22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Zührinin saxta hədisləri və İmam Səccada yalan nisbəti
04.02.2019

Zühri Bəni-Üməyyənin xeyrinə onların küframiz siyasətlərinə bəhanə gətirmək üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin nəzərinizə çatdırırıq: Zühri Peyğəmbərə (s) nisbət verib deyir ki, (guya) Peyğəmbər (s) buyurmuşdur: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim (Mədinə şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa (Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kəbə) hökmündədir.”

Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim, Əbu Davud və Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram, mənim məscidim və Məscidül-əqsa.” Bu üç hədisçinin heç biri bu hədisdə “Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər. Məlum olur ki, bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə, Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə qalmalı olur, bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki, nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik dedi: “İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki, “ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim və Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir və Peyğəmbərin merac gecəsi ayağını üzərinə qoyduğu daş da Kəbənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı, oradan ipək pərdələr asıldı, oraya xadimlər təyin edildi. Beləliklə, camaat oranı təvaf etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti dövründə davam etmişdir.

Beləliklə də, məlum olur ki, Zührinin bu hədisin axırına özündən əlavə etməsindən məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kəbə ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin mövqeyinin möhkəmlənməsi üçün çalışırdı.

Həmçinin, Zühri guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccadın (ə) İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o həzrəti belə xatırlayırdı: “Əli ibn Hüseyn (ə) (İmam Səccad) öz ailəsinin ən mülayim adamı, Mərvan və Əbdülməlikə nisbət isə ən itaətkar və ən sevimli şəxsdir.” Halbuki, Mərvan ailəsinin Əlinin (ə) ailəsi ilə olan düşmənçiliyi heç kəsə gizli deyil və Əlinin (ə) ailəsinin də Mərvan ailəsinə olan nifrəti hamıya məlumdur. Buna görə də, heç kim İmam Səccadın (ə) Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz.

Zühri Aişənin dilindən rəvayət edərək deyir: “Bir gün Peyğəmbərin (s) yanında idim. Bu zaman gördüm ki, Abbas ilə Əli gəlirlər. Peyğəmbər (s) buyurdu: “Aişə, bu iki nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər.” Məlum məsələdir ki, bu hədis həzrət Əlinin (ə) əzəmətli və parlaq mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur. Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki, Zühri bu hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir, hamı da Aişənin həzrət Əliyə (ə) qarşı nə qədər kin-küdurət bəslədiyini yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki, Ürvə ibn Zübeyr də Müaviyənin Əbu Hüreyrə, Əmr ibn As və Müğeyrə ibn Şübə kimi Əlinin (ə) əleyhinə hədis düzəldənlərindən olmuşdur.

Mehdi Pişvayi