22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşuranın çatdırdığı Qədir-Xum mesajları
07.02.2019

İmam Hüseynin (ə) Kərbəlada qəhrəmanlığı sayəsində İslamın yaşaması, dinin kamil halda qalması – Qədir-Xumla bir vücudi tədayilik yaradır. Burada dərin bir assosiativ rabitə vardır. Yada salsaq, dinin kamilləşməsi ilə bağlı konseptual yanaşmalar əslində Qədir-Xum fenomeninə aid edilmişdir. İslam nə zaman ən kamil hala gəlib çatır? Nə zaman Rəbbimiz Quranda buyurur ki, “bu gün dini sizlər üçün kamala çatdırdım”? Bir məsələlər var ki, əgər onlar olmasa, din kamala çatmır. Nəsə bir mövzu var ki, əziz Peyğəmbərimiz (s) onu deyəndə, Rəbbimiz dini kamala çatdırır, nemətləri tamamlayır, İslamı insanlıq üçün razı olduğu bir din halına gətirir. Belə başa düşülür ki, Aşura növbəti dəfə Qədir-Xumun mesajını əməli surətdə topluma çatdırmadır.

Aşura bir İlahi sığortalamadır ki, insanlar əbədi olaraq bu məsələdən azmasınlar. Qədir-Xumda bir mühüm mesaj var idi. O da bu idi ki, Peyğəmbərdən (s) sonra yerlə göyün əlaqəsi bitmir, insanlar özbaşına qalmır. Necə ki, həzrət Peyğəmbər (s) insanlar üçün Allah tərəfindən hüccət idi, insanlar onunla olduğu halda səma ilə bağlantı olacaqdı və Peyğəmbər (s) özündən əvvəlki yüz iyirmi dörd min peyğəmbərin (ə) missiyasını yerinə yetirib yekunlaşdırırdı, Peyğəmbərdən (s) sonra bu davamiyyət imamlara keçir. Mesaj budur ki, əgər onlarla məsum 12 imam ilə mübarək bağlantını itirməsək, mövcud olacağıq. Müqəddəs Kitabımız olan Qurani-Kərim açıq-aşkar bildirir ki, əgər Peyğəmbərimizdən (s) sonra İmam Əlinin (ə) ümmətə İlahi rəhbərliyi ilə bağlı bu çatdırış səsləndirilməsə, insanlar bununla bağlı dəqiq və birmənalı məlumatlandırılmasa, din kamala çatmır. Həzrət Peyğəmbərə (s) bildirilir ki, bu çatdırış olmasa, Peyğəmbər (s) öz nübuvvət risalətini, Allah-Təala tərəfindən vəzifələndirilmiş elçiliyini tamam etməmiş olur. Namaz, oruc, bütün digər İslami işlər yarımçıq qalır. Bu qədər şəhid verilir, bu qədər müsibətlər olur, Peyğəmbərin (s) başına min cür müsibət gətirilir, üzünə daş vurulur – bütün bunlar yarımçıq qala bilər. Qədir-Xumda bir mühüm çatdırışla din kamala çatır.İlahi imamətin davamlılığının elanı ilə İslam dini mövcudiyyətini gerçəkdə tapmış olur və davamiyyəti bərpa edilir. İnanclılıq və dindarlıq İlahi imamların ətəyindən yapışmaqla kamala çata bilər və bəyənilmiş hala gələ bilər. Lənətlik Yezidin dövründə bunu kökündən kəsmək istəyirdilər. Daha bir pəncərə, bir nəfəslik də qoymaq istəmirdilər ki, insanların ən pis şəraitdə də belə İlahi hüccətin ətəyindən yapışmaq imkanı olsun. Onlar bunu kökündən yığışdırmaq istəyirdilər. İslamın cövhərini, mahiyyətini aradan aparmaq istəyirdilər.

Aşuranın müsibəti Qədir-Xuma qayıdır Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə, həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, ədalətli İlahi rəhbər olduğunu görəndə öz beyətlərini sındırırlar. Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetirməsi olan həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbəttə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görürlər ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənarda saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımamışdılar. Əgər həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə oturmasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) imam kimi tanıyıb ətəyindən yapışsaydılar, İlahi hüccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı. Qədir-Xumun verdiyi acı dərs budur. Aşuranın müsibəti Qədir-Xuma qayıdır. Aşurada müsibət var. Lakin, bundan heç də kiçik olmayan müsibət Qədir-Xumun müsibətidir. İmam Əlidən (ə) sonrakı İlahi hüccət Шmam Həsənlə (ə) bağlı da eyni vəziyyət yaşanır. Deyirlər, “İmam Həsən (ə) bir söz deyir, Müaviyə (lən) başqa bir söz deyir. Biri səhv deyir, biri isə düz deyir. Nəhayətdə, biri bir savab qazanır, digəri iki savab qazanır”. Bax belə, İlahi rəhbəri hansısa cani ilə müqayisə edirlər. İmam Həsəni (ə) İlahi hüccət kimi qəbul edən heç zaman belə bir müqayisə etməyə cəsarət etməz. Bunün özü də növbəti böyük bir müsibətdir.

İlqar İbrahimoğlu