindən istifadə etmək idi. Zühri də can-başla özünü onlara həsr etdi, onlar üçün kitab yazdı, hədislər söylədi. Bununla da, onların çirkin məqsədlərinə böyük kömək etdi.
Müəmmər adlı bir şəxs deyir: “Biz elə bilirdik ki, Zühridən çox hədis söyləmişik. Vəlid ibn Əbdülməlik öldürüldükdən sonra gördük ki, dəftərlərlə yüklənmiş heyvanları onun xəzinəsindən çıxara-çıxara deyirlər: “Bu, Zührinin elmidir.” Bu o deməkdir ki, Zühri Vəlidin göstərişi ilə o qədər kitab-dəftər və hədis yazıb doldurub ki, onları Vəlidin xəzinəsindən çıxararkən məcbur olub heyvanlara yükləyiblər. Zührinin özü deyir: “Əvvəllər mənim elmi kağız üzərinə yazmaqdan xoşum gəlmirdi. Axırda hakim və xəlifələr məni elmi yazmağa (onu kitab halına salmağa) məcbur etdilər. Sonra mən belə fikirləşdim ki, heç bir müsəlmanı bu işdən çəkindirmək olmaz. (Qoy elm və bilik həmişə yazılsın.)” İbn Kəsir yazır: “Zührini (yalançı) hədis yazmağa məcbur edən şəxs Hişam ibn Əbdülməlik olmuşdur. Zühri kitab yazan gündən sonra camaat da hədisləri yazmağa başladı.” Bir gün Hişam ibn Əbdülməlik Zühriyə dedi ki, onun uşaqlarına hədis öyrətsin. Bu zaman Zühri bir hədisyazan çağırtdırıb ona dörd yüz hədis dedi, o da yazdı. 3-cü Ömər ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: “Hədis yazıb söyləməkdə Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs qalmamışdır.” İndi gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki, bu dəftərlərdə bir dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis yoxdur. Əksinə, bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə bəraət qazandırır, bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə aparan rəqiblərinin, yəni, Bəni-Haşimin parlaq mövqeyini zəiflədir. Aşağıda qeyd olunan tarixi sənəddən çox gözəl məlum olur ki, Hişam ibn Əbdülməliki hədis və rəvayətlə bağlı hansı mövzular daha çox maraqlandırırmış.
Hişam Əməşə yazdığı məktubunda ona belə müraciət etmişdir: “Mənə Osmanın fəzilətli və Əlinin pis və nalayiq işlərindən yaz göndər.” Əməş məktubu alandan sonra onu kənarındakı qoyuna verdi və qoyun da onu çeynədi. Sonra üzünü qasidə tutub dedi: “Bu da sənin cavabın!” Qasid vahimə içində ətrafındakıların fikrini özünə cəlb edərək dedi: “Axı Hişam and içib ki, əgər əliboş qayıtsam məni öldürəcək!” Bundan sonra Əməş məktubu “Bismillahir-rəhmanir-rəhim”lə başlayaraq belə yazdı: “Əgər yer üzünün insanlarının bütün yaxşı əməlləri Osmanın olsa belə sənə bir xeyiri yetişməyəcək və əgər onların bütün pislikləri də Əlinin olsa sənə bir zərəri dəyməyəcək. Sən öz qeydinə qal, vəssalam!”
Mehdi Pişvayi (Ardı var...)