23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseyn ali dəyərləri təmsil edir və ali dəyərlərdən ötrü qiyam etdi
01.02.2019

Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, nə Peyğəmbərin, nə də digər imamların heç birinin sonluğu belə faciə ilə, dram ilə bitməyib. İmam Hüseynin faciəsi ən dəhşətlisidir. Nə Peyğəmbərin, nə də digər imamların başına belə müsibət gətirilməyib və ölümündən sonra da üzərində at çapılmayıb. Yaxınları, əzizləri bu şəkildə əsir götürülməyib. Heç birində bu yoxdur. Bu cəhətdən belə bir faciəyə ehtiram göstərmək və hər il bunu yaşatmaq bir müsəlman kimi bizim borcumuzdur.

İkinci tərəfdən məsələ heç də matəmi yaşatmaqdan ibarət deyil. Orada bir hərəkat var. Əzadarlıq mərasimlərinin Məhərrəmliyin əvvəlindən başlayıb Aşuraya qədər davam etməsi bunu göstərir ki, məsələ heç də matəm ilə bitmir. Matəm bunun görünən tərəfidir. Bunun alt-qatında böyük bir hərəkat var, böyük bir dəyəri yaşatmaq var, ideologiyanın təbliği var.

İmam Hüseyn Mədinədə hərəkata başlamazdan əvvəl, beyətdən boyun qaçıranda Peyğəmbərin qəbrinə gəldi, orada Peyğəmbərlə danışdı, dərdləşdi, qiyam qaldıracağı ilə bağlı Peyğəmbərə öz dərdlərini dedi.

Sonra gəlib Mədinədə Ərəfə çölündə mindən çox səhabənin iştirak etdiyi toplantıda mövcud vəziyyətdən danışdı, Peyğəmbərdən sonra İslamın başına gətirilən müsibətlərdən danışdı və müsəlmanın belə bir vəziyyətdə missiyasının nə olduğunu açıqladı. Müsəlmanlar belə bir vəziyyətdə nə etməlidirlər, bu barədə insanlar üçün danışdı.

Heç kimi heç nəyə məcbur etmədi. Sadəcə olaraq insanları müstəqil şəkildə öz ağlı, düşüncəsi, dərrakəsi ilə baş-başa qoydu. Seçim insanların öz əlində idi. Bu hərəkatın özünün böyüklüyü və əzəməti idi. 10 gün ərzində hər mənzil başına çatanda, fürsət düşdükdə, İmam Hüseyn xütbələr etdi, çıxışlar etdi.

Biz bu xütbə və çıxışlara baxanda görürük ki, imam əslində çox ali dəyərləri təmsil edir və elə ali dəyərlərdən ötrü qiyama qalxıb.

Famil Burxanoğlu