24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Bizim dövrümüzlə İmam Hüseyn dövrünün oxşarlığı
14.02.2019

Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin İmam Hüseynin (ə) başına gətirdikləri işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseynin qatilləri öz əmioğlanları idi. Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər.

Müaviyə hakimiyyətə gəldikdə, xalqın səviyyəsi də aşağı idi. Necə deyərlər, iki ulağın arpasını bölə bilmirdilər. Müaviyə bəzən bu xalqın nadanlıq və ya “itaətkar”lığını sübuta yetirmək üçün cümə namazını çərşənbə günü qılır, heç kəs də ona etiraz etmirdi. Hətta Əməvi xəlifələrindən biri kefli halda camaat namazına durub, sübh namazını iki rəkət əvəzinə dörd rəkət qılmışdı; ona sübh namazının iki rəkət olduğunu söyləyəndə, belə demişdi: “Bu gün kefim kökdür, istəyirsiniz bir-iki rəkət də artıq qılım”. O zamanlar İslam düşmənləri bu cür avam kütlə üzərində hakimiyyət edirdilər. İndiki zamanda cavanları belə asanlıqla aldatmaq olmaz. Amma müasir dövrdə düşmənlərin hiylələri də insanların səviyyəsinə mütənasib şəkildə artmışdır. Siz hətta İslamdan qabaqkı cahiliyyət dövrünə də nəzər salsanız görərsiniz ki, ərəblər arasında Hərmələdən daha rəhimsiz adam tapmaq olmaz. Son nəfəslərini yaşayan altı aylıq bir körpəni boğazından zəhərli oxla vuran belə yırtıcı harada tapmaq olar? İslamdan qabaq bu həddə qədər adam var idi? Mən inanmıram İslamdan qabaq törədilən vəhşiliklər arasında bundan alçaq bir hərəkət olsun. İslamın zühur və inkişafından sonra Yezid, Şimr və Hərmələ kimi şeytanlar meydana çıxaraq, İslam əleyhinə mübarizəyə başladılar. Çox qəribədir, Quran nazil olmağı ilə bir tərəfdən möminlər hidayət olunur, digər tərəfdən də zalımların zülm, küfr və azğınlığı daha da artırdı. Yağış suyunun təsiri də belədir. Bir yerdə xoş ətirli gözəl güllər bitirir, digər yerdə zəhərli ot və tikanlara can verib, qüvvətləndirir. İslam cəmiyyətində bir tərəfdən Salmanlar, Əbuzərlər, Əmmarlar, Meysəm Təmmarlar, Səid ibn Cübeyrlər kimi xalis möminlər yetişir. Elə kəslər ortaya çıxır ki, Aşura gecəsi deyirlər: “Bizi əgər yetmiş dəfə qanımıza qəltan edib yenidən diriltsələr, yenə də sənin bayrağın altında şəhid olmağı arzu edərik”. Digər tərəfdən də rəhimsiz və azğınlar baş qaldırır. Elələri tapılır ki, İlahi hidayəti ayaqlar altına salır, Allahın rəhmətindən üz döndərir, get-gedə azğınlaşıb, daha da qəddarlaşırlar.

Mizbah Yəzdi