25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Aşura hadisəsinin tarixçəsi
09.02.2019

Peyğəmbərin (s) zühuru və həyatı dövründə məcburiyyət üzündən, müxtəlif səbəblərə görə zahirdə müsəlman olub, İslam dinini qəbul edənlər çox idi. Bu barədə Quranda ayələr də mövcuddur. Hətta “Münafiqlər” adlı surə də nazil olmuşdur. Onlar zahirdə iman gətirər, batində isə yalan danışarlar. Hətta imanlarının izharı üçün and da içərlər.

Qurani-Kərimin digər surələrində də müsəlmanlar arasında belə insanların olduğu və onların qəlbən iman gətirmədiklərinə işarə edilir. Quran hətta bəzi yerlərdə zəif imanlıları, imanında süst olanları da bu dəstədən hesab edir. Məsələn, bir yerdə onlar haqqında belə buyurur: “Münafiqlərin sifətlərindən biri də namazda könülsüz iştirak etmələridir. Məsciddə namaz qılarlar, amma ibadət zamanı çox halsız və süst olarlar. Riyakarlıq üzündən namaza durar, lakin qəlblərində Allaha diqqət etməzlər”. Hər halda bu ayədən görünür ki, müəyyən qədər də olsa, qəlblərində Allaha diqqət olubdur.

Quranda imanları kifayət qədər yetərli olmayanlar, zəif imanlıların da münafiqlər dəstəsindən olduğuna dəlalət edən bir çox dəlillər mövcuddur. Əlbəttə, məqsədimiz bu ayələri araşdırmaq deyildir.

Onlardan bir dəstəsi Məkkə fəth edildikdən sonra müsəlman olmuşdular. Peyğəmbərlə uzun müddət düşmənçilik edib kin-küdurət saxlamalarına baxmayaraq, o həzrət öz məhəbbət əlini onların başlarına çəkir, onları “tuləqa”, yəni azad olunmuşlar adlandırırdı. Bəni-Üməyyə tayfasının əksəriyyəti də bu dəstədəndirlər. Sonradan müsəlmanlara qaynayıb-qarışmış, əlaqə yaradıb, qız alıb, qız vermişdilər.

Amma əksəriyyətinin doğru-düzgün imanı yox idi. İmansızlıqları bir tərəfə, qəlblərində Peyğəmbərə nifrət hissi bəsləyir ona paxıllıq edirdilər. Bunların bəziləri Qüreyş tayfasından idilər. Əlbəttə, adlarını çəkmədiyim üçün məni üzürlü hesab edin. Dediklərimi təsdiq edəcək çoxlu sənədlər vardır ki, Peyğəmbərin adı azanda çəkiləndə, o adamlar narahat olurdular.

Qüreyş qəbiləsi arasında bir-birinə çox yaxın olan iki tayfa var idi; onlar əmioğlu kimi idilər. Peyğəmbər haqqında isə belə deyirdilər: “Bu əmioğluna baxın siz; yetimin biri idi, kasıb ailədə böyümüşdü, indi iş o yerə çatıb ki, adını Allahın adının yanında çəkirlər”. Bu məsələdən çox narahat olurdular. Nə isə...

Bunlardan bəziləri Peyğəmbərin vəfatından sonra 25 il müddətində İslam cəmiyyətində müxtəlif böyük vəzifə və məqamlara yiyələndilər. Nəhayət, növbə Əlinin xilafət dövrünə çatdı. Bildiyimiz kimi, Əli zahiri hökumətə yetişməzdən əvvəl Müaviyə Şamda ikinci xəlifə tərəfindən oraya rəhbər təyin olunmuşdu. Necə deyərlər, Şamın icra hakimi və ya valisi idi. Üçüncü xəlifənin də zamanında öz hakimiyyətində qalmış, hətta üçüncü xəlifə ilə qohumluq əlaqələrinə görə əlavə səlahiyyətlər də almışdı. Buna görə də Müaviyə Şamda özü üçün yeni bir icra aparatı qurmuşdu.

Şam Mədinədən xeyli aralı idi və Rum ölkəsi sərhədlərində yerləşirdi. Özü də qismən Rumun nüfuz dairəsində idi. Şam əhalisi fəthlərdən sonra islamı qəbul etmişdi və bir növ yeni müsəlman sayılırdılar. Rabitələri də rumlularla idi və bir-birləri ilə sıx iqtisadi əlaqələri var idi. Şam camaatı yerləşdikləri coğrafi məntəqədən və on illərlə onlara hakimiyyət etmiş hakim rejimin təsirindən asılı olaraq, İslam maarifini yetərincə mənimsəyə bilməmişdilər. Müaviyə isə onların İslamı dərindən öyrənib, hökmlərin icra edilməsində maraqlı deyildi. Onun yeganə məqsədi hakimiyyət əldə edib, səltənətdə qalmaq idi. Ümmətin imanlı olub-olmaması onu bir o qədər də maraqlandırmırdı.

Nəhayət, Əli xilafətə çatdıqdan sonra Müaviyə Osmanın qətlini bəhanə edərək, Əliyə qarşı üsyana başladı. Mən bütün baş vermiş hadisələri təfsilatı ilə danışmaq deyil, sadəcə mühüm nöqtələri göstərməklə, tarixin keçid mərhələlərinə işarə etmək istərdim. Müaviyə bir müddət Əli ilə müharibə şəraitində öz qanunsuz hakimiyyətini davam etdirdi. Nəhayət, Əmr Asın, İslamdan qabaq Qüreyş qəbiləsinin böyükləri olan digər qohum-əqrəbasının, dostlarının və müxtəlif hiylələrin yardımı ilə həlledici savaş olan Süffeyn müharibəsini Əlinin zərəri hesabına xitam verdi.

Həmin savaşda "həkəmiyyət" məsələsi meydana çıxdı və müharibə danışıqlar yolu ilə həll olundu. İki tərəf arasında təyin olunmuş hakim məharətlə aldadıldı və xilafət Müaviyəyə verildi. Nəhayət, Əmirəl-möminin Əli xəvaricin əli ilə şəhid edildi.

O həzrətdən sonra növbə imam Həsənə çatır. İmam Həsən də bir müddət Əlinin başladığı mübarizəni davam etdirdi. Müaviyə müxtəlif üsullardan istifadə edərək, İmam Həsəni məcburi sülh danışıqlarına vadar etdi.

Tarixin bu anından yavaş-yavaş Kərbəla hadisəsinə yaxınlaşırıq. Bundan sonra Müaviyənin hakimiyyətini əldə saxlamaq üçün çəkdiyi planlar olduqca məharətlidir. Əgər o zamanın bacarıqlı siyasətçilərinin adını çəkmək istəsək, deməliyik ki, şeytani siyasətdə Müaviyə birinci olacaqdır. Əlbəttə, bu təhlili bir araşdırmadır. Bu məsələni tarixi baxımdan geniş şərh etmək üçün mötəbər mənbələr və sənədlər araşdırılmalıdır. Lakin bu vaxta qədər aparılan təhlillər bunu göstərir ki, Müaviyə öz hökumətinin qorunub-saxlanılması üçün bu işin xeyrinə olan bütün üsullardan istifadə edirdi. Onların hökuməti "xilafət" adlanırdı. Amma həqiqətdə rumda və farsda olduğu kimi, şahlıq üsul-idarəsi idi. Həqiqətdə onların arzusu krallıq, imperatorluq etməkdən ibarət idi. Onlar hökumətlərinin davamı üçün yaşadıqları cəmiyyətin imkan verdiyi bütün şəraitlərdən istifadə edirdilər.

Mizbah Yəzdi